!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu taktika rus turistləri Azərbaycana gətirəcək - Qış turizmi üçün sürpriz qərarlar

!Reklam – Yazi

Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev “news.ru” saytına verdiyi müsahibədə Bakı və Moskvanın Azərbaycana gələn rus turistlərin səfərlərini sadələşdirmək üçün danışıqlar apardıqlarını söyləyib. Nağıyev, xüsusilə, Rusiyanın müəyyən bölgələrinin sakinlərinin daxili Rusiya pasportu ilə Azərbaycana gələ biləcəyini qeyd edib.

Yenicag.az xəbər verir ki, ümumiyyətlə, Azərbaycana gələn turistlərin sayında Rusiya birinci yerdədir.

Rusiyalı turistlərin sayını artırmaq, Azərbaycanı onlar üçün cəlbedici etmək üçün isə müxtəlif işlər görülür. Bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün “Aqrar-sənaye Kompleksi üzrə Əməkdaşlıq Proqramı”nın imzalanması planlaşdırılır. Təbii ki, əməkdaşlığın daha bir istiqaməti turizmdir. Hər halda hər iki dövlət turizm sahəsindəki əməkdaşlıqda maraqlı görünür.

Daxili Rusiya pasportlarından istifadə edərək rusların Azərbaycana daxil olması təbii ki, turist axınına təkan verəcək. Nəticədə isə Azərbaycan tərəfi bu işdən qazanclı çıxacaq.

Əldə edilən məlumata görə, Azərbaycan vətəndaşları üçün də şəxsiyyət vəsiqəsi ilə Rusiyaya səfərləri nəzərdən keçirilir. Bu isə Rusiyaya azərbaycanlı turistlərin axınına səbəb olacaq. Ümumiyyətlə, iki ölkə arasında bir çox sahədə əməkdaşlığın turizm sahəsində də davam etdirilməsi, həm əlaqələr baxımından, həm də turizim sektorunun inkişafı baxımından müsbət dəyərləndirilir.

İldən ilə rus turistlərin sayı artmaqdadır, ötən il üçün bu göstərici 880 min olub. Əldə edilən məlumata görə, artım bu il də davam edir. Belə ki, 2019-cu ilin birinci yarısında rusiyalı turistlərin sayı 2,5 faiz artıb.

Qeyd edək ki, Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə həftədə 100-dən çox birbaşa aviareys həyata keçirilir. 2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir.

Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə Xəzər dənizində gəmi turlarının təşkili məqsədilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparılması tapşırılıb.

Prezidentin məlum sərəncamından sonra, Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır. 2020-ci ilin yayına doğru kruizlərin nə vaxtdan işə başlayacağı məlum olacaq. Planlamaya görə, yay fəsli zamanı həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar Xəzər dənizində maraqlı gəzintilər edə biləcəklər.

Turistlərin təbii ki, hamısını tarix maraqlandırmır. Turistlərin böyük əksəriyyəti əyləncə və müxtəlif idmanlar üçün gəlirlər.

Şimal qonşumuzdan gələn turistləri cəlb edən əsas amillərdən biri də dağ turizmi, xüsusən xizək turizmidir. Azərbaycanda indiyədək qış turizim sahəsində məşhur olan turizm kompleksləri – Şahdağ və Tufandağ sayılır. Ötən ilin sonlarında isə bu sahəyə turistlərin maraqlı olması nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ağbulaq turizm kompleksi yaradılıb. Nəticədə Azərbaycan qış turizmi, xizəkçiliklə maraqlananlar üçün bir cənnət məkana çevrilir.

Əldə edilən məluamata görə, turistlər qış turizm məkanlarına daha çox maraq göstəririlər. Bu sırada da rus turistlər ilk pillədə yerləşirlər.

Qeyri-neft sektorunun inkişafı baxımından, heç şübhəsiz ki, turizm öncüllərdəndir. Bu səbəbdən də, dövlət bu sahəyə ciddi yatırımlar edir.

www.yenicag.az

4802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv