Dünyanın ən böyük narkobaronu öldürüldü: Tərəfdarları şəhərə belə od qoydular - VİDEO
Meksika ordusu və federal təhlükəsizlik qüvvələrinin bu gün səhər saatlarında həyata keçirdiyi tarixi əməliyyat nəticəsində “El Chapo”dan sonra dünyanın ən qüdrətli və qəddar narkobaronu hesab edilən Nemesio Oseqera Servantes (“El Mencho”) öldürülüb.
Yenicag.az xəbər verir ki, ABŞ hökumətinin başına 15 milyon dollar mükafat qoyduğu, “Jalisco” kartelinin yaradıcısı olan bu qanlı liderin Tapalpa bölgəsindəki sığınacağında məhv edilməsi ölkəni müharibə meydanına çevirib.
Xəbərin yayılmasından dərhal sonra kartelin silahlı dəstələri Xalisco, Mixoçan və Kolima ştatları daxil olmaqla, ölkənin ən azı 9 müxtəlif bölgəsində genişmiqyaslı qisas əməliyyatlarına başlayıblar. Xüsusilə turistlərin ən çox üz tutduğu Puerto Vallarta və Quadalaxara şəhərlərində vəziyyət kritik həddə çatıb: küçələrdə avtobuslar və yük maşınları yandırılaraq yollar tamamilə bloklanıb, şəhər mərkəzlərindən qatı qara dumanlar yüksəlir. Puerto Vallarta və Quadalaxara beynəlxalq hava limanlarında uçuşlar təhlükəsizlik səbəbindən dərhal dayandırılıb, sərnişinlərə terminal binalarından çıxmamaq barədə xəbərdarlıq edilib.
Meksika hökuməti hadisələrin nəzarətdən çıxmaması üçün bütün ölkə üzrə ən yüksək səviyyəli “Qırmızı Kod” rejimini işə salıb. Xalisco ştatınım rəhbəri Pablo Lemus ordunun şəhərlərə ağır texnika yeritdiyini və federal qüvvələrin kartel üzvləri ilə şiddətli küçə döyüşlərinə girdiyini təsdiqləyib.
Ekspertlər “El Mencho”nun ölümünün Meksika narkomafiyası tarixində ən böyük zərbələrdən biri olduğunu, lakin bu hadisənin kartel daxilində hakimiyyət uğrunda daha qanlı toqquşmalara yol açacağını proqnozlaşdırırlar.
Amir Aqiloğlu













