“Bu universitetlərin hamısı korrupsiya ocağıdır”
“Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan İctimai-Siyasi Universiteti keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında TN-nin nəzdində fəaliyyət göstərən Akkreditasiya şöbəsi tərəfindən akkreditasiyadan keçmiş universitetdir”.
Bunu Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan İctimai-Siyasi Universitetinin bağlanması ilə bağlı qərarını şərh edən “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi:
“Özəl universitetlər yaranmağa başlayandan xeyli qüsurlar ortaya çıxdı və zaman-zaman təhsilin səviyyəsi, professor-müəllim heyəti və maddi-texniki bazaya görə sıradan çıxmağa başladı. Onların sırasında Naxçıvan Universiteti və Müstəqil Azərbaycan Universitetinin adını çəkmək olar. Nazirin dünən haqqında əmr imzaladığı Azərbaycan İctimai-Siyasi Universiteti özünün istiqaməti və niyyəti bəlli olmayan universitet idi. Bu universitetdə təhsilin keyfiyyətindən danışmaq belə mümkün deyildi. Nazirin qərarından da görünür ki, burda maddi-texniki bazada çatışmazlıqlar var idi, həmçinin kadrlar haqqında əsasnamə də pozulub. Məhz bu və başqa səbəblərə görə Təhsil Nazirliyi (TN) bu universitetin lisenziya müddətini uzatmadı. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan İctimai-Siyasi Universiteti TN-nin nəzdində fəaliyyət göstərən akkreditasiya şöbəsi tərəfindən keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında akkreditasiyadan keçmiş universitetdir. Bu o deməkdir ki, universitetdə təhsilin keyfiyyəti yüksək qiymətləndirilib. Akkreditasiyanın müddətini 5 il olduğunu nəzərə alaraq nazirin qərarı ilə paradoks təşkil etdiyini görərik. Amma mən təhsil nazirinin bu qərarını dəstəkləyirəm və qərar onu göstərir ki, akkreditasiya prosesi saxta aparılıb. Bu universitetin bağlanmasının digər bir əhəmiyyəti var. Universitetin rektoru həm də YAP-ın aktiv üzvlərindən biri idi. Nazirin bu qərarı onu göstərdi ki, siyasi əqidə belə keyfiyyətsiz kadr hazırlığı ilə məşğul olan universitetin fəaliyyətini davam etdirməsinə imkan vermir. Biz hər zaman insan kapitalından danışırıq, amma onu da bilmək lazımdır ki, keyfiyyətsiz mütəxəssis hazırlığı da insan kapitalının inkişafına ziyan vurur. Hesab edirəm ki, gələcəkdə müstəqil akkreditasiya komissiyaları yaradılmalıdır və insanlar bütün ali məktəblərin keyfiyyəti haqqında məlumatlı olmalıdır”.
Ekspert universitetin bağlanmasının tələbə və müəllim heyətinin fəaliyyətinə təsir etməyəcəyini bildirdi:
“Sizi inandırım ki, tələbələrin əksəriyyəti bu universitetin bağlanmasına sevinir. Çünki onlar daha yaxşı universitetlərə köçürüləcəklər. TQDK-nın reytinq cədvəlində bu ali məktəb Təfəkkür Universiteti ilə birlikdə lap sonuncu yerdə qərarlaşırdı. Məhz buna görə tələbələr sevinəcək. O ki qaldı müəllim heyətinə, indiki ali məktəblərdə dərs deyən müəllimlərin əksəriyyəti həm də digər universitetlərdə dərs deyir. Universitetlərin əksəriyyətində ştatda olan müəllimlərin ayı çox azdır. Təbii ki, bu, neqativ haldır. Burda başqa bir məsələ də var. Orda ümid qalır elmi adı və elmi dərəcəsi olmayan ştatda olan işçilərə. Şübhəsiz ki, elmi dərəcəsi olmayan müəllimlərin mühazirə deməyə ixtiyarı yoxdur. Amma təəssüf ki, bizim özəl ali təhsil müəssisələrinin əksəriyyətində elmi dərəcəsi olmayanları auditoriyaya mühazirə deməyə buraxırlar. Bu tip ali məktəblərdə müəllimlərə çox kiçik əməkhaqqı verilir. Məhz bu baxımdan hansısa böyük narazılığın olacağını düşünmürəm”.
Qızlar Universitetinin rektoru kişidir
Etibar Əliyev Azərbaycanda fəaliyyət göstərən universitetlərin reytinqi barədə də məlumat verdi və bundan sonra bağlanmalı universitetlərin siyahısını açıqladı:
“Tədqiqatlarımız göstərir ki, hələ bir neçə özəl ali təhsil müəssisəsinin bağlanması vacibdir. Onlar sırasında Bakı Biznes Universiteti, Təfəkkür Universiteti, Kooperasiya Universiteti və Bakı Asiya Universitetinin adı var. Bu universitetlər elə Azərbaycan İctimai-Siyasi Universiteti ilə eyni səviyyədə olan universitetlərdir. Bu siyahıya Bakı Qızlar Universitetinin də adını daxil etmək lazımdır. Bu necə qızlar universitetdir ki, onun rektoru kişidir?! Bu universitetlərin hamısı korrupsiya ocağıdır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov lisenziya müddəti başa çatmış Azərbaycan İctimai-Siyasi Universitetinin lisenziya müddətinin uzadılmaması barədə qərar qəbul edib.