Çempionlar Liqasında BÖYÜK OYUN – “Barcelona” “Inter” səddini keçə BİLƏCƏK?
“UEFA Çempionlar Liqasının yarımfinalına yüksələn bütün dörd komandanın gücü, demək olar ki, bərabər idi. Bunu dünən keçirilən “Arsenal” – “Paris Saint-Germain” oyununda da gördük. Çünki “Real”ı məğlub etdikdən sonra bir çoxları elə hesab edirdi ki, bu oyunun favoriti “Arsenal”dır. Amma “PSG” göstərdi ki, “Arsenal”a qalib gəlmək mümkündür. Üstəlik, bunu səfərdə səliqəli oyunla, yaxşı müdafiə olunmaqla və əlinə düşən imkandan maksimum yararlanmaqla bacardı. Demək olar ki, “Arsenal”a oynamağa imkan vermədi”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.
Mütəxəssis bu gün UEFA Çempionlar Liqasının yarımfinal matçında qarşılaşacaq “Barcelona”-“Internazionale” matçını şərh edib.
Onun sözlərinə görə, digər cütdə də vəziyyət eynidir:
“Əgər bir çoxları “Barcelona”nı aşkar favorit hesab edirlərsə, bunu mən qəti şəkildə deyə bilmərəm. Düzdür, “Barcelona” günü-gündən inkişaf edir, amma komandanın zəif cəhətləri də var. Hücum potensialı çox yüksəkdir, amma müdafiə baxımından ciddi problemləri mövcuddur. “Barcelona”ya qol vurmaq asandır. Gəlin, əvvəlki dörd qarşılaşmanı xatırlayaq: öz meydanında böyük hesabla qalib gəldikdən sonra az qala rəqib qapılarına üç qol vurdu. Yəni bu komandaya qol vurmaq mümkündür”.
N. Muxtarlı əlavə edib ki, üstəlik, komandanın bəzi çatışmazlıqları da var:
“Məsələn, “Real Madrid”lə oyunda Robert Levandovski iştirak etmədi, yəni əsas hücum silahlarından biri yox idi. “Inter” isə həm qol vurmağı bacarır, həm də yaxşı müdafiə olunur. Bu, tipik italyan futboluna uyğun bir xüsusiyyətdir. İtalyanlar müdafiə olunmağı çox yaxşı bacarırlar. “Bayern München” ilə oyunda da bu belə idi. Halbuki “Bayern München” zəif komanda deyildi. Əksinə, mən “Bayern München”i Çempionlar Liqasının əsas favoritlərindən biri hesab edirdim. Amma “Inter” “Bayern München”i səfərdə məğlub etdi, ev oyununda isə almanlar nə qədər qol vurdusa, cavabını ala bildi. Yəni “Inter” həm hücumda, həm də müdafiədə güclü komandadır”.
Həmsöhbətimizin fikrincə, “Inter”in müdafiəsi “Borussia Dortmund”un müdafiəsi kimi zəif olmayacaq:
“Sual olunur: “Barcelona” bu müdafiəni yara biləcəkmi? Beton italyan müdafiəsinin öhdəsindən gələ biləcəkmi? Bu, bir qədər müəmmalıdır. Mənim bu məsələdə müəyyən şübhələrim var. Ona görə də bu qarşılaşmada da aşkar favorit görmürəm. Əgər “Inter” yaxşı müdafiə olunarsa, səhvə yol verməzsə və əlinə düşən imkanlardan istifadə edərsə, “Barcelona” üçün bu oyun çox çətin olacaq. Ona görə də bu görüşdə əsas favoriti birmənalı şəkildə qeyd edə bilmərəm. Amma, təbii ki, meydan amilini nəzərə alsaq, “Barcelona” bir addım öndədir. Çünki “Barcelona” öz meydanında aqressiv oynayacaq. “Inter” isə bu aqressiyanın qarşısını almağa çalışacaq və ilkin təzyiqi dəf etdikdən sonra əks-hücumlarla şans axtaracaq. Məhz bu əks-hücumlar zamanı milanlılar çox təhlükəli olur”.
“Düşünürəm ki, burada həm də taktiki savaş olacaq. Baş məşqçilərin taktikaları üz-üzə gələcək. Görək, futbolçular onlara verilən tapşırıqları meydanda necə yerinə yetirəcəklər? Bu amildən çox şey asılıdır. Yəni biz “beyin futbolu”nun şahidi olacağıq. Açıq futbol olacağını isə güman etmirəm. Çünki “Inter” təbii olaraq diqqətini müdafiəyə yönəldəcək. Bu qarşılaşma “ağıl oyunu” olacaq və bütün hallarda maraqlı bir oyun gözləyirəm. Amma açıq-aşkar favorit yoxdur”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov