Çindəki kommunist rejimi müsəlman uyğurlara qarşı yeni təzyiq vasitəsinə əl atıb.
Yenicag.az-ın France24 xəbər kanalına istinadən verdiyi məlumata görə, cihazların quraşdırılmasına Çinin tərkibində olan Şərqi Türküstan Uyğur Muxtar vilayətinin Urumçi şəhər məmurları göstərişi əsasında başlanılıb.
Çin hökuməti məscidlərdə görülən bu tədbirin terrorla mübarizə ilə əlaqələndirməyə cəhd göstərib.
Bu ilin iyul ayında Çinin Şərqi Türküstan vilayətinə gedən iordaniyalı jurnalist Nehad Ceriri Urumçidə ilk dəfə məsciddə ibadət edənlər barəsində film hazırlamışdı.
3 həftə bundan əvvəl “Twitter”də yayımlanan həmin filmdə Urumçidəki Nukay məscidinə girmək istəyənlərin süni intellektli üztanıma cihazından keçdikdən sonra içəri daxil olmalarına icazə verildiyi əks olunub. Videoda məscidə ibadətə girmək üçün insanların növbədə uzun müddət gözlədikləri də diqqətdən yayınmır.
Təhlilçilər Çin rejiminin bu addımını uyğurlara qarşı təzyiqərin yeni forması olduğunu bildiriblər. Çünki o görüntülərdə həmin məkanın məscid deyil, şübhəliləri nəzarət altına alan polis bölməsi olması təəssüratı yaranır.
BMT-nin açıqlamasına görə, Çin hakimiyyəti ölkədə yaşayan uyğurların dilini və mədəniyyətini yox etməyə yönəlik repressiv siyasət yürüdür.
Firuzə Alimova
www.yenicag.az