Bəzi avtomobillərdə xüsusi səs siqnallarından istifadə olunur. Bir çox hallarda bu cihazların maşınlarda istifadəsi digər sürücülər üçün çaşqınlıq və qəza şəraiti yaradır. Avtomobil aksesuarları ilə bağlı fəaliyyət göstərən satış nöqtələrində bu aparatların satışı olduqca geniş yayılıb. Səbəb isə bu avadanlığın satışının qadağan olunmaması ilə bağlıdır. Lakin xüsusi səs siqnallarının maşınlarda istifadəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunub.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərlibu cihazdan hansı növ avtomobillərin istifadə edə biləcəyini açıqlayıb:
“Yol hərəkəti haqqınd”a Qanunda hansı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri olması ilə bağlı dəqiq məlumat verilib. Bu “Yol Hərəkəti haqqında” Qanunun ümumi hissəsinin 1-ci maddəsinin 20-ci bəndində göstərilib. Həmin maddədə qeyd olunur ki, polis, yanğınsöndürən, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarını yerinə yetirən avtomobillər, təcili tibbi yardım və inkassasiya və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi, milli operatora məxsus olan poçtun daşınmasına istifadə olunan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələridir”.
Araz Əsgərli həmçinin xüsusi səs siqnallarının avtomobillərdə aşkar olunmasının hansı məsuliyyətə səbəb olması ilə bağlı məlumat verib:
“Onları operativ və xüsusi nəqliyyat vasitəsi edən elə məhz onların xüsusi səs siqnalları və sayrışan işıqlarla təchiz olunması və üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanlarının olmasıdır. Bu qəbildən olan nəqliyyat vasitələrinin istifadə olunması ilə bağlı hüquq və vəzifələr isə “Yol hərəkəti haaqqında” Qanunun 74-cü maddəsində nəzərdə tutulub. Yuxarıda sadalanan nəqliyyat vasitələri xaricində hər hansısa avtomobildə xüsusi səs siqnalları və sayrışan işıqların istifadəsi İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən 500 manatdan 800 manata qədər cərimənin tətbiq olunması məsuliyyət nəzərdə tutur və həmin avadanlıq müsadirə edilməsini tələb edir”.
www.yenicag.az