Çinarə Rüstəmzadə: Babamın verdiyi söz
Babam 78 yaşında, hündürboy, başının ortasında saçı tökülmüş, sözün əsl mənasında mərhəmətli olduğu qədər qəddarlığı ilə adçıxarmış kişidir. Vay o gündən ki, sözünün qabağına düzünə və əyrisinə bir kəlmə də olsa söz deyilə. Özünün dediyi kimi deyirəm: ” Yaşına-başına baxmadan iti qovan kmi qovaram qapıdan”. Qovar! Hələ artığın da edər!
Vaxtilə, babam bir neçə il qonşu kənddə kolxoz sədri olaraq çalışıb. Yəqin bir az da bundan qaynaqlanır babamın səbəbsiz göstərişlər verməsi. Yazıq kişi, hələ də qəbul edə bilmir ki, dövr o dövr deyil. Kiminsə üzərində avtoritarlığını qurma zamanı deyil. Əslində lap elə o zamandır. Ancaq babam kimi sadə kəndli üçün deyil. Böyük məsələdir. Ancaq nənəm istisnadır. Bu balaca qarayanız xanım vaxtilə elə həmin avtoritar kişidən çəkdiyini çəkib. Hələ ailə qurandan sonra nənəm böyük bibimə hamilə olarkən babam əsgərliyə gedib. Həmin o əsgərlik ki, babam xatirlərinin az qala hamısını mənə əzbərlədib. Söhbətə həmişə il və tarixi deyərək başlayır. Artıq tarixin deyəndə bilirəm ki, söhbət hansı əhvalatdan gedir.
Nənəm deyir 2 il evin həm kişisi, həm də qadını olub bu uşağı saxladım, üstəlik bu əzazil qaynana ilə! Deyir: “Ay bala, nə gündüzüm gündüz idi, nədə ki gecəm gecə. Anamdan əmdiyim südü bu arvad burnumdan gətirdi (qaynanasının divardan asılmış şəklinə baxaraq). Heç bu kişi də bir dəfə olsun mənim tərəfimi saxlamadı”. Zaman-zaman belə şikayətləri olur nənəmin.
Babam təmizkar və səliqəli kişidir. Bağda-bostanda işləməkdən barmaqları kələ-kötür olub. Yerə bir saralmış yarpaq da düşsə ərinməz əyilib onu götürər, zibil qutusuna atar. Onların evində olanda nəyi hardan götürdün gərək dərhal da yerinə qoyasan. Yoxsa qan düşər. Elə nənəm də babam qədər səliqəli və təmizkardır.
Nənəmi çox qısqanır babam. Ahıl yaşında yazıq arvad oğlunun, qızının evində bir gün də olsa qala bilmir. Deyir “Sənin evin buradır. Mən öləndən sonra harda istəsən qala bilərsən.” Nənəm də bir az deyinib, bir az əsəbiləşib, sonra babama haqq qazandırmağa çalışar.
İkisi də Könül Xasıyevanı dinləməyi sevir. Ayrı-ayrılıqda yemək yeməzlər. Səhər yeməyi saat 7:00 da, günorta yeməyi 12:00-da, axşam yeməyi isə 18:00-dan 1 dəqiqədə ötə bilməz. Mədələrin tox tutduqdan sonra bir-birləri ilə zarafatlaşar, elə bu zarafatlardan da bir dava çıxardıb, səhər yuxudan qalxana qədər küsülu qalarlar.
Amma babam əvvəlki baba deyil. Getdikcə elə bil kişi əzəmətini itirir. Dağ idi, təpələrə bölünür. Tək qalacağından qorxur bəlkə də… Nənəmi sevir, həm də çox sevir. Elə bil yer yarılıb içindən tapıb bu balaca arvadı… Deyir qaranquş gəldi-gedərdir, sərçədən yapış. Mən də yapışmışam bu arvadın ətəyindən.
Mahnı oxuyub, şeir deməyi də var babamın. Hələ özündən şeir qoşmağı da! Belə olanda nənəm deyir: ” A kişi, bəsdir də, eyni şeiri nə qədər oxuyursan axı?!” cavabında babam: “Sənin bircə telinə qurban. İstəsən lap bu dəqiqə birini də yazım”.
Bu yaxınlarda nənəm möhkəm xəstələnmişdi. Övladları, nəvələri hamısı gəlib baş çəksə də, gecəni yenə tək qalırlar. Özləri belə istəyir. Nənəm günorta çağı durub, şifonerindəki paltarları töküb ki, yenidən qatlayıb yerinə səliqə ilə yığsın. Babam da gəlib bu mənzərəni görəndə, nənəmi danlayıb ki, xəstəsən, get dincəl. Niyə yorursan özünü?! Nənəm də: ” Bu gün-səhər başımı yastığa birdəfəlik qoyacam. Qoy deməsinlər Firəngizin şifonerində it yiyəsin tanımır”. Babam heçnə deməz. Keçib o birisi otaqda divanda oturar. Nənəm deyir, birdən eşitdim ki, kimsə hıçqıra-hıçqıra ağlayır. Keçib otağa baxıb ki, babam hönkürə-hönkürə ağlayır. Bu nə nənəmin nə də bizim heç birimizin rastlaşdığı bir hal deyildi. Soruşub ay kişi, nə olub, niyə ağlayırsan? Babam daha da şiddətli ağlayaraq cavab verir ki, bəs sən niyə deyirsən bugün-səhər öləcəm. Demək ürəyinə gəlib ki, nəsə olacaq. Bilmirsən ki, sənə bir şey olsa mən bir gün də yaşaya bilmərəm?! And olsun Allaha əgər sənə məndən qabaq nəsə olsa, həmin gün zəhər içib özümü öldürəcəm! Bu gün səni basdıracaqlar, sabah məni! Nənəm heç nə deməyib, çıxıb həyətdə o da ağlayıb.
Bu hadisəni mənə danışanda elə mənim də gözlərim doldu. 20 ildən çoxdur tanıdığım babamın içindəki bu yumşaq, sevən adamı yeni tanıyırdım. Qəhərlənmişdim, ancaq əminəm ki, nənəmin qəlbinin dərinliklərində qürur hissi baş qaldırmışdı. Sevildiyini anlayıb həyata daha bərk yapışacaqdı bəlkə də…
Bu nəhəng kişini ağladan sevgi etirafı idi…