Deputat həmkarlarından Hadı Rəcəbliyə sərt cavab – “Bu xəstə bir milliyyətçiliyin təzahürüdür”
İqbal Ağazadə: “Hadı Rəcəbli Ələkramın talış olmadığını sübut etməklə nə demək istəyir, nə məqsəd güdür ki?”
Fazil Mustafa: “Ələkram ləyaqət və Vətən duyğusunu itirmiş bir insandır”
1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Ələkram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib. Özünü “Talış-muğan respublikası”nın prezidenti adlandıran separatçı Ələkram Hümbətov ermənilərə müraciətində qondarma “soyqırım” ilə əlaqədar başsağlığı verib:
“Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!”.
Cənub bölgəsindən milliyyətcə talış olan deputat Hadı Rəcəbli isə mövzu ilə bağlı müəyyən dərəcədə narazılıq yaradan acılama ilə çıxış edib. O, deyib ki, Ə.Hümbətovun talışların adından danışmağa haqqı yoxdur: “… o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir. Ələkram Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir, ya yox?”
Yenicag.az-a açıqlamasında millət vəkili İqbal Ağazadə Hadı Rəcəblinin bu fikrinin yanlış yanaşma olduğunu dedi: “Burada başlıca məsələ Ələkram Hümbətovun talışların adından çıxış etməsində və məsələyə münasibətindədir. Onun türk və ya talış olmasında deyil ki? Adam özünü “Talış-Muğam Respublikası” adlı qondarma qurumun prezidenti elan edib. Talış deyil, lap türkdür. Hadı Rəcəbli onun talış olmadığını sübut etməklə nə demək istəyir, nə məqsəd güdür ki? Bu yanlış yanaşmadır və məsələyə adekvat yanaşma deyil”.
Millət vəkili Fazil Mustafa isə bildirdi ki, H. Rəcəbli Ələkramın talış xalqı adından danışmağa haqqı olmadığını ifadə etmək üçün onun haqqında yuxarıda qeyd olunan fikirləri səsləndirib: “Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, istər talış, istər türk olsun, Vətəni sevməyən hər kəsə öz qiyməti verilməlidir. Bu sadəcə xəstə bir milliyyətçiliyin təzahürüdür. Ələkram Hümbətov adlı bu adam Vətən duyğusunu da itirib. Sən talış xalqının hüququnu qoruyursansa, ən azı müsəlman anlayışı ilə məsələyə yanaşmalı idin. Bu yoxdursa, deməli insan ləyaqət hissini itirib. Ona görə Ələkram Hümbətovun hardan olması önəmli deyil, ləyaqətsiz adamın hamsı millətdən olması fərq etmir. Ələkram ləyaqət və Vətən duyğusunu itirmiş bir insandır. Ona görə belələrinə əhəmiyyət verməyin də adı yoxdur. Ələkram haqqında danışan Hadı Rəcəbli isə görünür, heç də bu mənada demək istəməyib. Yəni Ələkramın talış xalqı adından danışmağa haqqı olmadığını ifadə etmək üçün millət vəkili belə sözlər işlədib”.
Elçin