Deputat: "Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyimizin rəmzidir"
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyimizin, gücümüzün və gələcəyə inamımızın rəmzidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Günay Ağamalı səsləndirib. 
Deputat qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı öz təəssüratlarını bölüşüb:
“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlılarını milli ideya, ortaq tarix, dil və mənəvi dəyərlər ətrafında birləşdirən mühüm bayramdır. Bu əlamətdar gün milli kimliyimizin qorunması, diasporumuzun təşkilatlanması və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə ardıcıl şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm cənab prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində dünya azərbaycanlıları arasında həmrəylik daha da möhkəmlənmiş, milli maraqlarımızın müdafiəsi vahid mövqedən həyata keçirilməyə başlanmışdır. Xüsusilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər sübut etdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən taleyi məsələsində bir yumruq kimi birləşməyə qadirdir”.
Deputat sözügedən bayramı ölkə xaricində yaşayan həmvətənlərimizin birliyin təcəssümü olaraq qiymətləndirib:
“Bu gün xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yanaşı, ölkəmizin ictimai-siyasi, mədəni və iqtisadi potensialının tanıdılmasında mühüm rol oynayırlar. Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyimizin, gücümüzün və gələcəyə inamımızın rəmzidir.
Bu əlamətdar bayram münasibətilə bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı diləyirəm. Qoy milli həmrəyliyimiz daim güclü, Azərbaycanımız əbədi və qüdrətli olsun!”
Nurlan Cəfəri












