“Vətəndaşdan tələb olunan kağız sənədləri dövlət qurumlarının informasiya sistemlərindən alınan datalar əvəz etməlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri bəzi dövlət qurumlarında göstərilən xidmətlər zamanı hələ də kağızdan istifadə edilməsinə toxunan Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, dövlət qurumları hansısa xidməti göstərmək üçün mütləq vətəndaşdan hansısa sənədləri, arayışları və çıxarışları tələb edir:
“Baxmayaraq ki, bu tip məlumatlar digər dövlət qurumlarında elektron formada var, lakin inteqrasiya tam reallaşmadığından dövlət qurumları bunu kağız formada tələb edirlər. “MyGov” və “eGov” portallarından əldə edilən arayışları bir çox dövlət qurumları tanımaqdan imtina edir və möhürlü kağız sənədlər tələb edirlər. Dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası ilə bağlı prezidentin müvafiq fərmanı olsa da, bir çox dövlət qurumlarında hələlik bunu başa çatdırmaq mümkün olmayıb. Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması ilə bağlı xeyli tədbirlər nəzərdə tutulub.
Kağızdan imtina ilə bağlı işlərin isə 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kağız tələb olunan xidmətlərinin “söykəndiyi” informasiya sistemlərini inteqrasiya etməlidir. Vətəndaşdan tələb olunan kağız sənədləri dövlət qurumlarının informasiya sistemlərindən alınan datalar əvəz etməlidir. Ümid edirəm ki, aidiyyatı qurumlar Fəaliyyət Planında nəzərdə tutulanların vaxtında icrası üçün ciddi səy göstərəcəklər”.
Gülşən Şərif
www.yenicag.az