!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir ölkə də Suriyaya qoşun yeridir: Əsədin mühasirəsi daralır

!Reklam – Yazi

İordaniyanın Azad Suriya Ordusunun birləşmələri ilə Suriyanın cənubunda İŞİD-ə qarşı əməliyyata hazırlaşdığı bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İordaniyanın Azad Suriya Ordusunun birləşmələri ilə keçirəcəyi birgə əməliyyatı ABŞ və Böyük Britaniya da dəstəkləyəcək.

“Əl Ərəbi Əl Cədid”, “Əl Həyat” və “Əl-Cəzirə” kimi nüfuzlu nəşrlərin məlumatına görə, İordaniyanın Suriyanın cənubunda hərbi əməliyyata başlamaq niyyəti Rakkaya hücum zamanı İŞİD terrorçularının bu ölkəyə keçmək təhlükəsindən qaynaqlanır.

Qeyd olunur ki, Əmman bu hazırlıqlar çərçivəsində Azad Suriya Ordusunun Suriyanın cənubunda mövqe tutan və İordaniya tərəfindən təlim keçilən birliklərini yüksək döyüş hazırlığı vəziyyətində saxlamağı düşünür.

Eyni zamanda, İordaniya İŞİD-ə qarşı əməliyyat zamanı Azad Suriya Ordusunun dəstəyi ilə həm də “Xalid Bin Vəlid Ordusu” qruplaşmasını da sıradan çıxartmaq niyyətindədir.

Məlumata görə, Azad Suriya Ordusunun ölkənin cənubunda mövqe tutan və “Cənub cəbhəsi” adı ilə tanınan birləşməsinin bəzi komandirləri İordaniyaya çağırılıblar. İordaniyada onların iştirakı ilə ABŞ-ın nəzarətindəki Mərkəzi Ordu Komandanlığında (MOK) bir neçə toplantı keçirib. Nəzərdə tutulan əməliyyatın detalları komandirlərlə müzakirə edilməsə də, əməliyyat şəraiti dəyərləndirilib və Azad Suriya Ordusunun silah-sursat ehtiyacları öyrənilib.

İordaniya kralı II Abdullahın ABŞ-a, Böyük Britaniyanın baş naziri Tereza Meyin ötən həftə Əmmana səfərinin qeyd olunan əməliyyat ərəfəsinə təsadüf etməsi diqqətdən qaçmır. Bildirilir ki, ABŞ və Böyük Britaniya keçiriləcək əməliyyat zamanı Azad Suriya Ordusuna hava hücumu ilə dəstək verəcək.

Xatırladaq ki, İŞİD Suriya-İordaniya-İraq sərhədlərinin kəsişdiyi Tenef bölgəsini təqribən bir il nəzarətdə saxlasa da, Azad Suriya Ordusu 2016-cı il martın 20-də ərazini terrorçulardan təmizləyib.

Bundan başqa, sərhəddəki Rukban qaçqın düşərgəsi də İordaniyanı narahat edən məsələlər sırasındadır. İŞİD düşərgənin yerləşdiyi ərazidə İordaniya hərbçilərinə dəfələrlə hücum edib. İordaniya bölgəni İŞİD-dən tamamilə azad edib, düşərgədəki qaçqınların özlərinə yeni həyat qura bilmələrinə şərait yaratmaq niyyətindədir.

Yeniçağ.Az

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv