“Müxtəlif investisiya platformaları, maliyyə birjalarında guya yatırım edərək, ən qısa zamanda böyük məbləğdə pullar qazanmaq kimi təkliflər olunur ki, bu da şirnikləndrici vədlərdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar dələduzların insanların pullarını ələ keçirmək üçün əl atdıqları üsüllardan danışan İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.
Onun sözlərinə görə, dələduzlar müxləlif aldadıcı üsüllardan istifadə edir.
“İnternetdə və sosial şəbəkələrdə tez-tez tanınmış şəxslərin, şirkətlərin adından, loqolarından istifadə etməklə elektron lotereya oyunları, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə uduşların olması və bu uduşların guya rəsmiləşdirilməsi üçün bank hesabı məlumatlarının vətəndaşlardan istənilməsinin şahidi oluruq. Həmçinin müxtəlif investisiya platformaları, maliyyə birjalarında guya yatırım edərək, ən qısa zamanda böyük məbləğdə pullar qazanmaq kimi təkliflər olunur ki, bu da şirnikləndrici vədlərdir. Ümumilikdə bu cür təkliflərdən başqa internet məkanında maliyyə piramidaları, DYP cərimələri, kommunal ödənişlər, o cümlədən, ƏDV dələduzluğu, yaxud da iş təklifləri ilə bağlı dələduzluğun olmasını müşahidə edə bilirik”, – deyə o əlavə edib.
F.Mirəliyev qeyd edib ki, bəzən bu təkliflərin daha inandırıcı olması üçün son zamanlar “deepfake” adlanan neyron şəbəkələrin köməyindən istifadə etməklə videogörüntü və audiogörüntülərin saxtalaşdırılmasından istifadə olunur:
“Qeyd olunan həmin “deepfake” texnologiyası vasitəsilə saxta videolar hazırlanır və tanınmış şəxslərin animasiya olunmuş videogörüntüləri neyron şəbəkələr vasitəsilə yaradılaraq, həmin görüntülərin üzərinə səslər də əlavə olunur ki, həmin texnologiya vasitəsilə dələduzlar qurbanlarını daha asan şəkildə tələyə sala bilirlər. Bu cür hazırlanmış videolarda tanınmış şəxsləri, o cümlədən, dövlət məmurlarını, hətta ən yüksək vəzifəli dövlət adamlarını görə bilirik. Bu da psixoloji fəndlərdir ki, “dövlət məmuru əgər bu təklifi edirsə, bu, həqiqətən də realdır” fikrini formalaşdıraraq, asanlıqla vətəndaşları aldadıb, dələduzluğun qurbanına çevirirlər”.
Mütəxəssis əlavə edib ki, bu cür hallara qarşı mübarizə aparmaq üçün vətəndaşlar özləri ayıq-sayıq olmalıdırlar.
“Onlar işbazların bu cür təkliflərinə qarşı araşdırmaçı bir mövqe sərgiləməlidirlər. Hər hansı təşkilatın və yaxud tanınmış şəxsin adından yayımlanan belə təkliflər birbaşa həmin qurum və təşkilatlar vasitəsilə dəqiqləşdirməlidir. Həmin təşkilatların rəsmi səhifələri və sosial şəbəkə səhifələrində bu cür təkliflərin olub-olmaması dəqiqləşdirilməldir. Yaxşı olar ki, həmin qurumların telefon nömrələrinə vətəndaşlar zəng edərək, bu cür kampaniya, uduşların və müsabiqələrin həqiqətən olub-olmamasını dəqiqləşdirdikdən sonra yalnız bu cür məsələlərə diqqət ayırsınlar. Qalan məsələlər isə hüquq-mühafizə orqanlarının səlahiyyətidir ki, bu cür şəxləri aşkarlayaraq, məsuliyyətə cəlb etsinlər”, – deyə o fikirlərini tamamlayıb.
İsmayıl Bakuvi
www.yenicag.az