“Diqqət, indi məni göstərəcəklər” - “Kişi sözü”nün Qasımının ANIM GÜNÜDÜR
Uzun illər çalışdığı Akademik Milli Dram Teatrında bir-birindən maraqlı obrazlar yaradıb. Televiziya tamaşalarında uğurlu rollara imza atıb. Eyni zamanda, milli kinomuzun ən gözəl filmlərində koloritli obrazları ilə adını tamaşaçı yaddaşına əbədi həkk edib. Çoxları onu “Kişi sözü”nün Qasımı kimi tanıyırdı.
Xalq artisti, sevilən aktyor Əjdər Həmidovun anım günüdür.
Sanki obrazları ilə taleyi arasında bir oxşarlıq var idi. Sakit, fağır, heç kimlə işi olmayan, özünü gözə soxmayan, sadə, səmimi insan, həm də təbiiliyi ilə seçilən aktyor idi Əgdər Həmidov.
Tez-tez müsahibə verməyi də sevməzdi. Jurnalistlərdən uzaq qaçardı. Hər dəfə özü barədə sual verəndə də çox danışmazdı.
Sənətinə çox bağlı idi. Bir sözlə, sənətinin fədaisi idi. Rolun təbii alınması üçün dəfələrdə çəkiliş meydançasında ölümlə üz-üzə qalmışdı.
Müsahibələrinin birində demişdi:
“Film çəkilişi zamanı mənim əvəzimə kaskadyordan istifadə etdilər. O dama çıxanda rolikə ilişdi və havadan asılı qaldı. Onu üçüncü mərtəbənin pəncərəsindən çəkib içəri saldılar. Dedim ki, həmin kadra özüm çəkiləcəyəm. Rejissor razı olmadı ki, özün cəhənnəm, film yarımçıq qalar. Ürəyimdə qorxsam da, bunu etdim. Dama çıxanda qəfildən külək əsdi və məni fırlatdı, elə bildim, ip qırıldı. Çox qorxdum, o qədər stress keçirdim ki, iki il xəstə yatdım”.
Aktyor öz şəxsi mənafeyini sənətdən üstün tutmayanlardan idi. Onun çəkiliş meydançalarında keçirdiyi qorxu, həyəcan, stress, eləcə də həyatında qarşılaşdığı haqsızlıqlar, sosial durumun ağırlığı, maddi məhrumiyyətlər səhhətində dərin izlər buraxdı. Özünə qapıldı, insanlardan uzaq gəzməyə başladı. Ömrünün son illərini isə, demək olar ki, xəstəxana palatalarında keçirdi. İnsult keçirdi və elə həyata da xəstəxanada vida etdi. Əlbəttə ki, cismani ömrünə. Aktyor yaradıcı ömrünü çəkildiyi filmlərdəki obrazları ilə davam etdirir.
Cəvahir












