Türkiyənin tanınmış səsi Azərbaycana gəlir - Hüseyin Büyükfırat açıqladı
Türkiyənin məşhur sənətçisi Cengiz Özkan Azərbaycanda konsert verəcək.
Yenicag.az xəbər verir ki, bu barədə TÜİB sədri Hüseyin Büyükfırat danışıb.
O, açıqlayıb ki, Türkiyənin tanınmış xalq musiqisi ifaçısı, ustad sənətkar Cengiz Özkan yaxın zamanda Bakıya səfər edəcək.
Büyükfırat bildirib ki, Cengiz Özkanı Azərbaycana dəvət edib və sənətkar bu dəvəti böyük məmnuniyyətlə qəbul edib:
“Cengiz bəyə Azərbaycana gəlməyi təklif etdim. O da böyük bir nəzakətlə ‘Məmnuniyyətlə gələrəm’ dedi.”
TÜİB sədrinin sözlərinə görə, söhbət zamanı Türkiyə ilə Azərbaycanın əsrlərə söykənən qardaşlığı, ortaq mədəniyyəti və xüsusilə musiqi sahəsində qurulan dərin bağlar səmimi şəkildə müzakirə olunub.
Hüseyin Büyükfırat qeyd edib ki, Cengiz Özkan Azərbaycana xüsusi sevgi ilə yanaşdığını vurğulayıb və bu torpaqların yetişdirdiyi sənətkarları adbaad hörmətlə xatırladıb.
TÜİB sədri qeyd edib ki, tezliklə Bakıda Cengiz Özkanın iştirakı ilə mənalı bir musiqi proqramının keçirilməsi planlaşdırılır: “İnşallah bu qədim qardaşlığı, ortaq mədəniyyətimizi və nümunəvi birlik ruhunu Cengiz Özkanın səsi və sazı ilə Azərbaycanda çox yaxında, anlamlı bir proqramla bir araya gətirəcəyik. Məkanlar fərqli olsa da, qəlblərin makamı birdir.”
Tədbirin tarixi və məkanı barədə əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.
Amir Aqiloğlu












