Əhali ərzağa, içkiyə və tütün məmulatlarına 10 milyard xərcləyib

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub.

Yenicag.az-ın məlumatına götə, ticarət dövriyyəsinin 10,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,2 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 16,3 faizi ticarət müəssisələri, 50,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 34,4 faiz artıb, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,6 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları alıb./Trend/

COP29