Dekabrın 7-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 13 mm, Neftçalada 12 mm, Göytəpə, Astarada 6 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4 mm, Maştağada 2 mm, Bakı, Binə, Pirallahıda 1 mm-dək olub.
Havanın temperaturu iqlim normasından 4,7 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13 dərəcə şaxta, aran rayonlarında 4 dərəcəyədək isti olub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
www.yenicag.az