“Bütün Qərb və Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Dağlıq Qarabağdakı separatçı rejimə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına laqeyd yanaşır, ikili standartlardan çıxış edir. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Lakin təəssüf ki, bu qətnamələrin yernə yetirilməsi üçün heç nə etməyən Ermənistana heç bir təzyiq göstərilmir”.
Yenicag.az Rusiyanın Perm vilayətinin Solikamsk şəhərinin diaspora sədri Əfəndiyev Uğurun İnterpress.az saytına müsahibəsini təqdim edir:
– Uğur bəy, ilk öncə özünüz və rəhbərlik etdiyiniz təşkilat haqqında məlumat verərdiniz.
Mən Əfəndiyev Uğur Rafail oğlu 1973-cü ildə Fizuli rayonunda anadan olmuşam. 1989-cu ildə orta məktəbi bitirib Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşam. 1994-cü ildə həmin universiteti bitirib 1996-cı ildə Perm vilayetinə gəlmişəm. Hal-hazirda Perm vilayətinin Solikamsk şəhərində yaşayıram. 2014-cü ildən Solikamsk şəhərində Azərbaycan diasporasının sədri vəzifəsində fəaliyət göstərirəm.
– Xaricdə yaşayan azərbaycanlıların indiki durumu, ümumiyyətlə, fəaliyyətləri necədir?
Bu gün xaricdə yaşayan azərbaycanlılarla iş dövlət səviyyəsində müsbət istiqamətdə qurulub və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altındadır. Ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanlılar hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Bizim şəhərimizdə soydaşlarımız çox aktivdirlər. Hər hansı bir tədbir zamanı həmvətənlərimiz bir araya yığışmağı bacarır. Ümumiyyətlə isə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ciddi işlər görürük. Elə bir tədbir yoxdur ki, Azərbaycan diasporası və onun rəhbərliyi ora dəvət almasın. Biz istər Novruz bayramı, istərsə də digər tədbirləri keçirərkən hökmən yerli millətləri nəzərə alırıq. Elə edirik ki, bu bayram tədbirləri onları cəlb etsin. Təkcə adət-ənənələrimiz, milli geyim, milli musiqi ilə deyil, həm də milli mətbəximizlə də vətəndaşları tanış edirik. Mütəmadi olaraq burada olan uşaq evlərinə, xəstəxanalara, qocalar evinə yardım göstəririk, idman yarışları təşkil edirik və s.
-Rusiyada azərbaycanlıların yerli mühitə, xüsusilə inzibati və seçkili orqanlara inteqrasiyası necədir?
Rusiyada yaşayan azərbaycanlıların yerli mühitə, inzibati və seçkili orqanlara inteqrasiyası gedir. Lakin bu sahədə hələ çox işlər görmək lazımdır. Bu gün diasporamızda cavan, savadlı, işgüzar, intellekt səviyyəsi yüksək olan gənclər var və ümidvaram ki, onların köməyi ilə gələcəkdə bu proses daha da güclənəcək.
– Rusiyada son vaxtlar miqrantlara qarşı qanunlar sərtləşdirilib. Rusiyada yaşayan azərbaycanlı miqrantların sayı da az deyil. Bu məsələdə reallıq nədən ibarətdir? Ümumiyyətlə, Rusiyada oturum almaqla bağlı son durum, hazırkı şərtlər ilə bağlı reallıq necədir?
Dünyada baş verən terror hadisələrinə görə Rusiya dövlətində də miqrantlara qarşı qeyri-adi qanunlar qəbul edilib. Buna baxmayaraq, miqrasiya qanunlarında tam aydın və açıq proseslər gedir. Ölkənin qanunlarına riayət edən hər bir şəxs tam şəkildə yaşamaq və əmək fəaliyəti göstərmək üçün sənət əldə etmək hüquqlarına malikdir. Çətinliklər var, amma bunları aradan qaldırmaq mümkündür. Bu işlərdə diasporaların köməyi az deyil. Rusiyada milliyyətindən asılı olmayaraq hər bir şəxsə müdafiə hüququ verilir .
-Rusiyadakı azərbaycanlıların diaspor fəaliyyəti barədə nə deyə bilərsiniz?
Rusiyada yaşayan azərbaycanlıların diaspora fəaliyyəti haqqında geniş danışmaq olar. Mən şəxsən özüm 2014-cü ildən yaşadığım Solikamsk şəhərinin Azərbaycan diasporasının sədriyəm. 100 min əhalisi olan bu şəhərdə 1000-ə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti diaspora fəaliyətində yaxından iştirak edirlər.
Biz Azərbaycanda gedən bütün prosesləri buradan diqqətlə izləyirik. Dövlətimizin yaxından tanınması üçün əlimizdən gələni əsirgəmirik. Bütün milli bayramlarımızı yüksək səviyyədə qeyd edirik. Bütün tədbirlərə yerli hökumət orqanları və yerli əhali dəvət olunur. Onlar da bu tədbirlərdə canla-başla iştirak edir, tariximizi yaxından tanımağa maraq göstərirlər. Əsas fəaliyyətimiz burada yaşayan həmyerlilərimizin hüquqlarını qorumaq, Azərbaycan həqiqətlərini geniş kütləyə çatdırmaqdır. Düzdü işlərimizdə çətinliklərimiz var. May ayından ÜAK-ın fəaliyyətinin dayandırılmasına baxmayaraq, biz öz fəaliyyətimizi davam etdiririk. Həmyerlilərimizin problemlərini həll etmək üçün yerli hakimiyyət orqanları ilə təmasda oluruq. Azərbaycandan uzaqda yaşasaq da, biz hər zaman ölkəmizlə fəxr edirik. Ulu öndərimizin sözü ilə desək, “Mən fəxr edirəm ki, azərbaycanlıyam.”
-Son vaxtlar mətbuatda, sosial şəbəkələrdə Azərbaycan diasporunun, xüsusilə də Rusiyadakı diasporumuzun fəaliyyəti tənqid olunur. Ümumiyyətlə, xaricdə azərbaycanlılar arasında birliyin yaranmasına əngəl olan nədir? Hansı meyarlar ayrı-seçkilik yaradır, problem nədir?
Biz tənqidlərə diqqətlə yanaşır, onlardan nəticə çıxarmağa çalışırıq. Hal-hazırda diaspora təşkilatlarının koordinasiyası, qarşılıqlı əməkdaşlıq şəraitində optimal fəaliyyət formalarının müəyyən edilməsi məsələləri ön plana çıxır. Diasporanın potensialından səmərəli istifadə edilməsi məhz daha optimal təşkilatlanma, daxili həmrəylik və yerli şəraitə daha yaxşı adaptasiya səviyyəsi ilə əlaqəlidir. Bu proseslərin əlaqələndirilməsi və nizama salınması hazırda strateji vəzifələr kimi qarşımızda durur. Diaspor daxilində vətənimizin, dövlətimizin irəli sürdüyü vahid dəyərlər sisteminin, həmrəyliyin təmin olunması, optimal təşkilatlanma və məskunlaşma ölkəsində daha yaxşı adaptasiya, effektiv qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması bu vəzifələrdəndir.
-Avropanın bəzi parlamentariləri, siyasiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycanla bağlı ziddiyyətli bəyanatlar səsləndirirlər. Lakin 25 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistana ciddi irad tutmurlar. Uzun illər xaricdə yaşayan bir azərbaycanlı kimi bunu necə dəyərləndirirsiniz?
Azərbaycan öz üzərində ikili standartları ən çox hiss edən ölkədir. Bütün Qərb və Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Dağlıq Qarabağdakı separatçı rejimə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına laqeyd yanaşır, ikili standartlardan çıxış edir. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Lakin təəssüf ki, bu qətnamələrin yernə yetirilməsi üçün heç nə etməyən Ermənistana heç bir təzyiq göstərilmir.
Bu istiqamətdə dövlətimiz tərəfindən aparılan böyük işlər danılmazdır. Görülən işlərdə əlbəttə ki, diasporanın da rolu var. Əsasən də, 2016-cı il aprel döyüşlərindən sonra bütün dünya anladı ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə də qaytarmağa qadirdir və xaricdə yaşayan azərbaycanlılar da daxil olmaqla, bütün xalqımız hörmətli Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək bunu sübut etdi.
-Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üçün hansı metodlardan istifadə edərdiniz?
Bildiyimiz kimi “internet dövrüdür”. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün internetdən, sosial şəbəkələrdən geniş istifadə olunmalıdır. Düzgün qurulub, aparılan informasiya müharibəsində qalib gəlmək, elə qələbənin yarısıdır. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması üçün hər birimiz çalışmalıyıq. Bunun üçün hər birimiz bir əskər kimi ilk növbədə informasiya müharibəsində vuruşub, qalib gəlməliyik.
-Gələcək planlarınız nədən ibarətdir?
Hər il olduğu kimi bu il də Novruz, Ramazan kimi bütün milli bayramlarımızı yüksək səviyyədə keçirtməyi planlaşdırırıq. Azərbaycanı tanıtmaq məqsədi ilə müəllimlər arasında müsabiqə keçirib, qalibi Bakıya göndərəcəyik. Uşaq evlərinə, qocalar evlərinə, xəstəxanalara yardımlar edəcəyik və s. Bu artıq ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı deyib ki, “xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Birlik əsas məsələdir”. Biz bu sözləri şüar kimi qəbul etmişik. Dövlətimizin, Prezidentimizin bizim, diaspora olaraq qarşımıza qoyduğu bir çox məsələlər var və biz bu işləri görmək üçün canla-başla çalışacağıq.
www.yenicag.az