Real sülh, yoxsa strateji manevr? - Bir həftə nəyi dəyişəcək?
“Bir həftəlik humanitar fasilə müharibənin gedişində qısa müddətli rahatlama və humanitar yardım imkanları yaratsa da, uzunmüddətli sülh üçün kifayət deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

O, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinin bir həftəlik atəşkəsə razı salınması ehtimalını və bunun uzunmüddətli sülhə çevrilmə imkanlarını şərh edib.
Siyasi şərhçi bildirib ki, atəşkəslə bağlı hələlik rəsmi Kreml tərəfindən hər hansı təsdiq yoxdur:
“Bu məlumat hələlik yalnız ABŞ Prezidenti Donald Trampın açıqlaması və Ukrayna tərəfinin müsbət reaksiyası əsasında yayılıb. Lakin istənilən halda, əgər Tramp tərəfindən belə bir məlumat verilibsə, demək ki, hansısa formada anlaşma əldə olunacaq. Şübhəsiz ki, müharibənin cəmi bir həftəlik və humanitar məqsədlərlə dayandırılması rəsmi sülh müqaviləsi və ya daimi atəşkəs kimi qəbul edilə bilməz.
Bunu yalnız humanitar nəticələrə hədəflənmiş bir təşəbbüs kimi qiymətləndirmək daha düzgün olar. Müharibə dövründə, hətta Kiyev və digər şəhərlərə hücumlar davam etdiyi vaxtlarda belə, humanitar ehtiyacların ödənilməsi üçün qısa fasilələr əvvəllər də icra olunub. Lakin bu fasilələrin heç biri davamlı və daimi sülhə keçid etməyib. Bu səbəbdən, bir həftəlik fasilə də tarixi baxımdan müvəqqəti xarakter daşıyır. Bununla belə, Trampın vasitəçiliyi ilə belə bir humanitar addımın atılması özlüyündə diqqətçəkən hadisədir.
Uzunmüddətli sülhün formalaşması üçün bir həftəlik fasilə yetərli deyil. Belə ki, hərbi-strateji maraqlar hələ də tərəflərin mövqelərində köklü dəyişikliklər tələb edir. Digər tərəfdən, tərəflər arasında ciddi güvən problemi qalmaqdadır.
Nə Rusiya, nə də Ukrayna özlərinin «qırmızı xətti» elan etdikləri məsələlərdən, xüsusilə də Donbasla bağlı mövqelərindən geri çəkilməyiblər. Buna görə də müvəqqəti humanitar fasilə müsbət addım olsa da, təkbaşına davamlı sülh yaratmır.
Beynəlxalq müstəvidə də bu fasilənin təsiri məhduddur. ABŞ, Avropa və Ukrayna tərəfi humanitar fasiləni müsbət qarşılasa da, davamlı sülh üçün əlavə diplomatik addımlar, beynəlxalq vasitəçilik və strateji razılaşmalar tələb olunur. Bütün bunlara baxmayaraq, humanitar addımlar vasitəsilə gərginliyi müvəqqəti azaltmaq mümkündür və Trampın vasitəçiliyi bu prosesdə müəyyən rol oynaya bilər.
Ümumiləşdirərək qeyd edə bilərik ki, bir həftəlik humanitar fasilə müharibənin gedişində qısa müddətli rahatlama və yardım imkanları yaratsa da, uzunmüddətli sülh üçün kifayət deyil. Əsas məsələ bundan sonrakı diplomatik danışıqların, tərəflərin strateji kompromislərinin və beynəlxalq vasitəçilik proseslərinin hansı istiqamətdə inkişaf edəcəyidir”, — deyə o bildirib.
Nəsimi Ələsgərli












