Çempionlar Liqasında “Qalatasaray”ın futbolçusunun barmağı qopdu - FOTO
Çempionlar Liqasının “Liverpul”la cavab qarşılaşmasında “Qalatasaray”ın heyətində ciddi itki baş verib.
Yenicag.az xəbər verir ki, Viktor Osimhenin zədələnməsindən sonra oyuna daxil olan Noa Lanq qorxulu xəsarət alıb.
Hadisə matçın 76-cı dəqiqəsində qeydə alınıb. Meydana daxil olduqdan qısa müddət sonra reklam panosuna çırpılan niderlandlı futbolçunun əli konstruksiyaya sıxılıb. Təxminən 5 dəqiqəlik tibbi müdaxilədən sonra Noa Lanq meydanı xərəkdə tərk edib.

Türkiyə mətbuatı və “TRT Spor”un yaydığı məlumata görə, 26 yaşlı futbolçunun əlində dərin kəsik yaranıb, hətta onun barmağının qopduğu bildirilir.
Matçdan sonra baş məşqçi Okan Buruk futbolçunun vəziyyətinin kritik olduğunu təsdiqləyib:
“Lanq hazırda xəstəxanadadır. Barmağında çox ciddi problem var, təcili aparılıb. Əməliyyat ehtimalı var, buna həkimlər qərar verəcək. Eyni zamanda Osimhen də qolundakı ağrılar səbəbindən oyunu davam etdirə bilmədi”.
“Liverpul”un kapitanı Vircil van Dayk isə hadisəni böyük qəza adlandırıb və həmyerlisinə şəfa diləyib.
Yenicag.az













