Ötən gün Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq ictimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağına dair xəbərdarlıq yayıb.
Yenicag.az-ın məlumatına görə, bu xəbərdarlıq Milli Şuranın oktyabrın 19-na “Bakı metropoliteni”nin “28 May” stansiyasının önündə təyin etdiyi qanunsuz aksiya ilə bağlıdır.
Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi.
Bundan sonra isə Milli Şura rəhbərliyi və onun tərəfdarları Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar ediblər.
“Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir.
DİN və Baş Prokurorluq xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq.
Qeyd olunub ki, qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək
“Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 14-cü maddəsində toplantıların keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri müəyyən edilir.
Həmin maddənin I hissəsinin 3-cü bəndində qeyd olunub ki, yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, polis toplantını dayandırmalıdır.
Qanunun həmin maddəsinin II hissəsi isə toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda polis orqanlarının necə davranacağını müəyyənləşdirir.
Belə olduğu təqdirdə polis onlara qarşı fiziki qüvvə, xüsusi vasitələrin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etməlidir.
Eyni zamanda, toplantının dayandırılması və iştirakçıların dağılışması üçün Azərbaycan qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək, toplantını dayandırmaq, dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq polisin səlahiyyətinə daxildir.
Dünya ölkələrində də icazəsiz aksiyalar, qanunsuz piketlər məqbul sayılmır.
Dünyada, demokratik ölkələr sayılan əksər dövlətlərdə belə hallar zamanı necə davranmaqla bağlı çoxlu misallar var. Bu cür aksiyalar, mitinqlər xaos yaratmaq kimi dəyərləndirilir.
Ötən ilin dekabrında Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər”in nümayişləri zamanı polisin vətəndaşlara zor tətbiq etməsinə aid çoxlu sayda foto jurnalistlərin obyektivinə düşüb.
2019-cu ilin mayın 1-də Parisdə 1 May münasibətilə ilə keçirilən mitinqdə polis nümayişçilərə zor tətbiq edib.
Avropanın digər ölkəsi İtaliyada da polislər qanunsuz aksiyalar zamanı zor tətbiq edir.
Ümumiyyətlə. Avropa son illər polis zorakılığının ən çox tətbiq edildiyi regionlardan birinə çevrilib.
Bir neçə il öncə Frankfurt, London, Madrid, Lissabon kimi iri şəhərlər Avropa Mərkəzi Bankının fəaliyyətinə olan etiraz dalğalarından silkələnmişdi.
Buna görə Almaniyanın Frankfurt şəhərində “Blockupy” hərəkatı zamanı kütləvi aksiyalar təşkil edilirdi.
Bu zaman da polis aksiya iştirakçılarına qarşı zor tətbiq etmişdi.
Dünyanın ən demokratik ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarında da etirazlar zamanı polis zor tətbiq edir.
ABŞ-da hətta polisi qəddarlıqda ittiham edirlər, polis zorakılığına qarşı da aksiyalar keçirilir.
2014-cü ildə Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Bilgin Şaşmaz ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində qaradərili gəncin öldürülməsinə görə keçirilən etiraz aksiyalarını işıqlandırarkən polis zorakılığına məruz qalmışdı.
Ümumiyyətlə, son zamanlar icazəsiz kütləvi aksiyalar dünyada daha da geniş yayılır.
Yunanıstan, Honq Konq,Venesuela, Ekvador, Rusiya, Ukrayna, Gürcüstan və sair ölkələrdə müxalif düşüncəli qüvvələrin radikallaşması nəticəsində onlar qanundan kənar hərəkətlərə yol verirlər. Mitinqlər üçün yer ayrılsa da, onlar müəyyən olunmuş qaydaları pozurlar.
Rusiyada da polislər etirazlar zamanı nümayişçilərə qarşı sərt tədbirlər görürlər./Oxu.az/
www.yenicag.az