Dalana dirənmiş SAVAŞ – “ABŞ artıq bu münaqişəni dayandıra bilmirsə...”
“ABŞ bu münaqişəni dayandıra bilmirsə, bu müharibə davam edəcək”.
Bu sözləri Rusiya Ukrayna müharibəsinin şiddətli mərhələyə keçməsi və gözlənənləri Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, yaxın zamanda müharibənin bitməsi gözlənilmir:
“Trampla Putin görüşü ABŞ daxilində böyük rezonans yaratdı. Tramp açıqlama verdi ki, daim müdafiə olmaq olmaz, torpaqları işğaldan azad etmək üçün hücuma keçmək lazımdır. Həm ABŞ-dən, həm Qərbdən Ukraynaya yardımlar var. Bir gündə Rusiya ərazisinə eyni vaxtda 200-dən artıq dron hücumu oldu”.
Onun sözlərinə görə, görünən odur ki, Ukrayna da ruslar kimi təkcə strateji obyektlərə yox, insanların sıx olduğu ərazilərə zərbələr endirməyə çalışırlar:
“Ukrayna Krımdakı dəmiryol vağzalına zərbələr endirib. Son günlər Ukrayna ordusu Donetsk istiqamətində əks hücuma keçib və üç kəndi işğaldan azad edib. Üç kəndin işğaldan azad edilməsi böyük uğur sayılmır, ancaq bunu son günlərin uğuru hesab etmək olar. Rusiya ordusu bir neçə dəfə cəhd etdi ki, kəndləri yenidən işğal etsin, ancaq bunu bacarmadılar. Putin danışığa getmək istəmir. Lavrov isə absurd bir açıqlama verir ki, Ukraynaya qarant olacaq ölkələr arasında Rusiya da olacaq. Alyaska görüşü fiaskoya uğrayır. Putin Zelenski ilə görüşmək istəmir”.
Müsahibimiz əlavə edib ki, Ukraynaya böyük yardımlar olacaq, ancaq bu hansı mərhələyə qədər davam edəcək – bunu demək çətindir:
“Rusiya bu gün Donetsk istiqamətindən hücum edir, sabah başqa istiqamətdən hücum edə bilər. Ukrayna ərazi güzəşti etmək istəmir, Rusiya da geri çəkilmir. ABŞ bu münaqişəni dayandıra bilmirsə, bu müharibə davam edəcək. Putin açıqlamasında dedi ki, bəzi dövlətlər anlamır ki, Rusiya nüvə silahına malikdir. Bunu Qərbə və ABŞ-yə Rusiyadan təhdid kimi qiymətləndirmək olar. Rusiya görsə ki, sahədə uduzur, ruslar taktiki nüvə silahından istifadə edə bilər. Buna ABŞ və Qərb tərəfindən cavab ola bilər. Müharibə davam edəcək, Trampla Putin arasındakı razılaşma baş tutmayacaq”.
Səxavət Məmməd