Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşları Tovuz rayonunun Ağbulaq kəndində bu gün dəfn olunublar.
Kəndin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə iki qardaşın kirayədə qaldığı mənzildə yanvarın 25-i gecə saatlarında baş verib.
İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-yə getməli imiş.
Mərhumların əmisi Aslan Həsənov isə bildirib ki, onlar ailədə 6 nəfər olublar: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş. Sərxanın qardaşı keçən ilin noyabr ayında ailə həyatı qurub. Yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb. Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”.
A.Həsənov Əlinin Bakıda traktor sürücüsü işlədiyini qeyd edib.
TƏBİB-dən isə bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q, ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.
***
13:32
Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
10:29
ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.
Yenicag.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilib ki, o, 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub./metbuat.az
www.yenicag.az