“Coratda tariximiz məhv olur” – Jurnalist Mədəniyyət Nazirliyinə MÜRACİƏT ETDİ

media-hightechnic-468x90

Jurnalist Pərvin Abışova Corat qəsəbəsində yerləşən iki qədim tarixi hamamın acınacaqlı vəziyyəti ilə bağlı Mədəniyyət Nazirliyinə açıq müraciət edib.

Abışova bildirir ki, iki gün əvvəl Corat qəsəbəsində olarkən əsrlərin yaddaşını daşıyan, lakin hazırda yox olmaq təhlükəsi ilə üz-üzə qalan tarixi hamamların vəziyyəti ilə yaxından tanış olub. Onun sözlərinə görə, bu abidələr Azərbaycanın canlı tarixinin bir parçasıdır, lakin hazırda laqeydlik ucbatından tarixdən silinmək üzrədir.

Jurnalist vurğulayıb ki, bəzən öz tarixi irsimizi qorumaqda biganəlik nümayiş etdiririk. Halbuki başqa xalqlar, xüsusilə də ermənilər, olmayan tarixlərini belə süni şəkildə formalaşdıraraq dünyaya təqdim etməyə çalışırlar. Belə bir fonda Azərbaycanın qədim və həqiqi abidələrinin baxımsız qalması ciddi narahatlıq doğurur.

Pərvin Abışova Mədəniyyət Nazirliyinə ünvanladığı çağırışda qeyd edir ki, sözügedən hamamların bərpası təkcə daş-divarın qorunması deyil, həm də dövlətin mədəni irsə münasibətinin göstəricisidir:

“Bu abidələrin bərpası gələcək nəsillər qarşısında tarixi məsuliyyətimizin yerinə yetirilməsi deməkdir. Coratdakı bu tarixi hamamlar həm də regionda turizmin inkişafına ciddi töhfə verə bilər. Bu isə yerli əhali üçün sosial-iqtisadi canlanma, ölkə büdcəsi üçün isə əlavə gəlir mənbəyi deməkdir”.

Jurnalist müraciətində ictimaiyyəti də bu məsələni gündəmdə saxlamağa və həmrəylik nümayiş etdirməyə çağırıb:

“Əgər bu cür nadir irs nümunələri məhv olarsa, gələcək nəsillər bizi bağışlamayacaq. Gəlin tariximizə birlikdə sahib çıxaq”.

Qeyd edək ki, Corat qəsəbəsində yerləşən bu qədim hamamlar Azərbaycanın mədəni irsinin mühüm nümunələrindən hesab olunur. Hazırda abidələrin qəzalı vəziyyətdə olması ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa