Dövlət Neft Fondu 30 ton qızıl alıb
Bu sözləri Dövlət Neft Fondunun aldığı qızılın hansısa risklərə yol açması ehtimalının olub-olmamağı ilə bağlı sualını cavablandıran iqtisadçı Natiq Cəfərli dedi: “Dövlət Neft Fondu qızılı almağa 2012-ci ildə başlamışdı. Həmin vaxt bu qiymətli metalın qiyməti indikindən 250-300 dollar baha idi. İlkin itkilər onsuz da olub. Qurum qızılı almağa başladıqdan sonra bu əlvan metalın qiymətində ucuzlaşma olub. İndi cərəyan edən siyasi proseslər, xüsusən də Ukrayna-Krım məsələsi qızılın qiymətinin artmasına səbəb olacaq. Hesab edirəm ki, hazırda qızılın alınmasının davam etdirilməsi yenə müəyyən risklərə yol aça bilər. Bəli, ARDNF bu riskləri hesablamağı bacarır. Çünki digər dövlət qurumlarına nisbətən Neft Fondu vəsaitlərin idarə edilməsi məsələsində daha effektiv idarəetmə formasıdır. Məhz Neft Fondundan sonra vəsaitlərin idarə edilməsində ciddi problemlər var. Xüsusən də büdcəyə transferlərin edilməsi məsələsində ciddi problemlər yaşanır”.
Ekspert qızılın bu qalmaqallı dövrdə yatırım gətirəcək vasitə olmadığını hesab edir: “Düşünürəm ki, bu təlatümlü dövrdə qızıl güvən yaradacaq, gəlir gətirəcək yatırım vasitəsi deyil. Çünki hələ bilmək olmur ki, qızılın qiymətindəki proseslər hansı istiqamətdə inkişaf edəcək. Adətən, belə hallarda beynəlxalq investorlar konservativ addımlar atırlar. Məncə, Dövlət Neft Fondu da hər hansı bir addım atmaq istəyərsə, konservativ düşüncəyə üstünlük verməlidir”.
Alınan qızıllar ölkəyə gətirilir Azərbaycan Respublikası Dövlət Neft Fondunun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva isə hazırda əvvəlki illərdə alınan qızılların ölkəyə gətirilməsi prosesinin getdiyini bildirdi: “Dünən Fondun İcraçı direktoru da açıqlama verdi ki, Fond qızıl alışını alğı-satqı üçün və ya spekulyativ məqsədlər üçün deyil, strateji məqsədlə həyata keçirir. Fond iki ildə 30 ton qızıl alışını həyata keçirib. Hal-hazırda qızıl alışı prosesi yoxdur. Alınan qızılların ölkəyə gətirilməsi prosesi gedir. 20 ton gətirilib, bu ilin sonunadək digər 10 ton qızılın ölkəyə gətirilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib. Bu qaydalara uyğun olaraq qurumun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.
2014-cü ilin yanvarın 1-nə olan göstəricilərə əsasən ARDNF 30 175 kq (970 146 troya unsiyası) qızıl alıb və həmin qızılın 20 013,55 kq-ı ölkəyə gətirilib. ARDNF bu ilin sonunadək qalan 10 ton qızılın da ölkəyə gətirilməsini nəzərdə tutur.