Cənubi Qafqazda SEPARATİZMİN SONU: “Ermənistanda revanşist ideyalarla yaşayan və fürsət axtaran...”
“Azərbaycanda da batan Rusiyanın yox, inkişaf edən Qərbin yanında olmaq meyilləri var”.
Bu fikirləri Cənubi Qafqazda baş verən proseslər fonunda Rusiyanın bölgədən çıxma ehtimalı və regionda separatizmin perspektivini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, regionda baş verən son proseslər Cənubi Qafqazda separatizmin kökünün kəsilməsinin başlanğıcıdır:
“Ermənistanın rəsmi dövlət siyasətində proseslərə daha praqmatik yanaşmanın şahidi oluruq. Bu da onu deməyə əsas verir ki, həmin ölkənin cəmiyyəti “erməni xəstəliyi”ndən xilas olmaq, Rusiyanın buxovundan qopmaq istəyir. Onlar anlamağa başladılar ki, Rusiya bölgədə mövcud olduqca, nə özləri, nə də regionun digər ölkələri normal inkişaf edə bilməyəcək.
Paşinyan 10 noyabr üçtərəfli bəyanatının artıq qüvvədən düşməsi haqqında mesaj verir. Eyni zamanda, Ermənistandakı “Qarabağ klanı” da “oturduğu budağın” çürük olduğu qənatinə gəlib. Hər kəs xatırlayır ki, Ruben Vardanyan Qarabağda olanda, odlu-alovlu bəyanatlar verirdi. İndi başları önə əyilərək “içəri” girməli oldu.
Son baş verənlər Cənubi Qafqazda separatizmin kökünün kəsilməsinin başlanğıcıdır. Bu proses həm də demokratiyanın bölgəyə gəlişi anlamında qəbul olunmalıdır. Çünki Rusiyanın bölgədən çıxma prosesi başlayıb. Bu mənada Paşinyanın şəxsini yox, mövqeyini müdafiə etmək lazımdır.
Azərbaycanda da batan Rusiyanın yox, inkişaf edən Qərbin yanında olmaq meyilləri var. Yaxın zamanlarda separatizmin kökünün kəsilməsi günü qeyd olunmalıdır. Ermənistanda revanşist ideyalarla yaşayan və fürsət axtaran zehniyyətin daşıyıcılarına da zərbə vurulması üçün belə bir günün təsis edilməsi vacibdir”.
Səxavət Məmməd