!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çox ağır bir dönəmə qədəm qoyduq…” – SORĞU

!Reklam – Yazi

21912Artıq bu ili yola salırıq. Moderator.az jurnalistlərə “Bu il hansı uğurlarla yaddaşınızda həkk olundu? Həyatınızda, işlərinizdə nə yeniliklər baş verdi? Ümumiyyətlə bu il sizə düşərli oldumu?” sualları ilə müraciət edib. Cavabları təqdim edirik.

Kamil Həmidov (Gün.az): 2015-ci il dünya və cəmiyyətimiz üçün çox gərgin və sıxıntılı il oldu. İlin əvvəllindən başlayan devalvasiya ilin sonlarında pik həddinə çatdı və içi biz-media əhli qarışıq əhalinin mütləq əksəriyyətinə öz mənfi təsirini göstərdi və hələ də göstərməkdədir. Eyni zamanda, mayın 19-da və dekabrın 4-də xalqımıza ağır facilələr baş verdi. “Azadlıq” merosu yaxınlığında binanın yanması və “Günəşli” yatağında dəhşətli yanğının baş verməsi nəticəsində onlarla insan həyatını itirdi, xeyli yaralananlar, xəsarət alanlar oldu, hələ də 28 vətəndaşımızdan xəbər yoxdur. Bununla yanaşı, bəzi sevindirici hadisələr də oldu. Şəxsi həyatıma gəlincə, bəzi sıxıntılarıma, çətinliklərinmə rəğmən, əlamətdar, unudulmaz anlar, hadisələr də yaşadım. Üçüncü övladım, oğlum dünyaya gəldi. Onun dünyaya gəlişindən cəmi iki gün sonra- 22 iyul Milli Mətbuat Günü ərəfəsində ölkə Prezidentinin fərmanına (sərəncamına) əsasən “Tərəqqi” medalı ilə təltif olundum. İkinci kitabım işıq üzü gördü. Yəni, bu baxımdan, bu il mənə həm düşərli oldu, həm də düşərli olmadı”.

Röya Rəfiyeva (“Yeni Müsavat” qəzeti): “Bu il ümumilikdə düşərli olmadı. İl ərzində manat iki dəfə devalvasiyaya uğradı, dəyərdən düşdü. Payızda keçirilən parlament seçkiləri daha ciddi saxtakarlıqlarla müşayiət olundu. Bunlar da ölkə vətəndaşı olaraq mənə də təsirsiz ötüşmədi. Dükan-bazar bahalıqdır, üstəlik, dollarla deyil, heç manatla alınan krediti ödəmək mümkün deyil artıq. İşlərimə gəldikdə, altı ildir “Yeni Müsavat” qəzetində və musavat.com saytında çalışıram. Qəzet yayımının ümumilikdə durumu bərbaddır. Artıq etiraz aksiyaları da, maraqlı tədbirlər də yoxdur ki, jurnalist kimi günüm maraqlı olsun. Dəyişiklik “Kanal 13” internet televiziyasında həftədə bir dəfə verilişimin olmasıdır. Artıq dörd aydır yayımlanan “Onun baxış bucağı” bu il üçün uğurumdur. İlin əvvəlində rəfiqəmi- gənc müsavatçı fəal Nərgiz Yaqublunu itirdik. Bu, həm də cəmiyyətin itkisi idi. İl ümumilikdə mənə düşərli olmasa da, il ərzində tapdığım, rastlaşdığım və hazırda ətrafımda olan yaxşı insanlara, dostlara görə şükür edirəm”.

Mətanət Ağamirli (Lider TV): “2015-ci il mənim fikrimcə, dünyanın keşməkeşli bir dönəmi oldu. Biz bu ili nə yazıqlar ki, həm soyuq, həm odlu muharibələrin, qarşıdurmaların kəskinləşdiyi bir il, həmçinin neftin qiymətinin kəskin azalması ilə müşahidə olunan iqtisadi krizis ili kimi yaşadıq. Azərbaycan ucun 2015-ci il nə ilə yadda qald sualına diqqət etsək, ilk öncə 2015-ilk Avropa Oyunları qeyd edilə bilər. Təbii belə bir mötəbər yarışın uğurlarını dadmaqla yanaşı iqtisadi sıxıntıların da Azərbaycan insanından yan keçməməsini də vurğulamaq istərdim. Təəssuf ki, biz toplum olaraq bir neçə ay öncə binalardan birində, eləcə də Günəşli yatağında başverən yanğınlar zəmnində insanların faciəvi sürətdə həyatlarını itirmələrinin acısını yaşadıq. Yenə də təəssüflə qeyd etməliyəm ki, biz 2015-ci ilin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli atılmış bir addımın şahidi olmadıq. Yola saldığımız ilin hər bir insanın şəxsi həyatında olduğu kimi, əlbəttə ki, mənim də xatirəmdə bir çox hadisələrlə qalacaq. Amma qeyd edildiyi kimi bu hadisələr şəxsi olduğu ücün, şəxsə məxsusdur. Mən fərdə məxsus məsələlərin ictimailəşməsini o qədər də dəstəkləyən biri olmadığım üçün 2015-ci ilin mənim heyatımdakı izi qoy ele şəxsi hadisələr olaraq şəxsi həyatımda qalsın… Ümümən deyə bilərəm ki, 2015-ci il mənim üçün düşərli oldu”.

Elçin Rüstəmli (“Bizim Yol” qəzeti): “Bu il 10 ildir calisdığım “Bizim Yol” qəzeti ve bizimyol.info saytı üçün uğurlu oldu. Sosial şəbəkə üzərindən izləyicilərimizin sayı 1.2 million nəfəri keçib. Hər gün yüz minlərlə oxucu informasiyani bizimyol.info saytından alır. Bu, kollektiv əməyinin məhsuludur və mən də başa çatmaqda olan ilin əsas uğuru kimi bu faktı qeyd edə bilərəm. Amma Azərbaycan üçün bütövlükdə 2015-ci il uğurlu sayıla bilməz. Dağlıq Qarabağ problemi həll olunmadı. Onlarla əsgər və zabitimiz şəhid oldu. Bundan başqa neftin qiymətinin ucuzlaşması, iki dəfə baş verən devalvasiya vətəndaşlarımızı ciddi sosial çətinliklərlə üz-üzə qoyub. Bu il may ayının 19-da Azadlıq prospektində çoxmərtəbəli binanın yanması nəticəsində 15 nəfərin həlak olması, həmçinin Günəşli yatağında baş verən faciə ilin ən kədərli notlarla zəngin olduğunu göstərir”.

Hacıbəy Heydərli (Azxeber.com xəbər saytının baş redaktoru): “Düşünürəm ki, 2015-ci ili çox da uğurlu və düşərli hesab etmək düzgün olmaz. Bunun obyektiv və subyektiv səbəbləri var. Hər şeydən öncə bu il ölkəmiz böyük itkilər verdi. 19 may bina yanğını və 5 dekabr Günəşli yatağında baş verən yanğında dünyasını dəyişən həmyerlilərimiz, cəbhədə şəhid olan əsgərlərimizin fonunda ili uğurlu adlandırmaq absurd olar. Bundan başqa il ərzində 2 dəfə devalvasiyanın olması da insanlarımızın əhvalına birbaşa təsir etdi. Öz baxımımdan isə deyə bilərəm ki, bu il ərzində Türkiyədə magistr təhsilimin son mərhələsinə qədəm qoydum, baş redaktoru olduğum azxeber.com portalı Mətbuat Şurasına üzv oldu, istər saytımız, istərsə də özüm bir neçə müsabiqənin qalibi oldu. Ümid edirəm ki, 2016-cı il millətimiz və dövlətimiz üçün daha yaddaqalan ve ürəakaçan hadisələrlə bol olacaq”.

Vüsal Məmmədov. (Azvision.az saytının baş redaktoru): “Düşər-düşməz” söhbətinə inanmıram. Nəyinsə yaxşı olması üçün çalışmaq, işləmək, düşünmək lazımdır. Bu il ərzində işlərimizin, layihələrimizin uğurlu olması üçün usanmadan çalışmışıq. Ortada nəticədə də var. Gələn il isə daha çox çalışacağıq”.

Günay Arda (Femida.az saytı): “Hər ilin yaxşı və qayğılı günləri olur. 2015-ci ildə də belə oldu. Məişət qayğılarımız, yaradıcılıq uğurlarımız olduğu kimi qaldı. Əvvəllər hər hansı problemlə qarşılaşanda düşünürdük ki, bəlkə daha yaxşı şərtləri olan ölkəyə gedək. İndi dünya o qədər qarışıqdır ki, getməyə planet axtarırıq. Ümid edirəm, 2016-cı ildə insanlar fəlakətə, müharibələrə uzaq keçmiş kimi baxarlar. Sosial şəbəkələrdə hamı 2015-ci ilin tez getməyini arzu edir. İlin günahı yoxdur. İli gözəlləşdirən də, çirkinləşdirən də insanlardır. 2016-cı ildə xoş günlər arzu edirəm”.

Azər Həsrət: “Əlbəttə, hər şeydən öncə 1-ci Avropa Oyunlarıyla yadda qaldı bu il. Digər tərəfdən may ayında bir binada çıxan yanğında insanlarımızın həlak olması, bundan sonra dekabrda neftçilərin başına gələn qəza, ona qədərsə MTN-lə bağlı baş verənlər çox yaddaqalan oldu. Manatın başına gələnlər isə hər kəs üçün yaddaqalan oldu. Bütün bunlara baxmayaraq düşünürəm ki, 2015 Azərbaycan üçün yaxşı anlamda yaddaqalan ildir. Şəxsi planda isə, həmd olsun, bir şikayətimiz yox”.

Günel Cəlilova (Bakı – Xəbər Qəzeti): “Bu ilin yekunlaşmasına sayılı günlər qalıb. Bu il yaddaşımızda bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizdə “Bakı 2015″ İlk Avropa oyunları keçirildi. Oyunları izləməkdən böyük zövq alırdım. Bu il ərzində bir sıra jurnalist yazı müsabiqələrində qalib olmuşam. İş, karyera sarıdan il pis keçməyib. Üzümüzə gələn 2016-cı il tək mənim üçün deyil, bütün ölkə üçün düşərli il olsun”.

Vəli Vəlili (Sia.az, icraçı direktor): “Desəm yeniliklər, dəyişikliklər, mənə qismət olanlar olmadı, deməli yaşamamışam”.

Elşad Məmmədli (“Yeni Müsavat” qəzeti): “Bu il bütövlükdə ölkə üçün heç də asan olmadı. Bu ildə bir neçə faciə yaşadıq: bina yandı, 16 nəfər insanımız həlak oldu. Dənizdə Günəşli yatağında 30 neftçimiz həyatını itirdi. Neft ucuzlaşdı, iki dəfə devalvasiya oldu. Bütövlükdə ölkə üçün çətinliklər yarandı. Amma təbii ki. uğurlarımız da oldu. Ölkədə Avropa Oyunları keçirildi, bir sıra islahatlar aparıldı, hökumətdə yenilənmələr oldu, dövlətin pullarını mənimsəyən bir neçə şəxs həbs edildi və sair. Şəxsi həyatımda isə elə bir ciddi nailiyyət olmadı. İlin sonunda isə çox sevdiyim nənəmi itirdim. Bu həyatdır və biz bu həyatın bütün üzlərinə hazır olmalı və həyatımızı davam etdirməliyik. İnşallah, 2016-cı il cəmi xalqımız üçün uğurlu olar”.

Zülfiyyə Qurbanova: “2015-ci ildə mənim üçün çox sürətlə keçdi. Yaxşı və pis hadisələr çox oldu. Konkret olaraq düşərsiz və ya düşərli oldu deməzdim. 2015-ci il Azərbaycanda 2 dəfə devalvasiya ilə tarixə düşsə də şəxsən mənim üçün qızımın toyu ilə yadda qalacaq. Övladımın gözəl ailə qurması bir ana olaraq mənim də uğurumdur. Jurnalist karyerama gəlincə, bu ilin sonuncu rübündə ANSPRESS-dən ayrıldım. Çox yorulmuşdum, fəaliyyətimə ara vermək qərarina gəldim. Karyerama inşallah yeni ildən yeni kollektivdə start verəcəm. Milli Məclisin bu ilki seçkilərində namizədliyimi irəli sürdüm. Amma bəzi nüanslar məni qane etmədiyindən geri çəkildim. Reallıq bu idi ki, artıq seçilən seçilmişdi, mən boşuna vaxt itirəcəkdim. 2015-ci il xarici səfərlərlə də yadda qaldı mənim üçün. Ən əsası isə, yola saldığım ildə xəstəlik keçirmədim. 2016-cı ildən gözləntilərim çoxdur. Bu il yetərincə dincəldim, inşallah, yeni İlə bol enerji ilə start verəcəm”.

Zaur Qəriboğlu: (Reaskiya.az saytı): “Mənim üçün insan həyatı mübarizədən, enişdən, yoxuşdan ibarətdir. Bu üzdən mənim üçün uğurlu, uğursuz il anlayışı yoxdur. Təlatümlü İNSAN ömrü var və biz də bu ömrü yaşamağa məhkumuq”.

Nigar İsfəndiyar (köşə yazarı): “Hər ilin özünəməxsus ağrı-acısı vardır. 2015-ci il də həsrətlə gözlədiyimiz bir il idi, arzularımızla gəldi, ağrılarımızla yola düşür. Nə yeniliklər baş verdi, bir az da böyüdüm, yetkinləşdim, təcrübə qazandım. Yaş üstə yaş gəlir deyir böyüklərimiz, yaşımın üstünə yaş gətirdi, həyatımın 35-ci ilini geridə qoydum. Əlbəttə düşərli olmadı demək nankorluq olardı, amma ağrısı çox oldu bu ilin. Son hadisələr, ələlxüsus dənizdə qalanların faciəsi yaşanan bütün sevincləri kölgədə qoydu. Bakının hansısa rayonunda, lap elə hansısa küçəsində hələ də atasının yolunu gözləyən bir körpə varsa mənim sevincdən, əyləncədən danışmağım vətəndaşlıq hissindən uzaqdır. Və hələ də Azərbaycan bütöv deyilsə, Qarabağ məsələsi qara dərd olaraq qalırsa burda düşərlilikdən söhbət belə gedə bilməz. Ona görə də çox böyük təəssüf hissilə 2015-ci ili də yola salıram. Yeni ildə isə millətimə çörək dərdi çəkməməyi arzu edirəm…”

Aqil Camal (“Türküstan” qəzetinin baş redaktoru): “Siz yalnız uğurları soruşursunuz deyəsən. Ciddi bir uğursuzluğa düçar olmamışam. O üzdən deyə bilərəm ki, ümumən uğurlu saymaq olar. Xüsusilə, ilin sonunda yeni xəbər portalımız – Turkustan.info fəaliyyətə başladı. Bu baxımdan, ili uğurla yekunlaşdırırıq demək olar. Ancaq, bununla yanaşı, istər şəxsi həyatımda, istərsə də xalqımızın həyatında bu il sıxıntılı, kədərli anlar da oldu. Elə hal-hazırda davam edən maliyyə böhranı buna misaldır. Bu problemlərlə hər kəs üz-üzədir. Ümid edirəm ki, qarşıdan gələn 2016-cı il hər birimizin simasında xalqımız üçün böyük uğurlar ili olacaq”.

Aqil Ələsgər (Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru): “Açığı ölkəmiz acısından ağır bir il keçirdik. Həm Azərbaycanın nüfuzu üçün çox önəmli bir tədbir-Bakı 2015 Avropa Oyunları keçirildi. Eyni zamanda iki dəfə devalvasiya ilə üzləşərək, çox ağır bir dönəmə qədəm qoyduq. Şəxsi olaraq, bu il bir çox planlarımızı həyata keçirə bildik. Fevral ayında İstanbulda Beynəlxalq Xocalı Simpoziumu keçirə bildik. Nəzərinizə çatdırım ki, Türkiyənin İnsani Yardım Vəqfi tərəfindən keçirilən simpoziumun təşəbbüskarlarından biri mən oldum. May ayında Taksimdə, İstiqlaliyyət küçəsində “Bayrağınla yaşa Azərbaycan” aksiyası keçirdik ki, 2012-ci il Xocalı mitinqindən sonra İstanbulda həyata keçirilən ən rezonans doğuran aksiya idi. 28 maya həsr olunan tədbirin də təşəbbüskarı və təşkilatçısı olmaq qürurvericidir. Eyni zamanda bu il mənim illərdən bəri apardığım araşdırmaların toplandığı “Terrorun Gülən üzü” adlı kitabım işıq üzü gördü və inşallah üzümüzə gələn il türkcəsini çap etməyi də planlaşdırırıq. Yenə bu il 15 sentyabrda ilk dəfə Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşunu İstanbulda, Naxçıvanı ermənilərdən azad edən Kazım Karabəkir Paşanın adına olan vəqfdə, onun qızı Timsal Karabəkir ilə birlikdə keçirdik. Demək olar ki, bu il yaddaşımda işgüzar səfərlərim və gərgin iş rejimimlə qalıb. Ancaq ümid edirəm ki, gələn il daha düşərli olacaq və ölkəmizin üzərindəki buludlar dağılacaqdır”.

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv