Dövlət qurumları gücləndirilmiş iş rejiminə keçdilər
Təhlükəsizlik tədbirlərinin opertarvliyini təmin etmək üçün çevik qərargahlar yaradılıb
Novruz bayramının yüksək səviyyədə keçirilməsi, insanların normal istirahətinin təmin olunması üçün infrastruktur sahələrin üzərinə böyük vəzifələr düşür. Bu baxımdan bəzi dövlət qurumları artıq gücləndirilmiş iş rejiminə keçiblər və həmin qurumların əməkdaşları martın 29-dək eyni rejimdə çalışacaqlar.
«Azərenerji» ASC-nin mətbuat xidmətinin rəis əvəzi Ələkbər Baxşəliyev bildirib ki, adətən, bayram günlərində elektrik enerjisinə olan tələbat artır və şəbəkədə
Normadan artıq yüklənmə gedir. Buna baxmayaraq, «Azərenerji»nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir: «Novruz bayramı üçün nəzərdə tutulan 8 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək».
«Azəriqaz» İstehsalat Birliyi də Novruz bayramı ilə əlaqədar martın 29-dək gücləndirilmiş iş rejimində işləyəcək. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kəlbəlayev deyir ki, sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli «qaynar xətt»lərin fəaliyyəti gücləndiriləcək. «Qaz təsərrüfatının istismarı» şöbəsində və yerli qaz istismarı sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
«Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə qeyd edir ki, bayram və istirahət günlərində elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək: «Son illər ərzində elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində şəbəkənin qoyuluş gücü 90 faiz artıb. Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 – Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər».
Bayram günlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də müvafiq idarə və və müəssisələri gücləndirilmiş iş rejimində çalışacaqlar. Nazirliyin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Müşfiq Əmirovun dediyinə görə, bayram günlərində məsul növbətçilər təşkil ediləcək: «Telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək. Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə, rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyində operator operativ qərargah yaradıb, bayram günlərində isə birliyin telekommunikasiya qovşaqları üzrə növbətçi işçilərin sayı artırılacaq».
Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları da Novruz bayramı ilə əlaqədar sakinlərə xəbərdarlıq ediblər. Sumqayıt Regional DYN-nin DYNŞ-nin inspektoru Qorxmaz Həsənov isə deyir ki, vətəndaşlara ünvanlanan xəbərdarlıqda vurğulanıb ki, bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Onun dediyinə görə, xüsusilə əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması mütləq vacibdir: «Tonqallar yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, ot tayalarından, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər. Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərini və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər».
hafta.az