“Ukrayna bu gün Rusiya qarşısında tamamilə məhv edilib. Hər bir Avropa ölkəsi ayrı-ayrılıqda, eyni zamanda, ABŞ özünün geosiyasi oyunları kontekstində Rusiyanı çökdürmək və sözügedən müharibəni uzunmüddətli etməklə düşünürdülər ki, Rusiya iqtisadi və hərbi sənayesini tamamilə məhv edəcəklər. Nəticədə də Rusiya diz çökərək, sülh istəyəcək”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Natiq Miri deyib.
Ukrayna ordusunun Kursk istiqamətində hücumlarını artırdığını söyləyən siyasi təhlilçi Donetskdə mövqelərin itirilməsindən, habelə müharibənin Kiyev administrasiyası üçün sonun başlanğıcı sayılan situasiyadan söz açıb:
“Açığı, hər nə olsa da, Rusiyaya qarşı aparılan siyasət yanlış bir siyasət idi və Qərbin bu məsələdə istədikləri baş vermədi. Əksinə, Rusiya özünün hərbi sənaye kompleksini bərpa edərək, bu gün bütün Avropa Birliyi ölkələrindən daha artıq texnika və hərbi təchizat istehsal edir. Yəni Rusiya özünü toplaya bildi. Üstəlik, Rusiyanın insan ehtiyatları Ukraynadakından çoxdur. Bu gün Ukraynanın 10 milyondan artıq əhalisi Ukraynada deyil, əksinə, xarici ölkələrə üz tutub ki, onları da geri gətirmək mümkün deyil.
Bundan əlavə, Ukraynada səfərbərlik elan edilsə də, praktiki olaraq bunu həyata keçirmək mümkün deyil. Çünki bu cəbhədə 2 ildən artıqdır döyüşən əsgər və zabit heyətini əvəz edəcək səviyyədə deyil”.
“Bu insanlar yorulub, bu insanlar hər gün ölüb yaralandıqca, getdikcə, azalmağa davam edirlər. Ona görə də Ukraynanın çox böyük problemi var ki, onun da səbəbkarı Qərb dünyasıdır. Yoxsa ki, əvvəl gündən Ukraynaya bütün strateji silahlar verilmiş və Rusiyanın daxilindəki hərbi obyektlər məhv edilmiş olsaydı, bu gün tamamilə başqa vəziyyətdən danışmaq olardı. Ona görə də burada Ukraynadan yox, əksinə, Qərbin riyakar siyasətindən danışmaq lazımdır. Ölənlər ukraynalılardır, dağılan Ukrayna şəhərləridir”, – deyə o, əlavə edib.
N. Miri düşünür ki, bu gün Ukraynada baş verənlərin günahını döyüşən əsgərlərin boynuna atmaq səhvdir:
“Sadəcə olaraq, siyasi hakimiyyətdə ən böyük yanlış qərar bu idi ki, prezident Volodimir Zelenski Rusiya ilə müharibəyə girişməli deyildi. Bu ölkədə həm də çox ciddi korrupsiya problemləri mövcuddur. Çünki Qərbdən edilən yardımları şərəfsizcəsinə mənimsəyən şəbəkələr var və hələ də Ukraynadakı korrupsiya sisteminin kökünü qurutmaq mümkün olmayıb. Məhz buna görə də Ukrayna artıq parçalanma vəziyyətinə qədər gətirilib”.
Rafi Müslümov
www.yenicag.az