Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
Yenicag.az xəbər verir ki, hadisə verilişdə ekspert qismində iştirak edən fəlsəfə doktoru Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək canlı efirdə Şəfiqə Nağıyevanın üstünə su atıb.
Məsələ ilə bağlı danışan Anar Vəziroğlu hadisənin təfərrüatlarını Yenisabah.az-a açıqlayıb:
“O xanım “Təsir dairəsi” verilişinə ekspert kimi təzə gəlib, üçüncü verilişdir ki, oradadır. Üç verilişdir ki, hər dəfə mən nə deyirəmsə, əksini deyir. Biz orada ekspert kimi oturmuşuq, hərənin öz fikri var, inqubator cücəsi kimi hamı eyni sözü deyə bilməz. Mən bu məsələdən əvvəl də bir-iki dəfə Şəfiqə Nağıyevaya bildirmişdim ki, mənim sözümdən yapışıb söz xətrinə söz danışmayın. Deyirsiniz ki, hüquqşünasam, siz öz fikrinizi deyin, mən də sizə qarışmıram. Onda cavab vermişdi ki, mənim sizinlə işim yoxdur, sizinlə fəxr edirəm filan. Amma sonradan yenə eyni şeyi etməyə davam etdi. Bundan əvvəl o həm Elgizin verilişindən, həm də “Muz” TV-dən qovulub. Mən də dedim ki, sən ərdə oturmayan arvadlar kimi o veriliş, bu veriliş gəzirsən. Bu sözdən sonra başladı…”
Şairin sözlərinə görə, canlı yayımdan öncə vəkil Şəfiqə Nağıyeva kulisdə onu durmadan təhqir edib:
“Canlı yayımda tamaşaçılara göstərilən hissədən əvvəl həmin xanım məni təhqir etməyə, oğlumu, qızımı söyməyə başladı. Çox ədəbsiz sözlər danışırdı, nə qədər dedim ki, sakit ol. Hətta əlimdən də tutdu ki, nə isə etsin, amma edə bilmədi və yaxın məsafədən yanındakı su bokalını götürüb üstümə tulladı. Kostyumum tamamilə su oldu, mühafizəçilər gəlib məni çölə apardılar, özümə gələ bilmədim. Sonra içəri keçdim, oturdum və gördüm ki, bu adam mənim arxamca daha kəskin sözlər danışır. Tənəffüsdən sonra canlı efirə qayıtdım, Lalə xanımdan da icazə aldım, sözümü dedim. Bir hədd var, insanı o həddə çatdıranda artıq nə etdiyini bilmir. Amma mən nə etdiyimi bilirdim. Mən ondan əksik yaxud savadsız adam deyiləm ki, başlasın küçə qarğışları ilə danışmağa. Mən dedim ki, xanımsan, istəmirdim səninlə başqa cür danışam, adekvat cavab istəyirsənsə, al, bu da sənin suyun. Hadisə zamanı verilişin bitməsinə 4-5 dəqiqə qalmışdı, daha sonra da məni uzaqlaşdırdılar, vəssalam. Mən birdən-birə kiməsə qarşı bu cür hərəkət etmərəm. Amma nəzərə almaq lazımdır ki, hər kəsin öz fikri var, mənim sözümdən tutub, danışmaq xətrinə danışmaq lazım deyildi. Başqa bir ekspertin nə desəm əleyhimə çıxıb, “Anar müəllim düz demir, həyasızdır” deməyə ixtiyarı yoxdur. Vəkil xanım ağzına gələni danışırdı”.
www.yenicag.az