Cənubi Qafqazda “geri qayıdış yoxdur” REALLIĞI: “Bu prosesdə Azərbaycanın rolu çox böyükdür”
“Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması dünyada yeni baxış, yeni nizam formalaşdıracaq, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Azərbaycanla Ermənistan arasında sülh proseslərinin müsbət irəliləməsi barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, əsas iki məsələ – Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması və ATƏT-in Minsk qrupunun ləğv edilməsindən sonra sülh müqaviləsinin imzalanması artıq dayanıqlı və daimi sülhün təmin edilməsi deməkdir:
“Azərbaycan bu gün regionda siyasi, iqtisadi və hərbi baxımdan güclü dövlətə çevrilib. Ölkəmiz mühüm nəqliyyat-logistika mərkəzi, zəngin enerji resurslarının dünya bazarına çıxışını təmin edən etibarlı tərəfdaş kimi beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Azərbaycanın həyata keçirdiyi layihələr qlobal xarakter daşıyır. Bu baxımdan, sülh məsələsi və xüsusilə Zəngəzur dəhlizinin (Tramp yolu) açılması xüsusi əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinə (Tramp yolu) bizim baxışımız yalnız iqtisadi deyil, həm də tarixi və milli məna daşıyır:
“Əsas məqsədimiz tarixi torpaqlarımız üzərindən Naxçıvana heç bir maneə olmadan çıxışı təmin etməkdir. Bu, həm ədalətli, həm də beynəlxalq hüquqa uyğun istəyimizdir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması region dövlətləri arasında iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin genişlənməsinə, humanitar və mədəni əməkdaşlığın inkişafına böyük töhfə verəcək. Bu layihə Azərbaycan üçün olduğu qədər Ermənistan üçün də mühüm əhəmiyyət daşıyır. Sadalanan amillər fonunda Vaşinqton görüşü sülhün əldə olunması üçün atılmış ən mühüm addımlardan biridir. Ermənistan üçün bu, sadəcə iqtisadi dəstək deyil, həm də “iqtisadi nəfəs”dir. Şimal qonşumuz Rusiya üçün yeni çıxış imkanları yaradır, İran üçün əlverişli şərait formalaşdırır, digər dövlətlər üçün də strateji əhəmiyyət kəsb edir”.
Millət vəkili əmindir ki, bütün bunlarla yanaşı, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması dünyada yeni baxış, yeni nizam formalaşdıracaq, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək:
“Bu prosesdə Azərbaycanın rolu çox böyükdür. ABŞ-nin da məsələlərdə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bir sözlə, sülh Azərbaycanın beynəlxalq nüfuzunu, siyasi çəkisi və iqtisadi gücünü daha da artıracaq, ölkəmiz regionda böyük və güclü dövlətə çevriləcəkdir”.
Xatırladaq ki, Vaşinqtona səfərinin yekunlarına həsr olunmuş hökumətin xüsusi iclas keçirilib. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının mühüm mərhələsidir.
Nəsimi Ələsgərli