“Egey yunan gölü olmayıb, heç vaxt da olmayacaq” – Sinan Burhan Türkiyə - Yunanıstan krizini şərh edir

media-hightechnic-468x90

Egey dənizində bir müddət davam edən rahat siyasi və diplomatik hava yenidən gərginliklə əvəz olunur.

Yenicag.az xəbər verir ki, 2023-cü ildən bəri Ankara ilə Afina arasında “sakin sular” analoji dialoq və normallaşma prosesi yürüdülürdü, lakin bu həssas tarazlıq son aylarda yeni imtahanlardan keçib.

Son vaxtlar Egey üzərindəki barışçıl vəziyyət hava, dəniz və quruda artan hərbi fəaliyyətlə birlikdə dəyişməyə başlayıb. Uzun müddət durğunluq müşahidə olunan bölgədə bu yaz “sakin suların” çalxalandığı görünür.

2025-ci ilin sonlarına doğru Egey səmasında gərginlik artıb və Türkiyə Müdafiə Nazirliyi aviasiyanın beynəlxalq hava məkanında uçuşlarını davam etdirdiyini təsdiqləyib, eyni zamanda, məsələlərin dialoqla həll edilməsinin vacibliyini vurğulayıb.

Yunanıstanın silahlanma planları gərginliyi daha da artırıb. Belə ki, Afina tərəfindən İsraildən alınan PULS və digər hərbi sistemlərin Egey adalarına yerləşdirilməsi planları beynəlxalq müqavilələr  o cümlədən Lozanna müqaviləsi çərçivəsində “demilitarizə olunan” adalarla bağlı tarazlıq  baxımından diqqətə alınıb. Ankara bu addımları bölgədə mövcud statusu pozmaq cəhdi kimi qiymətləndirib.

2025-ci ilin son aylarında Qüdsdə keçirilən Yunanıstan–İsrail–Cənubi Kipr zirvəsi də gərginliyi bir qədər artırıb. Bu görüşdən sonra Afina və Tel-Əviv arasında hərbi əməkdaşlıq əlaqələri dərinləşdirilib, ortaq təlim və planlaşdırmalar gündəmə gəlib. Yunan və İsrail mətbuatında təxminən 2500 nəfərlik birgə hərbi gücün yaradılması ideyası da yer alıb ki, bu fikir Ankara tərəfindən “Türkiyəyə qarşı strategiya” kimi şərh olunub.

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələri beynəlxalq hüquq çərçivəsində Egey və Aralıq dənizində fəaliyyətini davam etdirir. Rəsmi mənbələr vurğulayıb ki, Ankara bölgədə sabitliyin qorunmasının tərəfdarıdır, lakin öz hüquq və maraqlarından da geri çəkilməyəcək.

Xarici İşlər Nazirliyi isə açıqlamasında Yunanıstanın Egey adalarında hərbiləşmə addımlarının bölgədəki mövcud razılaşmalara zidd olduğunu bildirib. Nazirlik qeyd edib ki, bu cür addımlar gərginliyi artırır və dialoqa zərər verir.

Yunanıstan tərəfi isə iddiaları rədd edib. Afina hökumətinin rəsmiləri bildiriblər ki, ölkə öz təhlükəsizliyini təmin etmək üçün müdafiə xarakterli tədbirlər görür. Yunanıstan Xarici İşlər Nazirliyi Egey dənizində atılan addımların təhdid məqsədi daşımadığını açıqlayıb.

Yunanıstanın Müdafiə Nazirliyi də bölgədə keçirilən hərbi fəaliyyətlərin planlı və müttəfiqlərlə koordinasiyalı olduğunu bildirib. Rəsmi Afina Türkiyəni gərginliyi artıracaq ritorikadan çəkinməyə çağırıb.

Bölgədəki vəziyyətlə bağlı Avropa İttifaqı rəsmiləri də tərəfləri təmkinli davranmağa və dialoqu davam etdirməyə çağırıblar. Aİ nümayəndələri Egey dənizinin qarşıdurma yox, əməkdaşlıq bölgəsi olmasının vacibliyini vurğulayıblar.

Hazırda tərəflər arasında diplomatik kanallar açıq qalsa da, son hərbi və siyasi açıqlamalar “sakin sular” dövrünün yenidən risk altına düşdüyünü göstərir. Müşahidəçilər hesab edirlər ki, yaxın günlərdə atılacaq addımlar Egey dənizindəki gərginliyin artıb-artmayacağını müəyyən edəcək.

media-icisleri-bakan-yardimcisi-aktas-uyusturucu-ile-mucadelede-medyanin-rolu-panelinde-konustu_04d189d-jpg

Türkiyəli tanınmış jurnalist Sinan Burhan Egey dənizində artan gərginliyi şərh edərkən Yunanıstanın son addımlarını təxribatçı və ikili standartlara əsaslanan siyasət kimi qiymətləndirib.

Burhanın sözlərinə görə, Afina “sakitlik” ritorikasından danışsa da, əməldə Egey dənizini silahlandırma və hərbiləşdirmə meydanına çevirməkdədir:

“Yunanıstan illərdir ‘təhdid altındayıq’ deyə-deyə, Lozanna və Paris razılaşmaları ilə silahsız statusda olan adaları ağır silahlarla doldurur. Bu, nə müdafiədir, nə də beynəlxalq hüquq. Bu, açıq təxribatdır,” – deyə jurnalist bildirib.

Sinan Burhan vurğulayıb ki, Türkiyə Egeydə heç vaxt gərginliyin tərəfi olmayıb, lakin öz hüquqlarının tapdanmasına da susmayıb:

“Ankara hər dəfə dialoq çağırışı edir, Afina isə bu çağırışları NATO və Aİ arxasına sığınıb pozur. Yunanıstan gücünü özündən yox, arxasındakı aktorlardan alır,” – deyə o qeyd edib.

Jurnalist hesab edir ki, Yunanıstanın İsrail və Cənubi Kiprlə hərbi yaxınlaşması Egeydə balansı pozur və bu strategiya Türkiyəni əhatələmə cəhdi kimi oxunmalıdır:

“Bu, klassik blok siyasətidir. Amma unudulan bir şey var: Türkiyə masa başında da, sahədə də zəif deyil. Egey yunan gölü deyil və heç vaxt da olmayacaq”, –  Burhan deyib.

Sinan Burhan sonda qeyd edib ki, Türkiyənin mövqeyi həm hüquqi, həm də strateji baxımdan daha güclü və legitimdir:

“Yunanıstan gərginliyi idarə edə bilmir, çünki iddiaları hüquqa yox, qorxu siyasətinə əsaslanır. Türkiyə isə sakit, amma qətiyyətlidir. Egeydə tarazlığı pozan Afina oldu, məsuliyyəti də daşımalı olacaq,” – deyə jurnalist vurğulayıb.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa