15:27
“Görün, bir sənətçiyə bu zülmü edən Çin rejimi siyasi fikirlər səsləndirənlərin başına nə oyun açır?”
Bu fikirləri Yenicag.az-a açıqlamasında uyğur türklərinin haqq səsi adlandırılan xalq ozanı Əbdürrəhim Heyitin Çin zindanında qətlə yetirilməsinə münasibət bildirən Azərbaycan-Türkiyə Evinin (ATEV) başqanı Tənzilə Rüstəmxanlı deyib.
Tənzilə Rüstəmxanlının sözlərinə görə, dünya Çinin uyğurlara yönəlik yürütdüyü yoxetmə siyasətini görsə də, heç kəs buna qarşı səsini çıxarmır:
“Bu barədə müxtəlif fikirlər var. Mən Türkiyə mətbuatında da Əbdürrəhim Heyitin öldürülməsini yalanlayan məlumatlara rast gəldim. Ancaq onun ölüm xəbəri artıq inkar olunmur, oğlu da məlumatı təsdiqləyib.
Əslində, bu, yeni bir hadisə deyil ki… Sadəcə, bizim onlardan xəbərimiz yoxdur. Orada baş verənlərdən xəbər tutanlar əsasən, Türk dünyasına qarşı həssaslığı olan, Türk coğrafiyasını bilən insanlardır.
Çin dövləti uzun illərdir öz büyüklüyünün, “böyük beşlik” ölkəsi olmasının verdiyi üstünlükdən yararlanaraq, uyğurlara, oradakı türklərə zülm edir. Çində bir millət assimilyasiyaya uğradılır, öz dininə, inancına uyğun rahat yaşaya bilmir.
Faşistlərin İkinci Dünya Müharibəsi vaxtı təşkil etdikləri ölüm düşərgələrini hazırda Çində məhz uyğurlar üçün yaradıblar. Türkiyə həmin düşərgələrin ləğv olunması tələbi ilə dəfələrlə məsələ qaldırıb. Ancaq Pekin o düşərgələrin olduğunu etiraf etsə də, onları aradan qaldırmır.
Bizlər, Çində uyğurlara qarşı törədilən zülmdən xəbərdar olan insanlar bu məsələni hər zaman gündəmə gətiririk. Ancaq Çinə kimsə bir söz deyə bilmir, gücü yetmir.
Bir sənətçini 2 ildən artıq həbsdə saxlayaraq, ona sadəcə, sözü-musiqisi başqalarına aid olan bəstələr oxuduğu üçün necə işgəncələr veriblər… Görün, bir sənətçiyə bu zülmü edən Çin rejimi siyasi fikirlər səsləndirənlərin, millətinin hüquqlarını müdafiə edənlərin, problemləri gündəmə gətirənlərin başına nə oyun açır?
Çin iyirmi birinci əsrdə orada yaşayan uyğurlara qarşı çox zalım işgəncələr tətbiq edib. Lakin çox təəssüf ki, dünya, o cümlədən də türklər bunun qarşısında susurlar. Bu, acı bir gerçəklikdir.
Tək ora deyil ki… Dünyanın harasında güclü bir dövlət varsa, onun tərkibində yaşayan türklərə qarşı zalımlıqlar davam edir”.
A.Zeynalov
www.yenicag.az