Xarici İşlər Nazirliyi tərəfindən “asi” elan edilən Azərbaycanın Avstraliyadakı keçmiş diplomatı Anar Həsənov Prezident İlham Əliyevə müraciət edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Azərbaycan Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə ünvanlanmış məktub təxribat, böhtan və təhqir xarakterlidir”- deyə, qiymətləndirdiyi müraciəti qısa ixtisarla təqdim edirik:
Azərbaycanın Avstraliyadakı Səfirliyində korrupsiya faktları
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə məqsədilə ictimaiyyətin dövlət qurumlarını məlumatlandırması çağıran çıxışlarına cavab olaraq Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibinin cinayət əlaqəsinə girərək külli miqdarda dövlət vəsaitini mənimsəmələri və digər qanunsuz əməlləri haqqında məlumatlar sübutlarla Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi başda olmaqla digər əlaqədər dövlət qurumlarına göndərilmişdir.
Korrupsiya faktları aşağıdakılardan ibarətdir:
- Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov və səfirliyin mühasibi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət əlaqəsinə girərək 2013-cü ilin avqust ayından indiyə qədər dövlətin ən azı 64.800 ABŞ dollarından çox vəsaitini mənimsəmişlər. Bunun üçün onlar səfirliyin maliyyə hesabatlarında aylıq məvacibi 2700 ABŞ dolları olan saxta katibə ştatı göstərmiş (Əlavə sənədlər, s.14-17) əslində isə həmin şəxs (etik səbəblərə görə adı göstərilmir) səfirlikdə faktiki olaraq işləməmişdir. Səfirliyin təhlükəsizlik kameralarının yaddaşındaki (yaddaşda yazılar 7 ilə qədər qalır və ehtiyat nüsxə kameraları quraşdırmış şirkətdə də saxlanılır) gündəlik çəkilişlərə baxmaqla bunu asanlıqla sübuta yetirmək olar.
- Səfirliyin mühasibi öz diplomatik imtiyazından sui-istifadə edərək Avstraliya dövləti tərəfindən səfirlik əməkdaşları üçün güzəştli qiymətlərlə (gömrük vergisindən azad) satılan külli miqdarda içki və siqaret məhsullarını alaraq daha sonra tamah məqsədilə bazar qiymətləri ilə satmışdır. Qaydalara əsasən hər diplomata 6 ay ərzində 100 şüşədən çox spirtli içki, 100 blokdan çox (hər blokda 10 qutu) siqaret satıla bilər. Diplomatik imtiyazla 1 litr viskini 15 dollara almaq mümkündür. Onun bazar qiyməti isə orta hesabla 40 dollardır. Bir qutu siqaretin diplomatik imtiyazla qiyməti təqribən 5 dollar, bazar qiyməti isə 20 dollardır. Məlumdur ki, bir insanın 6 ay ərzində hər gün 5 qutu siqaret çəkməsi və 1 litrdən də çox viski içməsi mümkün deyil. Mühasib isə nəinki öz şəxsi payına düşən içki və siqaretləri, hətta səfirliyin rəsmi istifadəsi üçün də nəzərdə tutulmuş daha çox malları diplomatik nümayəndəliyi öz şəxsi qazanc müəssisəsi kimi istifadə edərək satmış və üst-üstə təqribən 30 min dollar mənimsəmişdir. Siqaret və içki isə Kanberrada şəhərində yerləşən diplomatlar üçün mağazadan (ünvan: 150 Carruthers Street, Curtin ACT 2605 (02) 6281 6980) və Yeni Cənubi Uels ştatındakı ABABCO adlı (ünvan: 9 Durgadin Drive, Albion Park Rail, NSW, Australia 2527) şirkətdən alınmışdır. Şirkətdən əldə edilmiş məlumatda da göstərilir ki, təkcə 2015-ci ilin mart ayında səfirliyin istifadəsi üçün nəzərdə tutulmuş 20.000 ədəd (100 blok, hər blokda 10 qutu siqaret) siqaretin sayı 0, spirtli içkilərin sayı isə 44 litr göstərilir (Əlavə sənədlər, s.18). Bu miqdarda siqarət və içkinin hansı məqsədlə, kim tərəfindən alınması isə yuxarıda göstərilib.
Bütün bunların da təsdiqini Azərbaycan hökuməti adından yoxlama aparacaq komissiyanın Avstraliyanın xarici işlər və gömrük orqanlarına rəsmi sorğuları ilə əldə etmək mümkündür.
Belə əməl isə məlumdur ki, Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına, həmçinin Azərbaycan qanunvericiliyinə (dövlət qulluğu haqqında qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında ” AR qanunu) ziddir.
Bu barədə səfirliyin əməkdaşları səfir R.Cəmşidova məlumat verəsələr də, o, nəinki bu cinayət əməli ilə bağlı müvafiq tədbir görməmiş, əksinə, mühasibin yüksək xasiyyətnamə ilə səfirlikdə iş müddətinin 3 ildən 4 ilə qədər artırılması üçün Xarici İşlər Nazirliyinə məktub göndərmişdir. Səfir R.Cəmşidovun bunu nəyin müqabilində etdiyini ehtimal etmək isə yəqin ki, çox çətin deyil.
- 3. Bunlardan başqa səfirliyin mühasibi Kanberradakı ev ünvanını və əlaqə vasitələrini bir turist firmasının ofis ünvanı kimi göstərərək Azərbaycana səfər etmək istəyən turistləri həmin turist firmasına yönəltmiş, beləliklə yenə də səfirlikdəki vəzifəsindən sui-istifadə ilə daha bir qanuna zidd biznes fəaliyyəti ilə məşğul olmuşdur. Bunun sübutunu da turist firmasının internet saytından edilmiş skrinşotda görmək olar (Əlavə sənədlər, s.19).
- Səfirin və səfirliyin mühasibinin korrupsiyaya qurşanması şübhəsiz ki, ölkəni təmsil etmək kimi çox vacib məqsədlə açılmış diplomatik nümayəndəliyin fəaliyyətinin yarıtmazlığı ilə nəticələnmişdir. Bunun bariz sübutu bu iki şəxsin ödəniş müqabilində (reklam haqqı) Kanberrada çıxan “Kanberra Tayms” qəzetində Xocalı faciəsinə dair dərc etdirdikləri məqalədən aydın görünür (Əlavə sənədlər, s.20). Onların heç baxmadan internetdən tapıb bir neçə min dollara Avstraliya qəzetində verdikləri materialda Xocalı faciəsi ilə bağlı Avropa İttifaqına, ATƏT-ə çağırışdan danışlılır, Avstraliya ictimaiyyətinin adı belə çəkilmir. Beləliklə, korrupsiya Azərbaycanın Avstraliyadakı səfirliyinin Xocalı faciəsi haqqında Avstraliyadan Qərbə, Avropa İttifaqına çağırışı kimi yersiz, absurd fəsad doğurmuş və buna da dövlətin vəsaiti sərf olunmuşdur.
Əminliklə demək olar ki, bu faktlar səfirlikdəki mənimsəmə, qanunsuzluq və digər korrupsiya hallarının yalnız məlum olan hissəsidir. Özlüyündə bunların mövcudluğu daha böyük miqyaslı talama, səfirliyin büdcəsini özbaşına istifadə hallarının tüğyan etdiyinə böyük ehtimal yaradır.
Faktların doğruluğuna tam əminik və araşdırılarsa obyektiv, saxtalaşdırma cəhdlərini duyan və qarşısını almağa qabil, tərəfsiz, təmmənasız, obyektiv və bütün əlaqədar dövlət qurumlarının təmsilçilərindən ibarət bir komissiya tərəfindən yoxlanılacağını gözləyirəm.
Göstərilən faktları sübut edən sənədlər əlavə olunur.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışında korrupsiyaya qarşı mübarizədə ictimaiyyəti fəallığa, korrupsiya halları ilə bağlı dövlət orqanlarını məlumatlandırmağa çağırmışdır. Bu çağırışa cavab olaraq göstərilən məlumatları və faktları göndərir, korrupsiya çirkabına bulaşmış, dövlətin, diplomatik xidmətin adına ləkə olan məmurlar haqqında təcili tədbirlər görüləcəyinə ümid edirəm.
İnanıram ki, bütün bu korrupsiya faktlarının ört-basdır edilməsinə imkan verilməyəck, dövlətin, xalqın adını ləkələyən şəxslər layiqli cəzalarını alacaqlar.
XİN-in cavabı – korrupsiya cinayətlərinə göz yumularaq bununla bağlı nəinki araşdırılma aparılmaması, əksinə, həmin faktlarının üstünü açanın özünün hədəfə alınması
Göstərilən faktların XİN-ə çatdırılmasından sonra ümid edilirdi ki, əvvəlcə bunların araşdırılıb təsdiqini tapması üçün müvafiq komissiya yaradılaraq səfirliyə göndəriləcək. Komissiya isə həmin faktların təsdiqlədikdən sonra korrupsiya əməlləri törətmiş səfirlə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə məruzə ediləcək, XİN-in səlahiyyətinə uyğun olaraq səfirlə korrupsiya əməllərində əlbir olan mühasib səfirlikdəki vəzifəsindən geri çağrılacaq.
Lakin Xarici işlər naziri E.Məmmədyarov bu korrupsiya faktlarına məhəl qoymamış və təqsirləndirilən şəxslərlə bağlı tədbir görmək əvəzinə, onların üstünü açan diplomatik xidmət əməkdaşının yaxın dost olduğu R.Cəmşidovun heç bir fakta əsaslanmayan, böhtan və uydurma dolu məktublarını əsas götürərək səfirlikdən geri çağrılması ilə bağlı əmr imzalamışdır (Əlavə sənədlər, s.21). O, hətta əməkdaşın həyat yoldaşının səhhəti ilə bağlı təyyarədə uça bilməməsi faktına (hamiləliyində yaranmış fəsadla bağlı avstraliyalı həkimin rəyi mövcuddur, (Əlavə sənədlər, s.22) belə əhəmiyyət verməmişdir. Məmmədyarovun imzaladığı əmrə görə səfirlikdəki korrupsiya faktlarını ortaya çıxartmış əməkdaş ya ana olmağa hazırlaşan həyat yoldaşını uzaq ölkədə tək buraxıb geri qayıtmalı, ya da hələ dünyaya gəlməmiş körpənin həyatını riskə qoyaraq həyat yoldaşı ilə birlikdə uzaq məsafəni təyyarədə uçmalı idi. Beləliklə, Azərbaycanın xarici işləri naziri olan bu şəxs nəinki səfirin və mühasibin korrupsiya əməlləri ilə bağlı tədbir görməyərək bunun əvəzində həmin cinayətlərin üstünü açanın özünü hədəf seçmiş, hətta faşistlərin belə çətin qadir olduğu cinayətə imza ataraq, etinasızlıq və soyuqqanlıqla doğulmamış körpənin həyatını təhlükədə qoymaq kimi dəhşətli bir əməl törətmişdir. Bu hərəkətə insanlığa qarşı cinayətdən başqa ad tapmaq çox çətindir.
Ombudsman və Prezident Administrasiyasından məsələyə reaksiyalar
Səfirlikdəki korrupsiya əməllərinə qarşı yalnız Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanovanın adından əməkdaşa rəsmi məktub ünvanlanmışdır (Əlavə sənədlər, s.23). Məktubda korrupsiya faktları ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət göndərildiyi bildirilmişdir. Xarici işlər naziri E.Məmmədyarov isə həmin vaxt artıq məlum əmrini imzalamışdı.
Onun bu hərəkətindən sonra isə səfirlik əməkdaşı Prezident Administrasiyasının elektron poçt ünvanından başqa, Azərbaycan Respublikasının prezidentinin rəsmi saytındakı elektron ərizə forması vasitəsilə dövlət başçısı cənab İlham Əliyevə müraciət (Əlavə sənədlər, s.24) göndərərək, onun korrupsiya hallarına qarşı mübarizədə ictimaiyyəti fəallığa və əlaqədar dövlət qurumlarına məlumat verməyə çağıran çıxışına cavab olaraq Azərbaycanın Avstraliyadakı səfirliyində baş verən korrupsiya faktlarını sübutlarla 07 iyul 2015-ci il tarixində başda Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi olmaqla lazımi ünvanlara göndərdiyini, bunun müqabilində isə korrupsiya cinayətlərini törədənlərin cəzalandırılması əvəzinə Xarici işlər naziri E.Məmmədyarovun imzası ilə onun özünün səfirlikdən geri çağrılması ilə bağlı əmr göndərildiyi, hətta yaxın zamanlarda ana olmağa hazırlaşan yoldaşına təyyarə ilə səyahət etməsinin həkimlər tərəfindən qadağan olunmasına belə məhəl qoyulmaması bildirmişdir.
O, müraciətində prezidentin Azərbaycan dövlətinin nüfuzuna xələl gətirən məmurlarla bağlı çıxışlarında dəfələrlə qeyd etdiyi kimi lazımi tədbirlərin görülməsi üçün müvafiq göstəriş verəcəyinə və haqqın-ədalətin bərpasını təmin edəcəyinə inamını ifadə etmiş, prezidentin məsələnin ədalətlə araşdırılmasını şəxsi nəzarətinə götürərək günahkar məmurları cəzalandıracağına, pozulmuş hüquqlarının bərpasının təminatçısı olacağına əmin olduğunu bildirmişdir.
Bu müraciətdən bir müddət sonra Prezident Administrasiyasından zəng edilərək Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun bu məsələni araşdırmağı tapşırdığı bildirilmiş və məsələ ilə bağlı məlumat verilməsi istənilmişdir. Diplomatik xidmət əməkdaşı bir daha səfirlikdəki korrupsiya faktlarını üzə çıxardığına görə hədəfə alındığını, cinayət törədənlərin bir tərəfdə qalaraq, onun özünün dünyaya gəlməmiş körpəsinin həyatını riskə qoyaraq geri çağrılmasına dair Xarici işlər naziri E.Məmmədyarovun əmr imzaladığını bildirmişdir.
Administrasiyanın əməkdaşı “səfirliklərdəki korrupsiya əməllərinin onlara da məlum olduğu, prezident İlham Əliyevin və Prezdent Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Xarici İşlər Nazirliyindəki çıxışlarında da bunu təsdiqlədiklərini” demişdir. Lakin onun söylədiklərindən belə bir sual yaranırdı ki, əgər ali dövlət rəhbərliyi bütün bunları açıq şəkildə deyibsə, bunlarla bağlı hər hansı bir tədbir görülüb və ya görülürmü? Əgər görülürsə niyə əməkdaşın korrupsiya əməllərinin üstünü açdığı səfir və onun əlaltısı mühasib yox, onun özü cəzalandırılır?
Daha sonra Prezident administrasiyasının rəsmisi diplomatik xidmət əməkdaşından “nə üçün əvvəldən R.Cəmşidovun necə bir adam olmasını araşdırmadan onun rəhbərlik etdiyi səfirlikdə işləməyə getdiyi” barədə qəribə bir sual vermişdir. Bu, əslində ona işarə olmuşdur ki, səfirliklərdə rəhbər-işçi münasibətləri qanunlarla deyil, “səfirin necə insan olması” amili ilə tənzimlənir. Belə vəziyyətin aradan qaldırılması üçün hansısa bir tədbirin görülüb görülməməsi ilə bağlı da təbii ki, heç bir şey deyilmədi.
Prezident Administrasiyası əməkdaşının telefon zəngindən sonra səfir R.Cəmşidov və əlaltısının səfirliyin sürcüsü vasitəsilə diplomatik xidmət əməkdaşına təzyiqləri artdı və onun dərhal Kanberrada yaşadığı mənzili boşaltması tələb olundu. Beləliklə, Azərbaycan Respublikasını xaricdə dövlətini və xalqını təmsil etmək üçün göndərilmiş diplomat şaxtalı havada (məlumdur ki, cənub yarımkürəsi olduğuna görə iyul Avstraliyada soyuq qış ayıdır) özü də gecə vaxtı hamilə həyat yoldaşı ilə birlikdə Avstraliyada küçəyə atılaraq taleyin ümidinə buraxıldı.
Məlumdur ki, Avstraliya yüksək inkişaf etmiş ölkə olsa da, orada qiymətlər çox yüksəkdir. Yaşayış və tibb xərcləri xüsusilə bahadır (ayliq minimum kirayə haqqı 1500, hamiləliklə əlaqədar tibbi xərclər 3000, kommunal və yaşayış xərcləri 1750, təqribən cəmi 6250 ABŞ dolları). Davamlı gəliri olmayanlara isə hətta müəyyən miqdarda pulları olsa belə, broker şirkətləri tərəfindən kirayə mənzil verilmir. Bu səbəblərdən də Azərbaycandan diplomat kimi göndərilmiş əməkdaş özü və ana olmağa hazırlaşan həyat yoldaşı gecənin soyuğunda küçədə ac qalmamaq üçün Avstraliyada evsizlərə, kimsəzilərə, narkotik maddə və alkoqol asılılığı olan adamlara yardım göstərən humanitar təşkilatlara üz tutmalı oldular.
Bütün bunlar onların başına E.Məmmədyarov, Rövşən Cəmşidov və onun cinayət əlaltısı olan mühasib kimi şəxslər tərəfindən ona görə gətirildi ki, həmin əməkdaş Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çıxışlarındakı çağırışlara əməl edərək onların törətdiyi cinayət və korrupsiya əməllərini üzə çıxartmışdı. Əvəzində isə mükafatı uzaq ölkədə üzləşdiyi bəlalar oldu.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
Hörmətli cənab prezident,
Bununla şəxsən Sizə üçüncü dəfə müraciət edirəm. Əminəm ki, çıxışlarınızda dəfələrlə ictimaiyyəti korrupsiyaya qarşı mübarizədə dövlət qurumlarını məlumatlandırmağa çağırışlarınıza cavab olaraq Azərbaycanın Avstraliyadakı səfiri R.Cəmşidovun sizin ona göstərdiyiniz yüksək etimada hörmətsizlik edərək törətdiyi korrupsiya əməllərini sübutlarla ortaya çıxartmağım və bütün bunları əlaqədar dövlət qurumlarına müraciətim sizə məruzə edilməyib. Şəxsən sizin çağırışınızı rəhbər tutaraq həmin faktları əlaqədar dövlət orqanlarına göndərdiyimə görə R.Cəmşidov və onun cinayət əməllərinə göz yuman Xarici işlər naziri E.Məmmədyarov kimilərinin mənə və ana olmağa hazırlaşan həyat yoldaşıma qarşı hər cür insanlığı unudub vurduqları zərbələr, göstərdikləri təzyiqlər və ədalətsizlikləri ilə bağlı sizin adınıza olan elektron ərizə forması vasitəsilə göndərdiyim müraciətlə bağlı da məlumatlandırılmadığınızı hesab edirəm. Məhz bütün əlaqədar dövlət qurumlarına müraciətlərimin heç bir nəticə vermədiyinə, şəxsən sizə ünvanladığım məktubların sizə gəlib çatmadığına inandığıma görə, sizə bu dəfə mətbuat vasitəsilə müraciət etməyi qərara aldım.
Politologiya elmində də belə bir müddəa mövcuddur ki, dövlət başçısı inanaraq yüksək vəzifələrə təyin etdiyi məmurlar tərəfindən bir çox məsələlərdə təcrid vəziyyətində saxlanıla bilər. Həmin məmurlar dövlət əhəmiyyətli məsələlərə dair məlumatları ya dövlət rəhbərindən gizlədə, ona təhrif olunmuş yaxud yarımçıq formada təqdim edərək bu və ya digər məsələdə həqiqətin üzə çıxmaması və ya özlərinə sərf edən qərarların qəbul edilməsinə cəhd göstərə, buna nail ola bilərlər.
Bu, çoxdan məlum Makiavelli aksiomasıdır ki, dövlət rəhbərinin yalançı, yaltaq və əsl həqiqətləri ondan gizlədən məmurlarla əhatə olunması onun özü və idarə etdiyi ölkə üçün çox təhlükəlidir. Bütün məsuliyyətimlə və əminliklə bildirirəm ki, yüksək etimad göstərib illərdir Xarici işlər naziri kimi mühüm, məsuliyyətli vəzifə həvalə etdiyiniz Elmar Məmmədyarov məhz həmin tip məmurladan biridir. O, şəxsən birbaşa sizin özünüzə qarşı hörmətsizlik edərək dövlət başçısı kimi çağırışınıza səs verib R.Cəmşidov və əlaltısının korrupsiya cinayətlərini üzə çıxaranı qanunsuzluq və haqsızlıq edərək səfirlikdən geri çağırmışdır. Dostluq münasibətində olduğu R.Cəmşidov və əlaltısı mühasib (Məmmədyarovla qohumluq əlaqəsi olduğunu iddia etmişdir) isə hələ də Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyindəki vəzifələrində qalaraq öz korrupsiya əməllərini davam etdirirlər.
E.Məmmədyarov öz xidməti vəzifəsinin tələblərini pozaraq təqdim etdiyim korrupsiya faktları ilə bağlı araşdırma aparılması ilə bağlı heç bir addım atmayaraq əvəzində mənim özümü hədəf seçmişdir. O, rəhbərlik etdiyi quruma hesabat verən səfirlikdə baş verən korrupsiya əməllərinə məhəl qoymayaraq R.Cəmşidovun geri çağrılması üçün sizə məlumat vermək və öz qohumu olduğu bildirilən mühasibi vəzifə səlahiyyətlərinə uyğun olaraq geri çağırmaq əvəzinə həmin addımı mənə qarşı atmışdır. Bu şəxsin qol qoyduğu ən dəhşətli cinayət isə mənim ana olmağa hazırlaşan həyat yoldaşımın hamiləliyində olan fəsada görə təyyarədə uçmasına həkim tərəfindən icazə verilməməsini bildiyi halda buna əhəmiyyət verməyərək səfirlikdən geri çağrılmağıma dair əmr imzalamasıdır. Tərəfimdən XİN-in kadrlar idarəsinin əməkdaşı ilə telefon əlaqəsi yaradılaraq üstünü açdığım korrupsiya əməllərinə məhəl qoyulmaması bir tərəfə qalsın, həyat yoldaşımın vəziyyəti ilə bağlı həkim rəyini onlara göndərməyimə baxmayaraq nə üçün belə vicdandan, insafdan uzaq addım atılmasının səbəbi soruşulduqda o, “biz nə edə bilərik, nazir dedi ki, belə əmr hazırlayın” cavabını vermişdi.
Hələ dünyaya göz açmamış körpənin həyatına qarşı bu cür laqeyd münasibət, məni həyat yoldaşım və gələcək övladımın həyatlarını riskə qoyaraq təyyarə ilə uzaq məsafəni uçmaq və ya həyat yoldaşımı uzaq ölkədə tək buraxıb qayıtmaq kimi dilemma qarşısında qoymaq hər cür əndazənin, ölçünü aşılması, vicdan və bu kimi bütün insani dəyərlərin bir kənara atılmasıdır. Bu, sizin və Azərbaycanın birinci xanımı, çox hörmətli Mehriban xanımın xüsusi olaraq diqqətdə saxladığı, qoruduğu humanist dəyərlərin, analara və körpələrə qarşı hörmət və qayğının tapdalanmasıdır.
Məhəmməd peyğəmbərə aid edilən bir kəlamda bildirilir ki, düşmənindən qorxma, uzaqbaşı səni öldürəcək. Dostundan da qorxma, uzaqbaşı səni satacaq. Qorx laqeyd insandan ki, o, səni satar da, öldürər də.
Hesab edirəm ki, E.Məmmədyarov bəlkə də faşistlərin belə yol vermədiyi bu laqeydliyinə, məsuliyyətsizliyinə görə qanun qaşısında cavab verməlidir. Şəxsən Laçın rayonundan olan məcburi köçkün olaraq, mən, Dağlıq Qarabağ münaqişəsində bizim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün beynəlxalq ictimaiyyətdən ədalət tələb etmək kimi müqəddəs bir vəzifənin E.Məmmədyarov kimi potensial körpə qatilinin öhdəsində saxlanılmasını yolverilməz sayıram. Özü hər hansı bir məsələdə haqsızlıq edən kəs başqa heç bir şeydə ədalət tələb edə bilməz. Buna şübhə yoxdur ki, Azərbaycana qarşı erməni təcavüzünün qarşısının vaxtında və effektli şəkildə alınmamasının əsas səbəblərindən biri məhz totalitar sovet rejiminin ilk vaxtlarından cəmiyyətdə kök atmağa başlamış, fəsadları indiyə qədər davam edən korrupsiya, E.Məmmədyarov, R.Cəmşidov kimi korrupsioner şəxslərin isə məsul vəzifələr tutaraq bundan yalnız öz mənafeləri üçün istifadə etmələri olmuşdur.
Azərbaycan dövlətinin 100 min dollara qədər vəsaitini mənimsəmiş R.Cəmşidov hələ də Avstraliyada dövləti və xalqı təmsil etmək kimi mühüm vəzifəni tutur. Xarici işlər naziri kimi ona nəzarət etməli və bu barədə sizə məlumat verməli olan E.Məmmədyarov isə onun bu korrupsiya əməllərini sizin diqqətinizə çatdırmaq əvəzinə onları şəxsən sizin çağırışınızla üzə çıxaranı hətta hamilə həyat yoldaşının həyatını riskə qoymaq bahasına vəzifəsindən geri çağırır. İnanıram ki, bütün bunların dözülməz olduğuna şübhə etməsziniz.
Həmçinin onu da diqqətinizə çatdırım ki, XİN və səfirliklərdə E.Məmmədyarov, R.Cəmşidov kimi korrupsioner və onlarla əlbir olan, sizin göstərdiyiniz etimada və diplomat adına layiq olmayan rəhbər vəzifəli şəxslər az deyil. Bunu deməyə XİN-də və səfirliklərdə çalışdığım 7 il ərzində şəxsən özümün şahid olduqlarım, gördüklərim və eşitdiklərim əsas verir. Azərbaycan dövlətini və xalqını xarici ölkələrdə təmsil etmək kimi məsul vəzifə etibar etdiyiniz səfirlərin çoxu nəcib peşə sayılan diplomatiyaya layiq olmayan şəxslərdir. Onlarda diplomatın malik olmalı olduğu vicdan, ədalət, doğruluq kimi keyfiyyətlər demək olar ki yox dərəcəsindədir. Bunların əvəzində riyakarlıq, yalançılıq, xəyanət, verdiyi sözdən qaçma və bu kimi digər naqis xüsusiyyətlər adlarını “diplomat” qoymuş bu şəxslərdə qədərindən də artıqdır. Bir çoxları isə ümumiyyətlə anormal psixikaya sahib insanlardır. Belələri məşhur rus yazıçısı N.Qoqolun “Ölü canlar” əsərindəki tamahkar, qaba, normal davranış, etika və normal mühakimə yürütmək qabiliyyəti çatmayan personajlara tam uyğun gəlirlər.
Səfirlərin əksəriyyəti səlahiyyələrindən sui-istifadə ilə rəhbərlik etdikləri səfirlik və konsulluqlara göndərilən aşağı vəzifəli və rütbəli əməkdaşlar üzərində tam ağalıqlarını təmin etməyə çalışırlar. Buna hətta az da olsa qarşı çıxmağa cəhd edənləri müxtəlif səbəb və bəhanələrlə geri qaytarılır. E.Məmmədyarov səfirlərin özlərindən aşağı vəzifəl əməkdaşların hüquqlarına zidd olan hər bir qanunsuz istəyini sorğusuz sualsız əmr imzalayaraq rəsmiləşdirir. Onlar daim qabiliyyətli, bacarıqlı, özünə hörmət edən əməkdaşları təzyiq altında saxlayır, gözümçıxdıya salır, vəzifədə irəli getmələrinə imkan vermir, hüquqlarını tapdalayır, əvəzində yaltaq, özlərinə xəbərçilik, əlaltılıq etməyə razılıq verən, qanunsuz əməllərinə ortaq olanları irəli çəkir, onların və özlərinin böhtan və iftiraları ilə ləyaqətli əməkdaşların karyerasına zərbə vururlar. Bütün bunlar illərdir ki, səfirliklərin əksəriyyətində qeyr-sağlam mühitin hökm sürməsi ilə nəticələnmişdir.
Səfirlər səfirlikərin büdcələri üzərində tam, nəzarətsiz sahibliyə malikdirlər və büdcələri istədikləri şəkildə istifadə edirlər. XİN-ə göndərdikləri hesabatlar isə formal xarakter daşıyır, əksər hallarda yoxlanılmır, yoxlanıldıqda belə cinayət xarakterli maliyyə pozuntuları, mənimsəmələr və digər sui-istifadə halları ört-basdır edilir və ya gizlədilir.
Səfirlərin qanunlardan qətiyyən çəkinməmələri XİN rəhbərliyinin səfirliklərin bütün qanunsuz işlərinə, diplomatiya sahəsində isə demək olar ki, fəaliyyətsizliklərinə göz yummasından, onlarla əlbirliyindən irəli gəlir.
XİN-də və səfirliklərdə işləyən korrupsiyadan kənar, vicdanlı, ədalətli və öz işlərinin peşəkarları olan diplomatik xidmət əməkdaşları isə rəhbərlik tərəfindən törədilən bütün qanunsuzluqların qarşısında marginallaşmış, bir küncə sıxışdırlmış vəziyyətə düşmüşlər. Mən onları da özlərində güc taparaq bildikləri qanunsuzluqlar barəsində mənim başıma gətirilənlərə görə ruhdan düşməyərək şəxsən sizi məlumatlandırmağa özlərində güc tapmağa çağırıram. Ədalətsizliyə, qanunsuzluğa qarşı etiraz bildirməmək onların törədilməsində iştirak etməyə bərabərdir.
Məlumdur ki, hər bir dövlətin gücü, beynəlxalq münasibətlərdə təsir qüvvəsinə malik olması onun iqtisadiyyatı, hərbi qüvvəsi, daxili sabitliyi ilə yanaşı səmərəli fəaliyyət göstərən diplomatik aparatının mövcudluğundan da asılıdır. Diplomatiya xüsusilə Azərbaycan üçün həyati əhəmiyyətli Dağlıq Qarabağ münaqişəsinin həllində çox vacib vasitə olduğu üçün dövlətin XİN və səfirliklərdən ibarət olan diplomatik xidmətində rəhbərlər səviyyəsində korrupsiya və qanunsuzluğun bu şəkildə tüğyan etməsi yolverilməzdir və bütün baş verənlər bunun necə bir fəsadlara səbəb olmasını aydın nümayiş etdirir.
Sizin çağırışınıza əməl etməyimə görə korrupsioner məmurlar tərəfindən özümün və ailəmin başına gətirilənlər və digər göstərilənlərə əsasən aşağıdakı təklifləri baxılması üçün diqqətinizə təqdim etmək istərdim:
- Xarici işlər naziri E.Məmmədyarovun bu vəzifəni tutmaq üçün hər bir hüquqi və mənəvi haqqı itirdiyi üçün mümkün ən qısa müddətdə vəzifəsindən azad edilməsi və əməllərində vəzifəsindən sui-istifadə, korrupsiya və insanlıq əleyhinə cinayət tərkibinin müəyyən olunması məqsədilə araşdırma aparılması;
- Azərbaycanın Avstraliyadakı səfiri R.Cəmşidov tutduğu vəzifədən geri çağrılması və barəsində korrupsiya cinayəti ilə bağlı araşdırma aparılması;
- XİN-də əsas korrupsiya və qanunsuzluq yuvası olan (bunu XİN-də hamı bilir) kadrlar idarəsinin rəhbərliyinin əksəriyyətinin vəzifələrindən kənarlaşdırılması və qanunsuz, cinayət xarakterli hərəkətlərdə birbaşa əlləri olanlar barəsində cinayət araşdırması başladılması;
- XİN-də işə qəbul edilmənin test üsulu ilə aparılmasınin (2008-ci ildən test üsulu XİN-ə rüşvətlə işçi götürülməsi məqsədilə dayandırılıb və bu çirkin cinayət əməlində XİN-in kadrlar idarəsinin rəhbərliyi əsas rol oynayır) bərpa edilməsi və bunun şəffaf və ədalətli formada həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülməsi;
- Səfir korpusunda ciddi təftişin aparılması və onların böyük bir hissəsi gənc, qabiliyyətli, ləyaqətli və xalqı, dövləti xaricdə təmsil etməyə layiq, korrupsiyadan uzaq kadrlarla əvəz edilməsi;
- Səfirlərin korrupsiyaya yol açan geniş səlahiyyətlərinin məhdudlaşdırılması və digər ölkələrdə nəzarətsiz qalmalarından sui-istifadə etmələrinin qarşısının alınması məqsədilə lazımi tədbirlərin görülməsi; məsələn, səfirlik əməkdaşlarının əməkhaqlarının birbaşa XİN-dən ödənilməsi, səfir əməkdaşın vaxtından əvvəl geri çağrılması üçün müraciət etdikdə, bütün tərəflərin izahatının alınaraq, XİN-də kollegiya tərəfindən bu məsələyə dair qərar çıxarılması, səfirlikdəki rəhbər işçilərin aşağı vəzifəli əməkdaşlara qarşı qanunsuz hərəkətlərindən şikayət edilməsi üçün qaynar xətt yaradılması və s.
Bu dəfəki müraciətimin sizə çatacağına və bütün göstərilənləri nəzərə alıb ədalətli qərar qəbul edəcəyinizə inanıram. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, etdiklərim və bunların əvəzində ana olmağa hazırlaşan həyat yoldaşımla birlikdə uzaq ölkədə üzləşdiyim haqsızlıq və ədalətsizliklər sizin korrupsiya ilə mübarizəyə qarşı çağırışınızı vəzifə kimi qəbul edib məmurların qanunsuz əməllərinin üstünü açdığıma görə baş verib və yenə də qətiyyən peşiman deyiləm.
Hörmətlə,
Anar Həsənov
ƏLAVƏ SƏNƏDLƏR
www.yenicag.az