Dünya enerji şoku astanasında: İranın strateji nəfəsi nə qədərdir?
ABŞ və İsrailin başladığı hava hücumları İranı hərbi potensialı və müdafiə dərinliyi üzərindən uzunmüddətli bir dözümlülük sınağına məcbur edir. Körfəzdə qurulan intensiv ABŞ hərbi arxitekturası təzyiqin qısamüddətli deyil, zamana yayılan bir strategiyaya əsaslandığını göstərir. Bu mənzərədə əsas sual Tehranın müdafiə infrastrukturu və regional nüfuz şəbəkəsinin bu aşındırıcı prosesə nə qədər davam gətirə biləcəyidir.
ABŞ və İsrailin “Kükrəyən Aslan” adlı əməliyyat çərçivəsində İrana qarşı başladığı hücum, bütün bölgəni silkələyə biləcək yeni bir mərhələnin qapısını açır. Müharibənin əsas ağırlıq mərkəzini bir tərəfdən Tehranın verəcəyi hərbi və siyasi cavab, digər tərəfdən isə Hörmüz boğazı amili təşkil edir. Gün ərzində orta hesabla 20,3 milyon barel neft və neft məhsulunun daşındığı Hörmüz boğazı, qlobal dəniz yolu ilə aparılan neft ticarətinin təxminən 30 faizinə, LNG ticarətinin isə 20 faizinə ev sahibliyi edir. Hörmüzdən keçən LNG-nin təxminən 80 faizi Asiya bazarına çatır və təhlükəsizlik böhranının ən böyük iqtisadi təsirinin Çin və Hindistan üzərində hiss olunacağı bildirilir.
İrana qarşı əməliyyat təkcə hərbi deyil, eyni zamanda geo-iqtisadi təzyiq aləti xarakteri daşıyır.
ABŞ-ın bölgədə topladığı hərbi qüvvə təkcə qarşı tərəfi çəkindirmək məqsədi daşımır. Bu addım həm də müharibənin uzana və müxtəlif cəbhələrə yayıla biləcəyi ehtimalına hazırlıq kimi qiymətləndirilir. Ərəb dənizində yerləşdirilən USS Abraham Lincoln döyüş qrupunu müşayiət edən esmineslər və kreyserlər yüzlərlə Tomahawk qanadlı raketi daşıma qabiliyyətinə malikdir. Paralel şəkildə USS Gerald R. Ford döyüş qrupu da əməliyyat zonasında aktiv istifadə olunur. Hər iki təyyarədaşıyan gəminin ümumilikdə 140–160 döyüş təyyarəsi daşıdığı təxmin edilir. ABŞ-ın dəniz qüvvələrinə əlavə olaraq bir ədəd Ohio sinifli sualtı qayığı da bölgədə mövcuddur.
Körfəzdəki bazalar
Dəniz qüvvələri ilə yanaşı hava komponentlərindəki sıxlıq da diqqət çəkir. Sızan məlumatlara görə, İordaniyadakı Muwaffaq Salti Hava Bazasına yerləşdirilən 30 ədəd F-35A döyüş təyyarəsinə əlavə olaraq 24 F-15E Strike Eagle təyyarəsi də bombardmanlarda iştirak edir. Qiymətləndirmələrdə elektron müharibə imkanlarını artırmaq üçün EA-18G Growler təyyarələrinin dövrəyə daxil edildiyi vurğulanır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarda isə 200–250 arasında ABŞ döyüş təyyarəsinin olduğu təxmin edilir.
Aylarla davam edə bilər
Əməliyyatın davamlılığı baxımından yanacaq və logistika axını xüsusi əhəmiyyət daşıyır. 20-dən çox KC-135 və KC-46 yanacaq doldurma təyyarəsinin aktiv şəkildə sahədə olması, hava əməliyyatlarının fasiləsiz davam etdirilməsi üçün kritik infrastruktur kimi qiymətləndirilir. Analizlərdə bu logistika düzəninin təkcə birdəfəlik hücuma deyil, aylarla davam edə biləcek hərbi təzyiq modelinə işarə etdiyi vurğulanır.
ABŞ yığınağında diqqət çəkən digər məqam hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsidir. Körfəz xəttində Patriot batareyalarının artırıldığı, ən azı bir əlavə THAAD sisteminin yerləşdirildiyi bildirilir. Bununla yanaşı, AWACS erkən xəbərdarlıq təyyarələri, RC-135 siqnal kəşfiyyat platformaları və WC-135R “nüvə izləri” aşkarlayan xüsusi təyyarələrin də bölgədə aktiv olduğu qeyd olunur.
ABŞ və İsrail Tehrana intensiv hava zərbələri endirir.
“Yeganə şans şərəfli sülh”
Qlobal münaqişə riski daşıyan hücumun şifrələrini haberglobal.com.tr saytına şərh edən STRASAM direktoru, ehtiyatda olan Hava Tuğgenerali Hüseyn Fazla belə deyir:
“İran uzunmüddətli perspektivdə bu prosesə tab gətirə bilməyəcək. Əslində İran hava hücumlarına cavab verməsəydi, daha yaxşı olardı. Çünki İranın verdiyi cavab müharibəni qızışdırır və daha geniş bombardmanın yolunu açır. Bu tablo İsrailin maraqlarına xidmət edir və Tel-Əvivin arzuladığı genişmiqyaslı münaqişə ssenarisinə zəmin yaradır. Əgər Pezeşkiyanın daha rasional və ehtiyatlı xətti əsas götürülsə, proses nəzarətdə saxlanıla və şərəfli bir sülh mümkün ola bilər.”
“Sonsuz stokları yoxdur”
“Vaşinqtonun əsas hədəfi İnqilab Keşikçiləri daxilində kliklər və daxili parçalanmalar yaratmaq ola bilər. İranın əlində 5 min ballistik raket olduğu deyilir; lakin burada əsas məsələ say yox, bu raketlərin effektivliyi və davamlılıq qabiliyyətidir. Rusiya və Çindən gözlənilən səviyyədə güclü dəstək də yoxdur. Digər tərəfdən ABŞ-ın önləyici raket ehtiyatlarının da məhdud olduğu, İsrailin müdafiə və hücum potensialının da sonsuz olmadığı görünür. Buna görə İranın asanlıqla diz çökəcəyini söyləmək düzgün olmaz. Lakin quru əməliyyatı olmadığı müddətdə, yalnız hava hücumları ilə müharibənin nə qədər davam edə biləcəyi və strateji nəticəsinin haraya gedəcəyi ayrıca sual doğurur.”
“Hörmüzü bağlamaq çətindir”
“Hörmüz boğazını bağlamaq nəzəri olaraq güclü koz kimi görünsə də, praktikada son dərəcə çətin addımdır. Bu, təkcə ABŞ-ı deyil, qlobal enerji bazarlarını və İranın məhdud ticarət damarlarını da birbaşa vurur. Boğazı bağlamaq davamlı hərbi nəzarət tələb edir və İranın bunu uzunmüddətli şəkildə həyata keçirməsi olduqca çətindir. Mina yerləşdirmə İranın asimmetrik dəniz müharibəsi doktrinasının mühüm hissəsidir, lakin effektiv mina əməliyyatı yüksək hazırlıq və sürpriz faktor tələb edir. ABŞ donanması bu ssenarini uzun illərdir çalışır və mina təmizləmə ilə dəniz təhlükəsizliyi sahəsində ciddi tədbirlər görüb.”
Siyasətşünas-strateq Umur Tugay Yücel bildirir: “İlk və ən sürətli təsir İranın daxili siyasətində hiss olunacaq. Xarici hücum qısa müddətdə rejim ətrafında toparlanma yarada və ‘xarici təhlükə’ ritorikasını gücləndirə bilər. Lakin hərbi təzyiqin uzanması, iqtisadi infrastrukturun zədələnməsi və təhlükəsizlik narahatlıqlarının artması orta müddətdə ictimai narazılığı daha da dərinləşdirəcək.”
İqtisadi böhran riski
“İranın hava müdafiə və raket infrastrukturuna yönələn təzyiq Tehranı birbaşa konvensional cavabdan çox asimmetrik üsullara sövq edəcək. Bu isə İraq, Suriya və Livan xəttində vəkil qüvvələr üzərindən gərginliyin artması deməkdir. Hörmüz boğazı ətrafında hərbi hərəkətliliyin yüksəlməsi neft və qaz qiymətlərində sərt dalğalanmalara səbəb ola bilər. Müdaxilənin məhdud qalması, regional aktorların mövqeyi və İranın cavab potensialını hansı miqyasda işə salacağı qarşıdakı dövrün əsas müəyyənedici amilləri olacaq.”
Yenicag.az













