!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cümhuriyyəti sevməyənlərin Rəsulzadəni sevmələri mümkün deyil” - Milli liderin nəvəsi danışır

!Reklam – Yazi

“Cümhuriyyət və Rəsulzadə əleyhinə danışanlar ya tarixi bilmirlər, ya da ki bunu bilərəkdən edirlər”.

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür. Bu əlamətdar gün ərəfəsində Yenicag.az-ın qonağı olan Milli liderin nəvəsi Rais Rəsulzadə babası ilə bağlı çox maraqlı məqamlara toxunub.

– Rais bəy, belə təsəvvür var ki, Siz cəmiyyət üçün sadəcə, böyük Rəsulzadə sülaləsinin davamçısı yox, həm də cəmi iki il mövcud olmuş Cümhuriyyətin və onun ömürləri yarıda qırılan qurucuları adına böyük təskinliksiz…

– Açığı, sadə sual deyil, cavab vermək çox çətindir. Əlbəttə ki, mən bu münasibəti hiss edirəm və sözügedən məqam da mənim hərəkətlərimə, davranışıma ciddi surətdə təsir göstərir. Bu, həm şərəflidir, həm də mənim üçün böyük məsuliyyət yaradan haldır. Ancaq çətin olsa da, çalışıram ki, hər zaman böyük Məhəmməd Əminin adına layiq olum.
Digər tərəfdən, nəinki Azərbaycanda, o cümlədən də başqa ölkələrdə, xüsusilə Türkiyədə olarkən tanımadığım adamlar mənim kim olduğumu bildikdə, elə hörmət-ehtiram göstərirlər ki, deməyə söz tapmıram… Məsələn, bu yaxınlarda Ankarada çox yüksək səviyyədə mənim fərdi sərgim keçirildi. Həmin ərəfədə məni beşulduzlu oteldə yerləşdirdilər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birinci köməkçisi, danışmanı sərgi davam edən müddətdə məni tək buraxmadı, hər zaman diqqət mərkəzində saxladı, hətta öz xidməti avtomobilini də mənim istifadəm üçün ayırdı.

Hər addımda adi bir şəxs olmadığımı ətrafdakılara nümayiş etdirməyə çalışırdılar. Getdiyim yerlərdə hətta qurbanlar da kəsilirdi. Bu detalları mənə göstərilən ehtiramın səviyyəsi haqda təsəvvür yaratmaq üçün danışıram. Bütün bu münasibət sözsüz ki, Məhəmməd Əmin Rəsulzadəyə olan bitməz sayğının təzahürüdür – xalq Cümhuriyyət qurucularının xatirəsini daim əziz tutur.

– Yəqin ki, indiki diqqət və rəğbət şəraitində əvvəllər Rəsulzadə sülaləsinə mənsubluğunuzu gizlətmək məcburiyyətində qaldığınız dövrləri xatırlayıb müqayisə edirsiz…

– O dövrləri unutmaq mümkün deyil. Bəli, həmin vaxtları xatırlayıram və deyim ki, bir-birindən kəskin seçilən dövrlərdir. Tarix dəfələrlə göstərib ki, kimlərisə məcburi qaydada unutdurmaq, yaddaşlardan silmək mümkün deyil, zaman dəyişir və hər şey öz yerini tutur. Bəli, bir vaxtlar Rəsulzadənin adını çəkmək belə nəinki qadağan idi, hətta buna görə sərt cəzaya məruz qalmaq olardı. Cümhuriyyətin yaradılması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və o səhifəni yazanlar hər zaman xalqın qəlbində əbədi yaşayacaqlar. Cümhuriyyəti sevməyənlərin Rəsulzadəni və onun silahdaşlarını sevmələri mümkün deyil.

– Ancaq Cumhuriyyət və konkret Rəsulzadə əleyhinə səslənən fikirlərə cəmiyyət həmən sərt təpki göstərərək, onu deyənləri yerində oturdur…

– Bəli, doğrudan da elədir. Çünki o cür cəhdlər tamamilə yersizdir. Cümhuriyyət və Rəsulzadə əleyhinə danışanlar ya tarixi bilmirlər, ya da ki bunu bilərəkdən edirlər. Rəsulzadənin fəaliyyəti Cümhuriyyətin qurulduğu dövrdən yox, ondan çox əvvəl – 1905-ci ildən başlayır. Həmin ildə Rusiyanı bürüyən inqilab dalğası imperiyanın ucqarı olan Azərbaycana da yayılmışdı və Rəsulzadə o dövrün inqilabi proseslərində fəal iştirak edirdi. “Hümmət” təşkilatının qurulmasında onun fəal iştirakı da bu dediklərimi təsdiqləyir. Rəsulzadə sonralar yazırdı ki, həmin proseslərin inkişafında təşəbbüsü ələ almaq zərurəti yaranır və o da bu addımı atır.

Onun inqilabi fəaliyyəti çar hökumətini ciddi narahat edirdi. Buna görə də həbs təhlükəsi böyüyəndə Rəsuladə İrana keçməli oldu. İranda olduğu müddətdə isə Səttarxan hərəkatında yaxından iştirak etdiyi üçün şah hökuməti onun həbsinə qərar verdikdə Rəsulzadə İrandan Türkiyəyə getdi. Yalnız 1913-cü ildə ümumi siyasi amnistiyanın verilməsindən sonra Bakıya dönən Rəsulzadə Müsavat Partiyasını yaratdı. 1917-ci ildə keçirilən Ümumrusiya müsəlmanlarının qurultayında çıxış edən Rəsulzadə mədəni muxtariyyat əvəzinə, siyasi muxtariyyat prinsipini irəli sürür və onun bu təklifi dəstəklənir. O zaman Əlimərdan bəy Topçubaşov da Rəsulzadənin bu fəallığını görərək, onunla qürur duyduğunu demişdi. Yəni Rusiyada fevral inqilabından sonra yaranan 13 milli muxtariyyatın yaradılmasında Rəsulzadənin böyük rolu olub. O böyük şəxsiyyətin Azərbaycanın müstəqilliyi uğrundakı xidmətləri barədə isə bilməyən yoxdur.

– Bu fəaliyyətin olduqca mürəkkəb dövrə düşməsi xüsusi qeyd olunmalıdır…

– Həqiqətən, çox mürəkkəb dövr idi. Təsəvvür edin ki, Azərbaycanın müstəqilliyi elan olunanda ölkənin maliyyə-iqtisadi potensialının 80 faizi ermənilərin və digər millətlərin əlindəydi. Bakı və bütövlükdə Azərbaycan böyük dövlətlərin hədəfində idi. Azərbaycanın müstəqilliyini qəbul etməyən qüvvələr bütün imkanları ilə buna qarşı çıxırdılar. Belə bir şəraitdə həyata keçirilən nəhəng fəaliyyətdən bəhs edirik. Bunu qiymətləndirməmək mümkün deyil.

– Sizcə, Rəsulzadə irsinin öyrənilməsi məsələsində tədqiqatçıların işini bitmiş saymaq olarmı, yoxsa bu istiqamətdə görüləsi işlər hələ çoxdur?

– Yox, Rəsulzadə irsinin öyrənilməsi işi hələ tam bitməyib. Onun irsi çox böyükdür və fəaliyyəti bir ölkə ilə məhdudlaşmır. Rəsulzadənin fəaliyyətində milli xətlə yanaşı, beynəlxalq xəttin olduğunu da nəzərə almalıyıq. O, sadəcə, bir siyasətçi və dövlət qurucusu yox, həm də Azərbaycan milli hərəkatının böyük ideoloqu, 10 cilddə toplanmış ciddi əsərlərin müəllifidir. Məsələn, bu gün geniş təbliğ olunan Azərbaycançılıq ideologiyasının banisi də məhz Məhəmməd Əmindir. Onun fəaliyyətinin böyük qismi mühacirət dövrünə (Finlandiya, Polşa, Fransa, Rumıniya və əlbəttə ki Türkiyə) düşür.

– Yeri gəlmişkən, Məhəmməd Əmin bəyin həyat yoldaşı Leyla xanımın məzarı bu yaxınlarda aşkarlandı…

– Leyla xanımın Ankarada xristian qəbiristanlığında dəfn olunması haqqında bizim məlumatımız vardı. O məzarın aşkarlanmasında Milli Kültür Dərnəyinin böyük rolu oldu. Axtardılar, araşdırdılar və tapdılar. Nədənsə, onu Rəsulzadənin yanında dəfn etməyiblər. Bu da yəqin Leyla xanımın o qədər tanınmış sima olmaması ilə bağlıdır. Ümumiyyətlə, bu çərçivədə hərdən təəccüblü hallarla rastlaşırıq. Məsələn, uzaq qohumlarımızdan biri ölümündən sonra Rəsulzadənin yanında dəfn olunmasını vəsiyyət etmişdi.

– Bu da hər halda rəğbətdən doğan arzudur…

– Hə, əlbəttə, istəkdən gəlir. Ancaq burada demək istəmədiyim nüanslar var axı…

Rəsulzadənin ərəblərə satılan evi

– Rəsulzadə irsi təbii ki hələ çox araşdırılacaq, tədqiqatçılar bu işlərlə məşğul olurlar. Ümumiyyətlə, Rəsulzadəyə və Cümhuriyyətə bu dövrdə verilən qiymət qaneedicidir?

– Deyim ki, Heydər Əliyev hakimiyyətə gəldikdən az müddət sonra – 1994-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 110 illiyinin qeyd olunması haqqında sərəncam verdi, Opera və Balet Teatrında yubiley tədbiri keçirildi. O sərəncam çərçivəsində nəzərdə tutulmuş tədbirlər planı əsasında Rəsulzadənin ev-muzeyinin yaradılması, əsərlərinin çap olunması və heykəlinin qoyulması nəzərdə tutulurdu. Ancaq nədənsə, o işlərin həyata keçirilməsi uzadılır…
Bilənlər bilir ki, Rəsulzadənin üç evi olub – əmisinin, atasının və özünün Qoşa Qala qapısının yaxınlığında olan evi. O evin sənədlərini atama vermişdilər. Atamın vəfatından sonra isə o sənədlər məndədir. Ev o zaman uçuq-dağınıq vəziyyətdə idi. Çox arzuolunan idi ki, evi təmir edib, sonra versinlər. O evin birinci mərtəbəsində Milli Qəhrəman anası olan bir qadın yaşayırdı. Bir dəfə Nəsiman Yaqublu ilə ora gedib, evin vəziyyətinə baxmaq istədik, o qadın gözləmədiyimiz halda elə səs-küy saldı ki, heç nə demədən geri döndük. Dedik, bir az vaxt keçsin, görək necə olur. Sonra o evi götürüb ərəblərə satıblar. Bu barədə Hacıbala Abutalıbovdan soruşanda əvvəl dedi ki, araşdırarıq. Sonra da bildirib ki, yəqin nəvəsinin xəbəri yoxdur, Rəsulzadənin oğlu, yəni atam o evi satıb. Atam o zaman rəhmətə getmişdi, Azərbaycan heç MDB-yə daxil olmamışdı, sənədlər də məndə ola-ola, evi kim və necə sata bilərdi? Ancaq mən bu məsələyə qayıdıb, onun həll olunmasına çalışacam.

Yəni sərəncam verilməsinə, maliyyə ayrılmasına baxmayaraq, Rəsulzadənin ev-muzeyinin açılması və heykəlinin qoyulması məsələləri açıq qalır.

– Buna mane olan hansı “əl”lərdir?

– Məncə, o əllər nisbətən aşağı instansiyalardır. Çünki prezident səviyyəsində, hətta Heydər Əliyev tərəfindən konkret sərəncam verilib. Ancaq o sərəncama əməl olunmur. Bu da dediyim kimi, aşağı instansiyaların işidir. Çünki bu işlərlə maraqlandıqca, özüm bunun şahidi olmuşam. Gedirəm, məmurlarla söhbət edirəm, deyirlər ki, həll olunacaq. Amma nə zaman? Buna cavab vermirlər. Sadəcə, bu işlərin həyata keçirilməsinin həvalə olunduğu məmurlar ya qorxurlar, ya biganəlikdir, da başqa səbəblər var… Bu barədə söhbətləşdiyim millət vəkilləri də bu paradoksa bir izahat verə bilmirlər.

– Yaxşı, bu məsələ öz-özünə necə nəzarətsiz qala bilər ki?

– Sovet hökuməti 70 il ərzində Rəsulzadənin adını çəkməyə belə imkan vermirdi. Sadəcə, bəzi dərsliklərdə onunla bağlı müqayisə xarakterli müəyyən qeydlər vardı. Yəqin bəzi məmurların Rəsulzadəyə münasibətində hələ də bu yanaşma əsas götürülür.

– Siz də müşahidə edirsiz ki, cəmiyyətdə ideoloji ziddiyyətlər və millətə xidmət planında Rəsulzadə-Nərimanov müqayisəsi səngimir…

(Ardı var)

A. Zeynalov

Foto: Cəmalə

COP29

www.yenicag.az

2699
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv