Emin Əmrulayevin müəllim düşmənliyi: Nazir Azərbaycan xalqını aşağılama cəsarətini haradan alır?
Ötən gün yenə iki nazirin – eılm və təhsil naziri Emin Əmrullayevlə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun fərqli televiziya kanallarına müsahibəsi yayımlandı.
Sual: Azərbaycanda ən çox tənqidə məruz qalan bu iki şəxsin birdən-birə eyni anda televiziyada boy göstərməsi onların danışmaq arzusundan qaynaqlanır, yoxsa başqa səbəb var?
Bunun səbəbi özünü ifadə ehtiyacı yox, görülən lüzumsuz işlərin vacibat kimi ictimaiyyətə sırınmasıdır.
Hər danışanda özündən əvvəlki nazirlərin ölmüşlərinə rəhmət oxudan Emin Əmrullayev bu dəfə rəhmət oxutmaqla kifayətlənmədi, insanların duyğularını ən pik həddə çatdırmağı bacardı. Elm və təhsil naziri olmasına baxmayaraq, müəllimlərin reputasiyasına, imicinə xələl gətirən açıqlamalar verməkdən zərrə qədər çəkinməyən Əmrullayev cənabları əlinə aldığı ağzı küt qılınca kəllə qoparmağa çalışdı. Ancaq hansı formada? 8 min müəllimin işdən çıxarıldığını deməklə! Müəllimlərin məktəbə “müştəri yeri” kimi baxdığını söyləməklə! “O mənim üçü müəllim deyil” kimi cümlə qurmaqla!
Məktəblərdə müəllimlərin öz otaqları olmadığını deyən Cənab Əmrullayev hətta o qədər təhsil sisteminə yad olduğunu üzə çıxardı ki, təəccüb və kədər hissi insanı bürüməyə bilməzdi. Bəyəm nazir bilmirmi ki, məktəbləri qoyun bir kənara, universitetlərdə belə müəllimlərin öz otaqları yoxdur? Xaricdəki universitetlər hər elm insanına şəxsi otaq, hətta velosiped ayırmaqla qalmır, onun istirahəti və yaxşı iş ortaya çıxarması üçün maksimum səy göstərir. Azərbaycanda isə elm insanlarına akademik məzuniyyət belə verilmir!
Əvvəlki açıqlamalarında Azərbaycan xalqının böyük qisminin oxuduğunu anlamadığını bildirən Emin Əmrullayev dünənki müsahibəsindən sonra bir daha özünü ifadə etmə istəyinin qurbanı olub. Belə ki, şəxsi sosial media hesabında paylaşım edən Əmrullayev aparılan müzakirələri “məntiqsiz” adlandırıb, cəmiyyəti “əsas fikri detallardan ayıra bilməmək”də günahlandırıb. Azərbaycan xalqının xidmətçisi olan nazir bax beləcə Azərbaycan xalqını aşağılayır!
Emin Əmrullayev bu cəsarəti haradan alır? Onu bu qədər inanclı formada müəllimləri təhqir etmə, alçaltma səylərinə sövq edən nədir? Bu suallar cavablandırıldığında Emin Əmrullayev təhsil sahəsindən getmiş olacaq.
Camal Cavanşir












