Azərbaycanın artan logistik ÖNƏMİ: "Fransa kimi dövlətlər belə Bakı ilə hesablaşmağa məcbur olur"
“Reallığı obyektiv şəkildə dəyərləndirən dövlətlər Azərbaycanın mövqeyini olduğu kimi qəbul edirlər”.
Yenicag.az xəbər verir ki, bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O, ABŞ-nin Azərbaycanı əhəmiyyətli tərəfdaş kimi görməsi və Donald Trampın 907-ci düzəlişin ləğvi gündəliyi ilə bağlı fikirlərini səsləndirib:
“İkinci Qarabağ Müharibəsi, xüsusilə də Azərbaycanın bəzi böyük güclərin regiondakı planlarını pozmasından və prezident İlham Əliyevin ifadə etdiyi kimi, “böyük daşları tərpətməsindən” sonra ölkəmiz beynəlxalq diqqət mərkəzinə düşüb. Üstəlik, bu diqqət yalnız mənfi yanaşmalardan ibarət deyil. Reallığı obyektiv şəkildə dəyərləndirən dövlətlər Azərbaycanın mövqeyini olduğu kimi qəbul edirlər. Bu yanaşmanı nümayiş etdirənlərdən biri də ABŞ-nin hazırkı rəhbərliyidir. Onlar artıq Azərbaycanın əhəmiyyətini anlayır və bu potensialdan qarşılıqlı fayda əsasında istifadə etməyə çalışırlar.
Orta Dəhlizin Azərbaycansız reallaşdırılması faktiki olaraq qeyri-mümkündür. Bu üstünlük yalnız coğrafi deyil, eyni zamanda, iqtisadi, siyasi və strateji məzmun daşıyır. Şimalda Rusiya, cənubda isə İranın yerləşdiyi bir şəraitdə Orta Dəhlizi Azərbaycansız reallaşdırmaq mümkün deyil.
Bu reallıq artıq Fransa kimi Azərbaycana qarşı qərəzli mövqe tutmuş dövlətləri belə Azərbaycanla hesablaşmağa məcbur edir. Afrikadan sıxışdırılıb çıxarılan Fransa üçün Mərkəzi Asiyanın, xüsusilə uran ehtiyatlarının əhəmiyyəti həyati xarakter daşıyır. Bu resursların daşınması üçün isə Orta Dəhliz ən optimal və faktiki olaraq yeganə real marşrutdur”.
Nəsimi Ələsgərli












