Əlində dərman resepti ilə xəstəyəm deyən “dilənçilərə” insanların çox olduğu yerlərdə və avtomagistralların kənarında rast gəlmək olar. Əksər hallarda əlində həkim resepti olan belə insanlar özünün və ya ailə üzvünün ağır xəstəlikdən əziyyət çəkdiyini deyir. Bu yolla pul qazanmağa çalışırlar.
Ekspertlərin sözlərinə görə, bu, insanların yeni dilənçilik metodu, bir növ fırıldaqdır. Çünki bəzi hallarda həmin şəxslər, əlindəki kağıza baxmaq, dərmanları almaq təkliflərinə etiraz edirlər, resepti gizlətməyə çalışırlar.
Sosioloq Əhməd Qəşəmoğlu: “Bir qız uşağı özünü qoyur lallığa və yazır kağıza anama kömək edin. Anam ağır xəstədir. Avtobusda belə şeylər olur. Bir tərəfdə kimsə özünü vurub çolağlığa və o tərəfdən polis gələn durub qaçırlar”.
Psixoloqlar isə deyir ki, bu cür insanlar hətta müəyyən kurslara da cəlb olunur. Həmin kurslarda insanları aldadıb, pul yığmağın yolları öyrədilir.
Psixoloq İlhamə Hüseyinli: “Bu cür insanlara cəmiyətə özünü necə yazıqlatmaq lazım oldugunu öyrədirlər. Gözləri ilə necə problemli oldugunu göstərməyə çalışmağı öyrədirlər. Yəni bütün insanların bu dələduz adamların emosiyalarını jestlərlə bunların hamısı öyrədilir. Sonra bunlar düşür şəhərə və dilənməyə başlayırlar. Bizim kolleqalarımızın da arasında belə insanlar var ki, yəni onlar da bunlara kömək edirlər. Təbii ki, ordan müxtəlif məbləğ alırlar”.
Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxslər etdiyi əmələ görə məsuliyyət daşıyırlar.
Vəkil Samir Qasımov: “Həmin vətəndaşlar xəbərdarlıq edilirlər. Əgər xəbərdarlıq kifayət deyilsə, artıq bu insan bir neçə dəfə yaxalanıbsa, hətta onu 10 günə qədər həbs edə bilərlər. Əgər bu işə yetkinlik yaşına çatmayanları cəlb edibsə, onda hətta 15 günə qədər həbs oluna bilər”.
Ekspertlər hesab edir ki, şəhərdə belə mənzərənin artması mənfi haldır. Tədbirlər görülməsi, dilənçilik kimi halların nəzarət altına alınması mütləqdir.
www.yenicag.az