Aİ-nin SÜLH LAYİHƏSİ: Rusiya üçün stimul paketi nə dərəcədə cəlbedici olacaq?
“Atəşkəs tərəflərin planı qəbul etməsindən 24 saat sonra qüvvəyə minməlidir. Bu, praktik, lakin riskli addımdır. Formal atəşkəsin sürətlə tətbiqi mümkündür, lakin onun əməli icrası üçün qarşılıqlı danışıqlar, silahların yerləşdirilməsi, geri çəkilmə marşrutları və monitorinq mexanizmləri əvvəlcədən razılaşdırılmalıdır”.

Bu fikirləri siyasi şərhçi Ramiz Alıyev Avropa İttifaqının (Aİ) Rusiya–Ukrayna müharibəsini bitirmək üçün hazırladığı sülh planının bəndlərini Yenicag.az-a şərh edərkən deyib.
O bildirib ki, 24 saat ərzində tam nəzarət və de-eskalasiya təmin olunmasa, atəşkəs pozuntuları və etimad böhranı yarana bilər:
“Cəbhə xəttinin dondurulması real, lakin uzunmüddətli həll deyil. Bu addım hər iki tərəf üçün itkiləri məhdudlaşdıra bilər, eyni zamanda gələcəkdə vəziyyətin dəyişməsi üçün zamana oynamaq imkanı yaradar. Monitorinq prosesinə ABŞ-nin rəhbərlik etməsi siyasi baxımdan mübahisəli məsələdir. Birləşmiş Ştatların liderliyi Moskva üçün qəbuledilən deyil. Daha balanslı, çoxmillətli missiya – məsələn, BMT və ya ATƏT mandatı çərçivəsində – Rusiyanın qəbul edə biləcəyi variant ola bilər. Ukrayna və Rusiya arasında “hücum etməmək paktı”nın imzalanması məntiqlidir, lakin zəmanət mexanizmləri aydınlaşdırılmalıdır. Belə pakt formal təhlükəsizlik təminatının ilkin mərhələsi sayıla bilər, əsas məsələ isə sənədə kimlərin qarant kimi qoşulacağıdır. Zaporojye Atom Elektrik Stansiyasının “üçüncü tərəfə” təhvil verilməsi və daha sonra Ukraynaya qaytarılması isə son dərəcə mürəkkəb və riskli prosesdir. Nüvə obyektlərinin beynəlxalq idarəçiliyə verilməsi texniki, hüquqi və təhlükəsizlik baxımından ciddi çətinliklər yaradır”.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nəzarətində məhdudlaşdırılmış rejim mümkün görünür, lakin obyektin mülkiyyət statusu, idarəetmə mexanizmləri və geri qaytarılma şərtləri konkretləşdirilməlidir:
“Həmçinin Rusiyaya qarşı “simvolik sanksiyaların” ləğvi siyasi jest kimi qiymətləndirilə bilər, lakin onun iqtisadi təsiri məhdud olacaq. Belə addım diplomatik yumşalma siqnalı versə də, Moskva üçün əsas məqsəd geniş sanksiya paketinin azaldılması və ya tam aradan qaldırılmasıdır. Tərəflərin işğal olunmuş ərazilərin idarə edilməsi ilə bağlı yekun razılığa gəlməsi bu planın ən çətin mərhələsidir. Ərazi məsələləri suverenliklə birbaşa bağlı olduğundan Ukrayna üçün əsas prioritet torpaqların tam qaytarılmasıdır. Rusiya isə faktiki nəzarətində saxladığı ərazilərin hüquqi statusunun tanınmasını istəyəcək. Bu isə çoxmərhələli və uzunmüddətli danışıqlar tələb edir. Bundan əlavə, işğal olunmuş ərazilərin idarə edilməsi üzrə danışıqların başlanması vacib addımdır, lakin bu, uzun proses olacaq”.
O əlavə edib ki, Moskvanın bu plana münasibəti bir neçə əsas faktordan asılıdır:
“Rusiya üçün əsas məsələ əldə etdiyi geosiyasi qazancın itirilməməsidir. Ərazilərin statusu və təhlükəsizlik zəmanətləri Kreml üçün qırmızı xətlər sayılır. Sanksiyaların mərhələli şəkildə azaldılması Rusiya üçün stimul ola bilər, lakin Moskva bu prosesin tam ləğvini istəyəcək. ABŞ-nin monitorinqdə lider rolu Rusiyanın etimadını azaldar və o, çoxmillətli, neytral nəzarət mexanizmi tələb edəcək. Bununla yanaşı, Kremlin daxili siyasi maraqları da mühüm rol oynayır. Hər hansı güzəşt ictimaiyyət qarşısında “uğursuzluq” kimi təqdim oluna bilər. Aİ-nin təklifi prinsip etibarilə sülh və danışıqlar masası üçün müəyyən çərçivə yaradır. Lakin planın uğuru onun texniki və siyasi detallarının dəqiqliyindən asılı olacaq. Qarant dövlətlərin rolu, monitorinqin neytrallığı, sanksiyaların mərhələləndirilməsi mexanizmi və nüvə obyektlərinin hüquqi statusu kimi məsələlər konkret şəkildə müəyyən edilməlidir. Əgər bu şərtlər dəqiqləşdirilərsə, plan uzunmüddətli sabitlik üçün baza rolunu oynaya bilər. Əks halda, sənəd yalnız növbəti diplomatik təşəbbüs kimi qalacaq. Hazırkı mərhələdə Rusiyanın bu planı tam şəkildə qəbul etməsi real görünmür”.
Məlik Məlikov












