Çin səddinin arxasında nə baş verir? – Ordudakı siyasi “zəlzələ”nin PƏRDƏARXASI
Son illər dünya ictimaiyyəti bir sual ətrafında düşünür: Çin Böyük Səddinin arxasında siyasi, iqtisadi və hərbi baxımdan nələr baş verir? Bu sual təsadüfi deyil. Çünki bir tərəfdən Çinin qaçılmaz qlobal yüksəlişi haqqında proqnozlar səslənir, digər tərəfdən isə ölkə daxilində baş verən hadisələr müəyyən narahatlıq doğurur.
Yenicag.az məşhur ərəb qəzeti “Şarkul Avsat”ın təhlilini təqdim edir:
Orduda “siyasi zəlzələ”
Yanvarın 24-də Çin rəhbərliyi ordu daxilində ciddi təmizləmə əmri verdi. Rəsmi açıqlamada bildirildi ki, yüksək rütbəli hərbçilər “hərbi intizam və qanun pozuntuları” səbəbilə istintaqa cəlb olunub. Çin hakimiyyəti bu ifadəni adətən korrupsiya halları üçün istifadə edir. Qərb mediasında isə daha ağır iddialar – hətta nüvə sirlərinin sızdırılması barədə xəbərlər yayıldı.
Bu hadisə 1989-cu ildəki Tiananmen meydanı hadisələrindən sonra Çin Xalq Azadlıq Ordusunda baş verən ən böyük silkələnmə kimi qiymətləndirilir. Müşahidəçilər bunu sadəcə korrupsiya ilə mübarizə deyil, daha geniş siyasi prosesin tərkib hissəsi sayırlar. Sual yaranır: bu, gözlənilməz hadisədirmi, yoxsa hakim Çin Kommunist Partiyası daxilində planlı güc bölgüsüdür?
Mao kölgəsi və Şi dövrü
2013-cü ildən hakimiyyətdə olan Şi Cinping dövründə ölkədə mərkəzləşmiş idarəetmə daha da güclənib. Bir çox analitiklər onun idarəçilik üslubunda Mao Zedong dövrünün izlərini görür. Xüsusilə “Dənizdə gəmini kapitan idarə edir” kimi şüarların yenidən gündəmə gəlməsi bu bənzətmələri artırıb. Bu şüar vaxtilə “Mədəni İnqilab” illərində Mao şəxsiyyətinin tərənnümü üçün istifadə olunurdu.
Şi Cinpingin özünü Mao ilə eyni tarixi çəkidə lider kimi görüb-görmədiyi açıq sualdır. Lakin bir həqiqət var: hər iki lider ölkəni çətin və dönüş nöqtəsi sayılan dövrlərdə idarə edib. Mao Soyuq müharibənin sərt illərində hakim idi; Şi isə çoxqütblü dünya düzəninin formalaşdığı, ABŞ-Çin rəqabətinin artdığı bir mərhələdə ölkəyə rəhbərlik edir.
Üçüncü müddət və gələcək planlar
2023-cü ilin martında Çin Xalq Nümayəndələri Konqresi Şi Cinpingi üçüncü dəfə prezident seçdi. Bu qərar son onilliklərdə mövcud olan hakimiyyətin mərhələli ötürülməsi ənənəsinə son qoydu və onu Mao dövründən bəri ən güclü lider statusuna yüksəltdi.
Onun hazırkı müddəti 2027-ci ildə başa çatır. Lakin artıq müşahidəçilər mümkün dördüncü dövr ehtimalını müzakirə edirlər. ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçısı Liam Childers hesab edir ki, Çin rəhbərliyi varislik məsələsini açıq müzakirə etməsə də, partiya daxilində zaman amilinin fərqindədir. 72 yaşlı liderin yenidən hakimiyyətdə qalmaq planı ordudakı son təmizləmələrlə əlaqələndirilir.
Qərbin narahatlığı və daxili çətinliklər
Şi Cinpingin hakimiyyətdə daha uzun müddət qalması Qərbdə narahatlıq yaradır. Bəziləri bunu avtoritar idarəçiliyin möhkəmlənməsi kimi qiymətləndirir və bunun qlobal sistemə təsirlərini müzakirə edir. Xüsusilə ABŞ-ın liderlik etdiyi təkqütblü dünya modelinin sarsılması ehtimalı tez-tez gündəmə gətirilir.
Digər tərəfdən, Çin daxilində iqtisadi artım tempinin zəifləməsi, demoqrafik problemlər və gənclər arasında işsizlik kimi ciddi məsələlər mövcuddur. Tənqidçilər hesab edir ki, sərt mərkəzləşmə bu problemlərin həllini asanlaşdırmır, əksinə, sistemin daha qapalı və həssas olmasına səbəb olur.
Çin böhran astanasındadırmı?
Bu gün Çin həm güclü, həm də həssas görünür. Bir tərəfdə texnoloji inkişaf, hərbi modernləşmə və qlobal təsir gücü var; digər tərəfdə isə daxili struktur problemləri və siyasi sərtləşmə dayanır.
Sual açıq qalır: bu proseslər dərin sistem böhranının başlanğıcıdır, yoxsa gücün yenidən mərkəzləşdirilməsi ilə bağlı keçid mərhələsidir? Aydın olan budur ki, Çin gəmisinin istiqaməti təkcə bu ölkəni deyil, bütün dünyanı maraqlandırır.
Amir Aqiloğlu













