ABŞ Prezidenti Donald Tramp Ankara ilə münasibətlərin vacibliyini anlayır və Türkiyəyə F-35 döyüş təyyarələri ilə bağlı məsələdə yardım göstərməyi vəd edib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Siyasi dillə deyil, hüquqi dillə də danışmaq lazımdır. F-35 təyyarələri mövzusunda ABŞ Konqresi tərəfindən atılan addımlar Donald Trampı narahat edir. O bu məsələdə lazımi addımlar atacağını söyləyib. Prezident Tramp Türkiyəyə önəm verir və Türkiyə ilə münasibətləri inkişaf etdirmək istəyir”, – deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, Türkiyə indiyədək ABŞ-a 30 ədəd F-35 təyyarəsi sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli F-35 hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə – Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və o cümlədən Türkiyə də iştirak edib. Bundan başqa, İsrail və Yaponiya da F-35 təyyarələrini alıb.
Bu arada ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel iyunun 26-da Türkiyə tərəfindən S-400 zenit raket komplekslərinin alınmasının Vaşinqtonun Ankaraya sanksiya tətbiq etməsi ilə nəticələnəcəyi, ikitərəfli münasibətlərin isə dəyişə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə F-35 təyyarələrini verməkdən imtina edə bilər.
Uzaq və orta mənzilli S-400 “Triumf” zenit raket kompleksləri hava hücumu və kəşfiyyatı vasitələrini (o cümlədən “stealth” texnologiyası ilə hazırlanan uçan aparatları), həmçinin istənilən digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
www.yenicag.az