13 nömrəli marşrut xəttindəki insidentlə bağlı “BakuBus”dan açıqlama
Bakıda “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu sürücüsünün içində çoxsaylı sərnişin olan xidməti nəqliyyat vasitəsini tərk edərək vəzifəsini icra etməkdən imtina etməsi haqqında yayılan görüntülərə qurum tərəfindən rəsmi açıqlama verilib.
Yenicag.az-ın sorğusuna cavab olaraq, “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva sürücünün davranışı araşdırıldıqdan sonra haqqında lazımi addımların atıldığını bildirib:
Bildiririk ki, “BakuBus” MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində 9 iyul 2026-cı il tarixində saat 16:30 radələrində Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident tərəfimizdən araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub.
Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
“BakuBus’” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək”.
Nurlan Cəfəri













