Dağılan Rusiya MİFİ – “Müharibədə ölənlər barədə məlumatları gizlədən Kreml...”
Rusiyanın hərbi tarixi Krım müharibəsindən Sovet İttifaqının Əfqanıstandakı məğlubiyyətinə qədər bir sıra ağır məğlubiyyətlərlə doludur. Ancaq Kreml, təntənəli paradlar və təsirli dezinformasiya kampaniyaları vasitəsilə özünü dayanılmaz super güc kimi təqdim etməyi bacardı.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın dünyaya yaydığı mifin, əslində, qırılmaq üzrə olduğunu təhlil edən “AtlanticCouncil” nəşri yazıb.
Məqalədə qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il yay hücumu qələbə mifini əsaslı şəkildə yalanlayır. Hücumun başlanğıcında Ukrayna ordusunun dağılmaq üzrə olduğuna dair geniş yayılmış inancın əksinə olaraq Rusiya qoşunları heç bir strateji məqsədə çata bilmədi. Üç aylıq şiddətli döyüşlər nəticəsində Rusiya cəbhə xəttində cüzi irəliləyiş əldə etdi və ümumən Ukrayna ərazisinin cəmi 0,3%-ni ələ keçirə bildi. Hədəflənən Sumı və Xarkov kimi şəhərləri tutmaq planları tamamilə uğursuz oldu. İşğalçı qüvvələr yalnız bir neçə sərhəd kəndini tutmaqla kifayətlənməyə məcbur qaldı.
Bu uğursuzluq Rusiya üçün çox ağır itkilər hesabına başa gəldi. Müharibədə həyatını itirənlər barədə rəsmi məlumatları gizlədən Kremlin əleyhinə olan mühafizəkar qruplar belə yay ərzində on minlərlə rus əsgərinin həlak olduğunu qeyd edir. Mütəxəssislər bildirir ki, hücumun nəticələrinin təhlili onun tam bir “iflas” olduğu qənaətinə gətirib çıxarır.
Uzun müddətdir davam edən Rusiyanın hərbi qüdrət və qələbə qazanmaqla bağlı qaçılmazlıq mifini də məhz həmin uğursuzluq ifşa edir. Rusiyanın hərbi tarixi Krım müharibəsindən Sovet İttifaqının Əfqanıstandakı məğlubiyyətinə qədər bir sıra ağır məğlubiyyətlərlə doludur. Ancaq Kreml, təntənəli paradlar və təsirli dezinformasiya kampaniyaları vasitəsilə özünü dayanılmaz super güc kimi təqdim etməyi bacardı.
Bu yalançı kampaniyalar Qərbin Ukraynaya dəstək siyasətinin formalaşmasında da təkanverici amil oldu. Qərb liderləri tez-tez Rusiyanın güc təhlükəsini və nüvə şantajını əsas gətirərək Ukraynanı zəruri hərbi yardımla təmin etməkdə tərəddüd göstərdilər. Döyüş meydanındakı faktlar göstərir ki, Rusiya ordusu gözləntilərdən çox aşağı performans göstərir. Ukrayna lazımi dəstək alsa vəziyyəti öz xeyrinə çevirə bilər.
Nəsimi Ələsgərli