“Telegram”ın qurucusu və milyarder iş adamı Pavel Durov Parisdə gözlənilmədən həbs edildikdən sonra özü ilə gətirdiyi 24 yaşlı rusiyalı Yuliya Vavilova müəmmalı şəkildə yoxa çıxıb. Bu hadisə texnologiya dünyasında və beynəlxalq mediada böyük əks-səda doğurub.
Yenicag.az xəbər verir ki, Vavilovanın ailəsi qızı ilə telefonla əlaqə saxlaya bilmədiklərindən və onun harada olduğunu bilmədiklərindən narahat olduqlarını bildirirlər.
Yuliyanın anası Rusiya mətbuatına verdiyi açıqlamada “Mətbuatdan Durovun həbs olunduğunu öyrəndik. O vaxtdan bəri Yuliyanın telefonu cavab vermir” deməsi ailənin yaşadığı narahatlığı ortaya çıxarıb.
Hadisədən əvvəl çəkilmiş kadrlarda Durov və Vavilovanın Azərbaycanın paytaxtı Bakıda atıcılıq poliqonunda səhər yeməyi yeyərək vaxt keçirdikləri görünür. Onların Qazaxıstanda birlikdə maşın sürməsinin videosu da var. Bu görüntülər ikilinin yaxın münasibətini və səyahət rutinlərini ortaya qoyur.
Fransa prokurorları Durovun həbsinin “Telegram” tətbiqi ilə bağlı daha geniş araşdırmanın bir hissəsi olduğunu açıqlayıblar. İstintaq platformada qeyri-adekvat moderasiya, narkotik satışı, uşaq istismarı məzmunu və fırıldaqçılıq kimi ciddi ittihamlara diqqət yetirir. Bu vəziyyət məşhur mesajlaşma tətbiqinin üzləşdiyi hüquqi problemləri ortaya qoyur.
Nəsimi Ələsgərli
www.yenicag.az