Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev barəsində yayılan məlumatlara münasibət bildirib.
Yenicag.az xəbər verir ki, deputat həmin məlumatlar həqiqəti əks etdirmədiyini , sadəcə, bəzi şəxslərin ona böhtan atdığını qeyd edib.
O bildirib ki, məsələni hüquqi müstəvidə həll edəcək: “Bəzi şəxslər adımı mənə aidiyyəti olmayan məsələlərdə hallandırırlar, bir neçə mətbuat orqanı da bundan sui-istifadə edir. Təbii ki, bunlar şərəf və ləyaqətimə ləkə gətirir. Həmin insanlar şər-böhtan atmaqla məşğuldurlar. Onların mənasız, həqiqətə uyğun olmayan iddialarına, qarayaxma kampaniyalarına əhəmiyyət vermək istəmirdim. Mən susduqca onlar hədlərini aşırlar. Guya vətəndaşın torpağını mənimsəyib restoran tikdirmişəm. Bu məsələnin, ümumiyyətlə, mənə aidiyyəti yoxdur. Həm də hüquqi dövlətdə yaşayırıqsa, bu, necə ola bilər? Bu, qohumlarımla bağlı məsələdir, onlar da buna hüquqi müstəvidə, yəni məhkəmə qaydasında aydınlıq gətiriblər. Bəzi mətbuat orqanları bir müddət öncə məhkəmələrdə vətəndaşa və bələdiyyəyə uduzan, torpağın sahibi olduğunu iddia edən Xəzəngül Məmmədovanı yenidən ümidləndirirlər ki, məsələni yenidən ictimailəşdirsin. Təbii ki, bunun da müqabilində pul alırlar. Qohumlarımla bağlı məsələdə adım niyə hallandırılmalıdır ki? O məsələnin mənə nə aidiyyəti var ki? Bütün bunlara görə məhkəməyə müraciət edəcəm, hər şey qanun çərçivəsində həll edilməlidir”.
Xatırladaq ki, X.Məmmədova “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu Vüsal Şilderin ölmünə görə həbs edilən (6 il 6 ay) sabiq polis mayoru İlham Məmmədovun anasıdır.
Qeyd edək ki, bəzi mətbuat orqanlarında deputat Adil Əliyevin Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində vətəndaşın torpağını mənimsəyərək restoran tikdirməsi ilə bağlı iddialar yer alıb./Report/
www.yenicag.az