“Dünyada kövrək yerlər var. Bəzi dövlətlərin digərlərinə torpaq iddiaları olduğunu bilirik. Bu məsələ daha da kəskinləşəcək”.
Bunu Rusiya-Ukrayna müharibəsi fonunda Yaponiyanın Kuril adaları iddiası, Rusiyanın həmin adalarla bağlı qərarı və dünyadakı həssas bölgələrdə müharibə ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın həssas bölgələrindəki müharibə ehtimalını artırıb:
“Rusiya Ukraynanı NATO-ya girmək ehtimalına görə ittiham edirdi və bunu əlində əsas götürərək Ukrayna ərazisinə daxil oldu. Orada çox ağır döyüşlər gedir. Bu konteksdə başqa dövlətlər arasında da münasibətlərin gərginləşməsinin şahidi olduq. Çin-Tayvan münasibətləri yenidən gündəmə gəldi. Çin suveren hüquqlarının bərpası ilə bağlı bəyanatlar verdi. Tayvana girmək məqsədilə Hərbi Hava Qüvvələrini və Quru Qoşunlarını hazır vəziyyətə gətirdi. Ehtimal yaranmışdı ki, Çin ordusu Tayvana girə bilər. Bununla əlaqədar beynəlxalq ictimaiyyətdə narahatlıq oldu. ABŞ və digər dövlətlər narahatlıqlarını bildirdilər. Ukraynaya görə ABŞ-Çin danışıqları başladı və məsələ bir qədər sakitləşdi.
Bunun ardınca ikinci bir məsələ qalxdı. Kuril adaları ilə bağlı Yaponiya iddialı çıxış etdi. Həmin adalar Rusiya tərəfindən ilhaq olunub. Kuril adaları ilə bağlı danışıqlar gedirdi. Pandemiya zamanı danışıqlar ləngimişdi. Rusiya bir müddət əvvəl Kuril adalarına Yaponiya vətəndaşlarının gəliş-gedişini sərbəst etmişdi. Yapon iş adamları orada fəaliyyət göstərirdilər. Kuril adalarında Yaponiya üçün vizasız rejim həyata keçirilirdi. Yaponiya Ukrayna ilə bağlı məsələdə ədalətli mövqe tutdu. Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə başladı, yenidən Kuril adaları ilə bağlı iddialar səsləndirdi. Rusiya isə bunun cavabında vizasız giriş-çıxışı ləğv etdi, Yaponiya vətəndaşlarının azad giriş-çıxışını qadağan etdi”.
Səxavət Məmməd
www.yenicag.az