DÜNYANIN ARAŞDIRDIĞI ZƏFƏR: "Azərbaycan dron stratejiyası il ABŞ da daxil olmaqla, bir çox ölkənin marağını oyatdı"
“O dövrdə hakimiyyətdə kim olursa-olsun biabırçı məğlubiyyətə uğrayardı.”
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O, Azərbaycanın tarixi qələbəsinin pərdəarxası detalları barədə danışıb.
Deputat bildirib ki, texniki baxımdan nəzər salsaq, Azərbaycan yeni nəsil müharibə apardı.
“İlk dəfə olaraq dronlardan istifadə etməklə unikal əməliyyatların icrası mexanizmini formalaşdırdıq. Bunun nümunəsini dünyaya göstərdik. Ona görə də ABŞ da daxil olmaqla, bir çox ölkələrin ekspertləri bu istiqamətdə geniş araşdırmalar aparmağa üstünlük verdilər.
Həmin dövrdə diqqət çəkən məqamlardan biri də Ali Baş Komandanın diplomatik cəbhədə tək mübarizə aparması idi. Xarici informasiya vasitələrinə verilən açıqlamalarda və ümumilikdə mübarizədə qazanılan uğur Azərbaycanın uğuru idi.
O dövrdə hakimiyyətdə kim olursa-olsun, biabırçı məğlubiyyətə uğrayardı. Erməni tərəfinin cəbhədə 10 mindən artıq fərarisinin olduğunu yada salaq. Bu fakt göstərirdi ki, hər baxımdan qarşıdakı qüvvələr zəifdir. Nostalgiya hissləri ilə yaşayaraq özlərinin yaratdığı saxta qəhrəman, Qafqazın güclü ordusu obrazını, Ohanyan səddi kimi sərsəm ideyalarla yaşayaraq fərqli reallıqla üzləşdilər.
Həmin vaxt yayılan videogörüntülər reallığı açıq şəkildə nümayiş etdirirdi. Artilleriya hücumları zamanı erməni hərbçilərinin biri hərbi nəqliyyata doğru qaçır, biri səngəri tərk edir, digəri yerində oturub şok vəziyyətində başını əllərinin arasına salır və s. Bu kadrlar Ermənistanın real durumunu göstərirdi. Hətta həmin vaxt Ermənistanın öz dövlətçiliyi belə təhlükə altında qala bilərdi.
Qısacası, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, nəticə dəyişməyəcəkdi. Məsələn, mənfur Ohanyan qısa müddətə Qarabağda darmadağın olmuş qüvvələrə rəhbərlik etməyə gəldi. Lakin torpaqlarımıza ayaq qoyar-qoymaz bir neçə gün sonra başını götürüb qaçdı.
Bir sözlə, Azərbaycanın qələbə qazanmasından başqa alternativ yox idi”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












