Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla nəqliyya naziri Ziya Məmmədov arasında savaş getdikcə, açıq xarakter almaqdadır. Hər iki tərəf bir-birlərinə qarşı savaş baltalarını çıxarıblar.
Ziya Məmmədov FHN şefinin gizlinlərini ortaya çıxarmağa çalışarkən, qarşı tərəf də boş dayanmır. Son günlər “jaləli” mediada Nəqliyyat Nazirliyinin fəaliyyətini tənqid edən, bu nazirliyin əməkdaşlarının xalqla kobud davrandığına dair video görüntülərin paylaşılması savaşın başladığından xəbər verir.
“Yenicag.az”a daxil olan xəbərə görə, K.Heydərov Ziya Məmmədova qarşı sadəcə media üzərindən hücum çəkmir. Nazirin yaxınlarına da “qarmaq” atıb.
Belə ki, illərdən bəri Ziya Məmmədovun “sağ əli” funksiyasını oynayan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov tərəf dəyişdirib. Almaniyada müalicə olunarkən, FHN şefinin adamları ilə görüşən Cavid Qurbanov qarşı tərəflə anlaşıb.
Müalicədən qayıtdıqdan sonra Ziya Məmmədovla bir araya gəlməkdən qaçan Qurbanovun bu qərarında nazirin ona kollegial müşavirədə töhmət verməsi də mühüm rol oynayıb.
Xatırladaq ki, Cavid Qurbanov mərhum Heydər Əliyevin sərəncamı ilə tutduğu vəzifədən çıxarıldığı halda Ziya Məmmədov onu qorumuşdu.
P.S. Cavid Qurbanovla Kamaləddin Heydərovun münasibətlərinin yaxınlaşmasına bir faktor da yardım edib. Belə ki, C.Qurbanovun ən yaxın adamı, “Azəryolservis” ASC nin 71 saylı Yol İstismar İdarəsinin müdiri Xaqani Kazımov “fövqəlnazir”in müavini ilə qohum olub. Məlumatda qeyd olunur ki, vaxtilə Dərnəgüldəki ən böyük asfalt zavodunun direktoru olan Xaqanı Kazımov “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanova ən yaxın şəxslərdən biridir və Cavid Qurbanovun Nəqliyyat Naziri ilə problemlərinin başlanğıcı da məhz Xaqani Kazımovun sayəsində yaranıb.
yenicag.az
www.yenicag.az