“Qərbdən fərqli olaraq, Rusiyanın bu addımlarının onun özü üçün hər hansı müsbət nəticə verəcəyi gözlənilmir”.
Bu fikirləri Qərb koalisiyası ilə Rusiya arasında strateji qarşıdurmanın dərinləşməsinin mümkün nəticələrini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, dünyanın çox təhlükəli perspektivlə üz-üzə qalmasının məsuliyyəti ilk növbədə Rusiyanın üzərinə düşür:
“Baydenin Kiyevə məxfi səfəri və verdiyi bəyanat ABŞ ilə Rusiya arasında qarşıdurmanın yeni, daha təhlükəli mərhələyə keçdiyindən xəbər verir. Eyni zamanda, Ukrayna savaşında da vəziyyət sürətlə dəyişməkdədir.
ABŞ başda olmaqla, Qərb koalisiyası Ukraynanı indiyə qədər sadəcə, müdafiə silahları ilə təmin edirdilərsə, bu gün artıq dəstək strategiyası ciddi şəkildə yenilənib. Nəticədə Qərb ölkələri artıq ölkəyə hücum silahlarının da göndərilməsinə və maliyyə yardımını artırmağa başlayıblar.
Eyni zamanda, Rusiya da Qərbin bu addımlarının qarşılığında şantaj xarakterli cavab gedişlərinə əl atmaqdadır. Bu sırada Rusiyanın orta mənzilli strateji hücum silahlarına dair müqavilədən geri çəkilməsini xüsusi qeyd edə bilərik. Bu, çox təhlükəli perspektiv vəd edir. Çünki Rusiyanın bu addımına Qərbin mütləq adekvat cavabı olacaq.
Qeyd etmək lazımdır ki, Qərbdən fərqli olaraq, Rusiyanın bu addımlarının onun özü üçün hər hansı müsbət nəticə verəcəyi gözlənilmir. Sual yaranır, Rusiya strateji hücum silahları haqqında müqavilədən çıxırsa, həmin silahları kimə qarşı və necə tətbiq edəcək? Axı, Rusiyanın dörd bir tərəfi NATO üzvlərindən və ABŞ ilə yaxın münasibətləri olan ölkələrdən ibarətdir.
Bütün hallarda, dünya çox təhlükəli perspektivlə üz-üzədir və bunun da məsuliyyəti böyük dövlətlərin, ilk növbədə suveren Ukraynaya hərbi təcavüz edərək tarixi səhvə yol verən Rusiyanın üzərinə düşür”.
A.Zeynalov
www.yenicag.az