“İran mediasında Azərbaycanın Londondakı səfirliyinə basqınla əlaqədar şərhlərə hələ ki rast gəlinmir”.
Bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikal dini dəstə tərəfindən ötən gün edilmiş basqına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə əsasən, basqına görə məsuliyyəti üzərinə götürən “Mehdinin nökərləri” qrupunun İran rejiminə müxalif olduqlarına dair iddialar yanıldıcı xarakter daşıyır:
“Təbii ki, Azərbaycan səfirliyinə basqından sonra bu tərtibin hansı qüvvə, yaxud ölkənin əli ilə törədildiyinə dair müxtəlif versiyalar irəli sürülür. O baxımdan, “Mehdinin nökərləri” qrupunun qatı məzhəbçi mövqedə olmaları onların İranla bağlılığı ehtimalını ortaya gətirir.
Lakin bildiyiniz kimi, həmin qrupun məhz Londonda mənzillənməsinin əsas səbəbi olaraq “Mehdinin nökərləri”nin İranın hakim rejiminə qarşı müxalif mövqedə dayanmaları göstərilir. Ancaq bu ilk baxışda belədir. O baxımdan, “Mehdinin nökərləri”nin İran rejiminə müxalif olduqlarına dair iddialar doğru deyil.
Heç kimə sirr deyil ki, dünyanın müxtəlif ölkələrində qərarlaşan bu tip radikal məzhəbçi qruplar, əsasən, İrandan maliyyələşdirilir və yönləndirilir. Əgər basqınla bağlı bütün nüansların nəzərə alınacağı təhqiqat aparılarsa, bunu ortaya çıxarmaq mümkün olar.
Eyni zamanda, İran mediası və sosial şəbəkələrin İran seqmentində də bu hadisəyə çox ötəri yanaşılır, onlarda Azərbaycanın Londondakı səfirliyinə basqınla əlaqədar şərhlərə hələ ki rast gəlinmir”.
A.Zeynalov
www.yenicag.az